q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Yaxın Şərqdə fasilə: İsrail-Livan atəşkəsi regiona nə vəd edir?

DÜNYA

24 Aprel 2026 | 13:13

Yaxın Şərqdə fasilə: İsrail-Livan atəşkəsi regiona nə vəd edir?

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmasının müddətinin daha üç həftə uzadıldığını açıqlayıb. Bu qərar tərəflər arasında bir neçə gün əvvəl əldə olunan 10 günlük atəşkəsin davamı kimi qiymətləndirilir.

Razılaşmaya əsasən, İsrail və Livan qüvvələri qarşıdurmadan çəkinməli və paralel olaraq Vaşinqtonda birbaşa danışıqları davam etdirməlidirlər. Məlumatlara görə, bu proses 30 ildən artıq fasilədən sonra tərəflər arasında ilk real diplomatik təmas kimi qeydə alınır və ABŞ bu görüşlərin əsas təşkilatçısı rolunda çıxış edir.

Bu addım ilk baxışda gərginliyin azaldılması kimi təqdim olunsa da, əslində daha mürəkkəb geosiyasi hesablamaların tərkib hissəsidir. ABŞ regionda eyni vaxtda bir neçə istiqamətdə prosesləri idarə etməyə çalışır və İsrail-Livan xəttində sabitliyin qorunması bu strategiyanın vacib elementidir. Xüsusilə Livan istiqamətində hərbi eskalasiyanın qarşısının alınması Vaşinqton üçün prioritetə çevrilib, çünki bu cəbhədə hər hansı genişlənmə avtomatik olaraq daha böyük regional münaqişəyə səbəb ola bilər.

Digər tərəfdən, bu atəşkəsin arxasında İran faktoru açıq şəkildə hiss olunur. Tehran uzun müddətdir ki, regionda hərbi gərginliyin artmasının əleyhinə olduğunu bildirir və Livan istiqamətində sakitliyin qorunmasını öz təhlükəsizlik maraqları ilə əlaqələndirir. Bu baxımdan atəşkəsin uzadılması ABŞ və İran arasında dolayı koordinasiyanın nəticəsi kimi də oxuna bilər. Yəni görünən tərəfdə İsrail və Livan olsa da, arxa planda daha böyük güclər arasında balans qurulmağa çalışılır.

Bütün bunlara baxmayaraq, mövcud vəziyyəti sabit və uzunmüddətli sülh kimi qiymətləndirmək düzgün olmaz. Hazırkı razılaşma daha çox vaxt qazandıran müvəqqəti mexanizmdir və tərəflər arasında fundamental ziddiyyətlər aradan qalxmayıb. Xüsusilə İsrail ilə Hizbullah arasında potensial qarşıdurma riski hələ də qalır və bu risk istənilən anda yenidən aktiv fazaya keçə bilər. Ona görə də bu mərhələni daha çox nəzarət olunan fasilə kimi dəyərləndirmək olar, nəinki real sülhün başlanğıcı kimi.

Alim Nəsirov


SON XƏBƏRLƏR