• Bakı 25° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.0311

Şuşa ilə bağlı ən möhtəşəm filmi qəhrəman Azərbaycan əsgəri yaradıb - İqbal Alısoy

MÜSAHİBƏ

18 Iyun 2022 | 12:20

Şuşa ilə bağlı ən möhtəşəm filmi qəhrəman Azərbaycan əsgəri yaradıb - İqbal Alısoy

Şuşaya həsr olunan “Bu qala bizim qala” sənədli filmi dünən sosial media platformalarında (xəbər portallarında və “youtube” kanalında) nümayiş olunub. Ekran əsərində Şuşa şəhərinin mədəni-tarixi irsi haqqında məlumat verilir. Filmdə 30 illik Qarabağ həsrətinə son qoyan və Şuşa əməliyyatını həyata keçirən cəsur döyüşçülərin birindən alınan müsahibə, əməliyyat zamanı çəkilmiş kadrlar yer alıb.  

Film haqqında ətraflı məlumat əldə etmək üçün filmin ideya müəllifi, Bakıvaxtı.az xəbər portalının təsisçisi İqbal Alısoya müraciət etdik. 

- İqbal müəllim, “Bu qala bizim qala” sənədli filmi necə ərsəyə gəldi? Filmin ideyası necə yarandı? 

- Ötən ilin dekabrın 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bir qrup yerli jurnalistin işğaldan azad edilən Şuşa şəhərinə növbəti səfəri təşkil edildi. Səfərdə mən də iştirak edirdim. Media rəhbərlərini daşıyan avtobus “Zəfər yolu” lövhəsini keçəndən sonra təsirlənməmək mümkün deyildi. Çünki bu yol şəhidlərimizin qanı ilə yazdığı şanlı tariximizin şahididir. Biz şəhidlərimizin və qazilərimizin sayəsində qürur hissi ilə bu yolla Şuşaya getdik. 

Azərbaycanın əzəli torpaqları olan Qarabağa səfərlə tarixi bir anı yaşamış oldum. 

Bu səfərlə bağlı təəssüratlarımı “Şuşaya aparan Zəfər yolu” başlıqlı köşəmdə qeyd etmişəm. Amma bunun kifayət etmədiyini düşünürdüm. 

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2022-ci il “Şuşa İli” elan edildi. Bu addım məni ilhamlandırdı və yeni bir ideyanın yaranmasına şərait yaratdı. Ali Baş Komandan da “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Biz də yazı yazmaqla işimizi bitmiş hesab etmədik. Beləliklə, Azərbaycanın bu şanlı tarixinə töhfə vermək və Şuşa haqqında filmin ərsəyə gəlməsi üçün ilk addım atılmış oldu. 

- Filmdə hansı mesajlar verilib? 

- Bu il 270 illiyi qeyd olunan Şuşa hər birimiz üçün müqəddəs və əziz məkandır. Strateji mövqeyi ilə seçilən Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi və qalibiyyətin Ermənistanın kapitulyasiyasına yol açması tariximizə Zəfər Günü kimi həkk olundu. Bu qələbə ilə həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olduq. Şuşa zəfərindən dərhal sonra tarix və mədəniyyət abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsi bərpa olundu. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi bu şanlı qələbəyə töhfə vermək üçün sözügedən film ərsəyə gəldi. Ümid edirik ki, tarixi qələbənin daim yaddaşlarda canlı saxlanması üçün “Bu qala bizim qala” sənədli filmi öz töhfəsini verəcək. Filimdə Şuşanın tarixi-mədəni irsinə və təbiəti haqqında məlumat verilir. Həmçinin, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə filmdə təqdim olunub. Bu məqamları da Şuşa əməliyyatını həyata keçirən cəsur döyüşçülərimizin biri deyir. 

- 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad olunması xəbərini həyəcanla gözləyirdik. Bu zəfərin əhəmiyyəti və Azərbaycanın bu savaşda haqq işinə tərəfdar olan Türkiyənin rolunu necə dəyərləndirirsiniz? 

