• Bakı 25° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

DÜNYA

17 Iyun 2026 | 16:00

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

İyunun 19-da İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında anlaşma memorandumunun rəsmi imzalanma mərasiminin keçirilməsi planlaşdırılır. Sənədin tam mətninin də həmin gün ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanacağı gözlənilir.

Bu memorandum ABŞ-İran münasibətinin yenidən qurulmasına səbəb ola bilərmi? Ümumiyyətlə, nəzərdə tutulan razılaşma geosiyasi aləm üçün nələr vəd edə bilər?

Politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, bir neçə gün sonra İsveçrədə imzalanması planlaşdırılan ABŞ-İran memorandumu sıradan bir diplomatik sənəd olaraq görmək doğru olmazdı:

"Bu sənəd bu il baş vermiş ABŞ-İran qarşıdurmasından sonra atəşkəsin rəsmiləşdirilməsi, Hörmüz boğazının yenidən açılması və İranın nüvə proqramı ilə bağlı yeni danışıqların başlanması üçün çərçivə sazişi olaraq təqdim edilir. Lakin vacib məqam budur ki, memorandumun tam şəkildə mətni hələ ictimaiyyətə açıqlanmayıb və bəzi detallar məxfi saxlanılır. Məlum olan müddəalar arasında ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması, İranın nüvə silahı əldə etməyəcəyinə dair öhdəliyin yenidən rəsmiləşdirilməsi, Hörmüz boğazının açılması və İranın uranın zənginləşdirilməsini dayandırması üçün texniki danışıqların başlanması, ABŞ sanksiyalarının mərhələli şəkildə yumşaldılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə etməsi və danışıqlar prosesinin davam etdirilməsi yer alır".

Şahbazi qeyd edib ki, razılaşmanın məlum olmayan tərəfləri də var və bu barədə Trampın açıqlamaları imza günü olacaq.

Müsahibimiz hesab edir ki, bu saziş ABŞ-İran münasibətlərini kifayət qədər dəyişə bilər:

“Amma bunun üçün həm hüquqi, həm də siyasi baxımdan zəmanət mütləq lazımdır və onun mexanizmi haqda hələlik məlumat verilmir. Əgər memorandum uğurla icra olunarsa, bu, 1979-cu ildən bu yana iki ölkə arasında ən böyük diplomatik dönüş nöqtəsi olacaq”.

Bununla belə politoloqun fikrincə, lakin sazişin sülh müqaviləsinə çevrilməsi çətin görünür. Dediyinə görə, bu baxımdan memorandumu daha çox yol xəritəsi olaraq dəyərləndirmək olar.

Çingiz Şahbazi: Hörmüz boğazının açılması dünya enerji bazarında qiymətlərin sabitliyinə səbəb olacaq

“Çünki əsas çətinliklər qabaqdadır. Nüvə proqramı, regional proksi qüvvələr, İsrailin narahatlıqları və sanksiyaların tam ləğvi məsələləri həll olunmasa, sülh müqaviləsindən danışmaq çətin görünür. Lakin imzalanacaq sənədin xüsusilə də Yaxın Şərqdə gərginliyi azalda biləcəyi ehtimalı yüksəkdir", - deyə müsahibimiz vurğulayıb.

Politoloqun fikrincə, Hörmüz boğazının açılması dünya enerji bazarında qiymətlərin sabitliyinə səbəb olacaq. Həmçinin digər amillərin aradan qaldırılması istiqamətində çox faydalı addımdır. İran üçün iqtisadi baxımdan bu memorandum nəfəslik olaraq çox mühümdür:

"Sanksiyaların yumşaldılması İran İqtisadiyyatına milyardlarla dollar vəsait gətirəcək. Dünya bazarına İranın qayıdışı, xüsusilə də enerji bazarına, həm Çin, həm Hindistan, həm də Avropa üçün əhəmiyyətli ola bilər. Tramp Administrasiyası bu razılaşmanı hərbi qarşıdurmadan diplomatik nəticəyə keçid olaraq təqdim edir. Proseslər uğurlu alınarsa, Vaşinqton Yaxın Şərqdə resurslarının bir hissəsini digər istiqamətlərə yönəldə bilər. Bu baxımdan ABŞ və İran arasında gələcəkdə birbaşa dialoq baş tutarsa, bu daha böyük sazişlərin imzalanmasına yol aça bilər. Bu baxımdan imzalanacaq memorandum çərçivəyə uyğun olarsa, nəticəsi ABŞ-İran münasibətlərinin normallaşmasından daha çox Yaxın Şərqdə yeni təhlükəsizlik balansının formalaşması olacaq".

Çingiz Şahbazi əlavə edib ki, imzalanan memorandumdan sonrakı 60 günlük texniki danışıqlar prosesi əsl sınaq mərhələsi kimi görülür və bundan sonrakı mərhələdə danışıqlar prosesində konkret razılaşma əldə olunmasa, memorandum yalnız müvəqqəti siyasi fasilə olaraq dondurula bilər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026