Xəbər verdiyimiz kimi, ABŞ və Kanada vətəndaşlarına Belarusu tərk etməyi məsləhət görüb. Adətən Amerika başqa ölkələrdəki vətəndaşlarına həmin ölkədə təhlükə gözlənildiyi zaman müraciət edir. Belə olan halda, Belarusu da təhlükə gözləyir?
Bununla bağlı politoloq Fərhad Məmmədov Bakıvaxtı.az-a bildirib ki, Belarusu tərk etməklə bağlı belə çağırışlar tək ABŞ-dan yox, artıq bir neçə ölkədən gəlib:
“Bu, Rusiyanın Ukrayna cəbhəsində hücumu ilə bağlı olan məsələdir. Onlar təkrarən Belarus ərazisindən də yenidən hərbi qüvvələrini Ukrayna ərazisinə yeritməyi planlaşdırırlar. Belarus ərazisində artıq 40-50 minlik Rusiya qüvvəsi toplanıb. Belarusun burda öz silahlı qüvvələri ilə iştirak edib-etməyəcəyini proqnozlaşdırmaq çətindir. Keçən 1 il ərzində Lukaşenko müharibədə iştirak etməkdən boyun qaçırıb, amma öz ərazisini Rusiya üçün təqdim edib ki, onlar bu ərazi vasitəsilə Ukraynaya daxil olsunlar”.

Ekspert bildirib ki, artıq Ukrayna da 1 il öncəki dövlət deyil:
“Hazırda Ukraynanın əlində 100 kilometrlərlə uzaqlığa vuran silahlar var. Ona görə də ehtimal etmək olar ki, Ukrayna Belarus ərazisini də vuracaq. Çox güman ki, ABŞ-ın da çağırışı məhz bununla bağlıdır və eyni zamanda Belarusa da bir mesajdır ki, müharibə onun ərazisinə də zərbələr formasında keçə bilər”.
Nuranə Daxilqızı















