ABŞ prezidenti Donald Tramp bir tərəfdən İranla razılaşmaya gedir, digər tərəfdən təhdidlərindən də əl çəkmir. Tramp nüvə materialını alacaqlarını, daha sonra məhv edəcəklərini vurğulayıb.
Donald Tramp vurğulayıb ki, İran nüvə istehsalını bərpa edərsə, inanılmaz nəticələrlə üzləşəcək:
“Nəticələrinin nə olacağını sizə deməyəcəyəm, amma ən ağır aqibətlə üzləşəcəklər. Tehrana nüvə silahı hazırlamağa, almağa və ya başqa şəkildə əldə etməyə icazə verilməyəcək. Bu, ABŞ və İran arasında hazırlanmış anlaşma memorandumunun əsasını təşkil edir. Onlar nüvə silahları hazırlamayacaqlar, onları almayacaqlar, əldə etməyəcəklər və ya onlarla başqa bir şey etməyəcəklər. Əgər bunu etsələr, cəhənnəm onların üzərinə gələcək”.
Trampın hədələri, təhdidləri qarşısında İranla razılaşmanın ömrü uzun olacaqmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Donald Trampın böyük dəbdəbə və təntənə ilə anons etdiyi İran-ABŞ razılaşması əslində siyasi-texnoloji gedişdir:
“Mahiyyət etibarilə bu sənəd daha çox ABŞ-nin və hazırkı administrasiyanın maraqlarına xidmət edən bir modeldir. Əsas mahiyyəti ondan ibarətdir ki, iki ay müddətinə atəşkəs elan olunur və bu atəşkəs bütün cəbhələri, o cümlədən Livan və HƏMAS istiqamətlərini də əhatə edir. Bu müddət ərzində tərəflər sülh müqaviləsi ilə bağlı araşdırmalar, müzakirələr, təhlillər və razılaşmalar aparmalıdırlar”.
Politoloqun fikrincə, Tramp burada uzaqgörən bir gediş edir:
“Çünki onun dərin niyyəti İranla barışmaq deyil, əksinə, İranı diz çökdürməkdir. Nəzərə alsaq ki, hazırda ABŞ-də futbol üzrə dünya çempionatı keçirilir, yaxın zamanda ölkənin 250 illiyi qeyd olunacaq və digər mühüm tədbirlər var, Trampa müəyyən mənada “time-out” lazım idi. Məqsəd müharibə atmosferini bir qədər soyutmaq, insanların rahat nəfəs almasına şərait yaratmaq və eyni zamanda İranın ayıq-sayıqlığını zəiflətməkdir. Yəni İranı inandırmağa çalışırlar ki, artıq müharibə olmayacaq və narahat olmağa əsas yoxdur”.
Müsahibimiz qeyd edib ki, ABŞ ilə İsrail arasında guya soyuqluğun yaranmasına gəlincə, bu da müşahidə etdiyimiz siyasi konstruksiyanın tərkib hissəsidir:
“İsrailin dərin dövləti yaxşı anlayır ki, Donald Tramp heç vaxt ABŞ-dəki yəhudi lobisinin və İsrail maraqlarının əleyhinə çıxmayacaq. Digər tərəfdən, hər iki dövlətin əsas məqsədi İranı təslim etməkdir. Nüvə məsələsinə gəlincə, burada neft amili daha çox diqqəti yayındıran element rolunu oynayır. Çünki Donald Trampı ən çox maraqlandıran məsələ İranda olan 400 kiloqram zənginləşdirilmiş urandır. ABŞ bildirir ki, guya həmin ehtiyatları məhv etməyə hazırdır. Məncə, məsələ bununla bitmir. ABŞ məhz həmin uranın arxasınca gedir. Çünki ölkənin enerji generasiyası proqramında nüvə stansiyalarına olan ehtiyac getdikcə daha kritik xarakter alır”.
Tofiq Abbasov: İki aylıq müddət başa çatdıqdan sonra münaqişə yeni mərhələyə keçəcək
Abbasovun sözlərinə görə, Tramp çalışır ki, İranın uran ehtiyatlarını ələ keçirsin, digər tərəfdən isə İranı təslim etdikdən sonra ölkənin nüvə sənayesini öz nəzarəti altında istismar etsin və bununla da ABŞ-nin enerji ehtiyaclarının bir hissəsini qarşılaya bilsin:
“Bir nümunə gətirim: 1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağıldıqdan sonra ABŞ Rusiyadakı zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsini satın aldı. Eyni zamanda Ukraynada mövcud olan nüvə materiallarının da əhəmiyyətli hissəsi ABŞ-yə aparıldı. Bu, ABŞ-nin uzunmüddətli siyasətidir və nəticədə ölkə uzun illər ərzində nüvə sənayesinin inkişafı üçün əlverişli şərait əldə etdi. Ona görə də İran məsələsində neft ABŞ üçün vacib amil olsa da, nüvə məsələsi daha strateji əhəmiyyət daşıyır”.
Həmsöhbətimiz əlavə edib ki, iki aylıq müddət başa çatdıqdan sonra münaqişə yeni mərhələyə keçəcək:
“Bununla belə, nə ABŞ-nin, nə də İsrailin İranı tam şəkildə diz çökdürə biləcəyinə inanıram. Çünki tərəflər artıq bir-birini daha yaxşı tanıyırlar və İran öz müdafiə sistemlərini ciddi şəkildə gücləndirib. Eyni zamanda Hörmüz boğazı və Bab əl-Məndəb keçidi kimi strateji məntəqələrdə vəziyyət dəyişərsə, bu, ABŞ və qlobal iqtisadiyyat üçün ciddi problemlər yarada bilər”.
Tofiq Abbasov onu da qeyd edib ki, bu prosesdə çoxsaylı intriqalar mövcuddur və onların hər biri həyati əhəmiyyət daşıyır:
“Hazırda əsas sual tərəflərin növbəti addımlarının necə olacağıdır. Digər tərəfdən, İran da açıq şəkildə göstərir ki, əsas müttəfiqləri olan Rusiya və Çinlə məsləhətləşmələr aparır, addımlarını koordinasiya edir və mühüm məlumat mübadiləsi həyata keçirir. Buna görə də hesab edirəm ki, müharibə hələ pik kulminasiya nöqtəsinə çatmayıb və yaxın gələcəkdə daha gərgin hadisələrin şahidi ola bilərik”.
Aynur Babazadə
Bakı 



