Yasamal rayonunun Ümid Əkbərov küçəsində yaşayan sakinlər uzun müddətdir davam edən yol problemindən narazıdırlar.
Onların Bakıvaxtı.az-a bildirdiklərinə görə, küçənin giriş hissəsində – “Röyal Park” yaşayış kompleksinin qarşısındakı dairədən Ümid Əkbərov küçəsinə daxil olmaq son dərəcə çətinləşib.
Sakinlərin sözlərinə görə, yolun bir tərəfi iri tonajlı yük maşınları, avtobuslar və müxtəlif nəqliyyat vasitələri tərəfindən zəbt olunub. Həmin avtomobillərin sahibləri ərazidə yaşamamalarına baxmayaraq, nəqliyyat vasitələrini günlərlə burada saxlayırlar.
“Evimizə daxil olmaq üçün məcbur qalıb əks yola çıxırıq. Bəzən yolun dar hissəsində əks istiqamətdən avtomobil gələndə 15–20 dəqiqə gözləməli oluruq. Sürücülərə irad bildirdikdə isə aqressiv reaksiya verirlər, hətta hücum edəcək dərəcədə kobud davranırlar”, – deyə sakinlər bildiriblər.
Onlar qeyd edirlər ki, vəziyyətin həlli üçün aidiyyəti qurumları tədbir görməyə çağırırlar:
“Əgər zərurət varsa, küçədə ‘dayanma-durma qadağandır’ nişanı quraşdırılsın. Bu ərazinin iri tutumlu maşınlar üçün dayanacaq kimi istifadə olunması yolverilməzdir. Dövlət qurumları bu problemi görməməzlikdən gəlir. Mağazadan çörək almaq üçün 5 dəqiqə avtomobil saxlayan sakin dərhal cərimələnir, amma iri yük maşınları günlərlə burada qalır. Bəs onların ‘krışası’ kimdir?”
Sakinlər xəbərdarlıq edirlər ki, problem həll olunmasa, məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayacaqlar:
“Bu kimi məsələlərə yerli qurumlar reaksiya vermirsə, vətəndaş nə etməlidir? Artıq səbr tükənib. Əgər media vasitəsilə müraciətimiz nəticə verməsə, məktubla ölkə rəhbərliyinə müraciət edəcəyik. Əminik ki, Prezident problemi köklü şəkildə həll edəcək”.
Aydın Baxış
Bakı 