-Vətən müharibəsi xalqımızın milli mübarizə ruhunu-sarsılmaz həmrəyliyini, dövlətimizin gücünü-qüdrətini əks etdirir, eləcə də böyük tarixi və siyasi məzmuna malikdir. Belə ki, müharibə başladığı gündən etibarən Türkiyə dövləti və ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi dalana salınmış Qarabağ məsələsinin ədalətli həllinə dəstək oldu. Qardaş ölkənin mətbuatı da həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. 

Mənim qardaş ölkəyə münasibətim, sevgim bir qədər çoxdur. Bir müddət Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində yaşamışam. Jurnalist kimi də fəaliyyətim olub. O zaman “Ədalət” qəzetini Türkiyədə və  Şimali Kipr Türk Cümhuriyyətində təmsil edirdim. Həmin dövrdə Şimali Kipr Türk Cümhuriyyətinin Qurucu Cümhurbaşkanı Rauf Denktaşla, o dövrün Baş naziri Dərviş Eroğlu ilə, həmçinin xarici işlər naziri Sərdar Denktaşla və digər tanınmış dövlət adamları ilə müsahibələrim “Ədalət” qəzetində dərc olunub. 

Yəni, uzun illər Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi, bu istiqamətdə istər media, istər ictimai-siyasi, istər biznes müstəvilərində əlimizdən gələni etmişik. 

Haqq savaşımızda olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də Türkiyə ilə birlikdə bərpa və quruculuq işlər aparılır. “Böyük Qayıdış” üçün hazırlıqlar görülür. Hesab edirəm ki, bundan sonra da dostuğumuz, qardaşlığımız davam edəcək. Və biz bu müttəfiqliklə həm regionun, həm də dünyada mühüm söz sahiblərindən birinə çevriləcəyik. 

- Bu günlərdə Türkiyə ilə Azərbaycan müttəfiqliyini rəsmiləşdirən Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötdü. Bu barədə nə deyə bilərsiniz? 

- Bundan yalnız qürur duymaq olar. “Zəfər yolu” ilə işğaldan azad edilmiş ərazilərimizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə strateji səviyyədə inkişaf edən münasibətlər taclandırıldı. Əslində, bu bəyannamə qardaşlığımızın rəsmiləşməsi üçün mühüm bir sənəddir. Biz bununla dosta da, düşmənə də, bütün dünyaya da bir olduğumuzu bəyan etmiş olduq. 

“Bu qala bizim” qala filminin də elə Şuşa Bəyannaməsinin bir illiyi ərəfəsində təqdim olunması da bizdən bir töhfədir. 

- Filmin yaradıcı heyəti haqqında məlumat verməyinizi istərdik. 

-Filmin ərsəyə gəlməsində Bakıvaxtı.az xəbər portalının əməkdaşlarının əməyi, zəhməti var. Amma filmin yaradıcı heyətində bizimlə kənardan əməkdaşlıq edən dostlarımızın da əməyini xüsusi qeyd etməliyəm. Ssenari müəllifi Seymur Şahbazov, rejissor Emil Babayevlə ilk söhbətimdə, düşüncələrimi, niyyətimi bildirəndə, ideyanın nədən ibarət olduğunu deyən andan bir komanda ola bildik. Filmdə bütün düşüncələrimi əxz edə bildilər. 

Digər komanda üzvlərimizin də zəhməti böyük oldu. Bir neçə ayı, zamanı, enrjimizi bu filmdə sərf etməyə dəyərdi. Çünki film bizim tarixi torpağımıza və müzəffər Ordumuza həsr olunur. Filmin qəhrəmanları bizim şəhidlərimiz və qazilərimizdir. Ən möhtəşəm Şuşa filmini qərhəman Azərbaycan əsgəri yaradıb. Onların fədakarlığının yanında bizim zəhmətimizin söhbəti belə edilməz. 

Biz torpaqlarımız uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərə can sağlığı arzulayırıq. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qan yaddaşında daim yaşayacaq.

Ramid İbrahimov


SON XƏBƏRLƏR