• Bakı 17° C

    3.93 m/s

Uşaqlar arasında yayılmış infeksiya neçə gün davam edir?

CƏMİYYƏT

19 Yanvar 2022 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlar arasında yayılmış infeksiya neçə gün davam edir?

Son zamanlar uşaqlar arasında ən çox yayılan infeksiyalardan biri də infiluenza-donuz qripidir. Nədir bu virusun əlamətləri? Müalicəsi üçün nələr effektivdir?

Pediatr Günay Rəsulova Bakıvaxtı.az-a bildirib ki, adətən, dekabr ayının əvvəllərindən artmağa başlayan, yanvar, fevralda pik həddə çatan, aprel və marta doğru azalan bu infeksiya hər mövsümdə uşaqlarda çox görünməkdədir. Onun sözlərinə görə, amma bu mövsümdə iki karantin fasiləsindən sonra daha da aqressivləşən virus uşaqlarda çox ağır klinik ələmətlərlə (yüksək qızdırma, boğaz ağrısı, 20 gün, hətta bir aya qədər davam edən bezdirici öskürəklərlə) keçir. G.Rəsulova deyib ki, əsasən, bağça və məktəbə gedən uşaqlar arasında bu infeksiyaya yoluxma sayı daha çoxdur.

Pediatr bildirib ki, uşaqlara mütləq şəxsi gigiyena qaydalarını öyrətmək lazımdır: “Onlara tez-tez əllərini yumağı, bağça və məktəbdə uşaqlarla yaxın təmas etməməli olduğunu, qapalı məkanlarda tibbi maskadan istifadə etməyi öyrədin. Bundan başqa, uşağınızın ev şəraitində qrip olduğunu görürsünüzsə, birinci növbədə, uşağa çoxlu maye içirməyə çalışın. İkinci növbədə, uşağın temperaturuna nəzarət edin. Əgər uşağın qızdırması 38 yarımdam yuxarıdırsa, ilk növbədə parasetamol tərkibli dərman preparatlarından, əgər bu fayda verməzsə, nurafen tərkibli dərmanlardan istifadə edə bilərsiniz”.

Müsahibimiz vurğulayıb ki, uşağın burun tənəffüsünün açıq olmasına xüsusi diqqət etmək lazımdı: “Çünki burnu tıxanan uşaqda asanlıqla öskürək başlayır. Bu səbəbdən uşağın burnunu tez-tez dəniz suyu damlaları, zəif duzlu su məhlulları ilə yuyun. Boğaz ağrıyırsa, boğaz qarqaraları və boğaz spreylərindən istifadə edə bilərsiniz. Qrip zamanı öskürəkdə ən faydalı olan vasitə sudur. Uşağa bol maye vermək ən yaxşı bəlğəmgətirici və öskürək əleyhinə vasitədir”.

G.Rəsulovanın sözlərinə görə, təbii vasitələr haqqında danışdıqda balı unutmamaq lazımdır: “Bir yaşdan yuxarı öskürən uşaqlara bal əvəzedilməz bir vasitədir. Bundan başqa, infiluenza-donuz qripi keçirən uşaqları pediatr nəzarətində saxlayın. Virusun müalicəsi yoxdur, lakin virusun gedişatında ola biləcək ağırlaşmalardan heç kim sığortalanmayıb. Bu ağırlaşmalara məhz həkim nəzarət etməlidir ki, zamanında müdaxilə etsin”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026