• Bakı 13° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

7-dən 77-yə hamının dostu 70 yaşlı Aqil Abbas - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
31 Mart 2023 | 13:21

7-dən 77-yə hamının dostu 70 yaşlı Aqil Abbas - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Köşənin başlığı deyəsən bir az uzun alındı, axı. Alınsın da, dünya dağılmayacaq ki? Özü də söhbət bizim Aqil Abbasdan, onun şanlı yubileyindən gedirsə kimdir yazınının başlığını xətkeşlə ölçən? Bir də ki, uzun yazmışam, lap yaxşı eləmişəm. Dağ boyda millət vəkili durub arxamda!

Aqil Abbası hamımız tanıyırıq, vəzifəni, səlahiyyəti, mandatı özünə qalxan edən deyil. Yəni deputat seçilməmişdən öncə yazıçı-jurnalist kimi seçilib. Allahın verdiyi istedadla maraqlı hekayələr, povest və romanlar yaradıb. “Şirinlik”, “Qapqara uzun saçlar”, “Qiyamət gecəsi”, “Allahı qatil edənlər”, “Eynəyin itməkliyi”, “Camış bağa girdi, gəl”...

Kitabları da ortada, yəni oxucuların, ədəbi tənqidin daim diqqətində. Özü də elə-belə kitablar yox a, sanballısından-“Evləri köndələn yar”, “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, canım sizə desin “Dolu”. Bir kitabı da Aqil bəyin 70 yaşı ərəfəsində işıq üzü görüb, necə deyərlər, mətbəənin iyi hələ üstündən getməyib -“Çay qırağında bitib, susuz qalan ağacların sağlığına”. Ədəbiyyatda bu qədər ciddi işlər görən, həm sovet dönəmində, həm də müstəqillik illərində nüfuzlu mükafatlar alan yubilyar-yazıçıya bir uzun məqalə başlığını da çox görək?

Aqil Abbas nadir insanlardandır ki, adı həmişə qəzetlə - “Ədalət”lə yanaşı çəkilir. Aqil bəy bu qəzetin əvvəlcə baş redaktoru olub, sonra təsisçisi. İndi də maşallah vacib statusu var, bu statusu da uzun illər “Ədalət”in çörəyini yediyimə görə şəxsən özüm icad eləmişəm. Söz düşəndə deyirəm ki, Aqil Abbas “Ədalət” qəzetinin ənkə böyüyüdür!

Tanrı ona ictimai xadim, yazıçı, jurnalist kimi yaşamaqdan əlavə vacib bir missiya da verib - bu missiyanın adı xeyirxahlıqdır! Tanıdığı, tanımadığı, istedadına inandığı insanlara maddi, mənəvi dayaq durmaq, kömək etmək, doğru yol göstərmək Aqil Abbasın balaca boyuna, böyük ürəyinə biçilib sanki. Ona görə də Aqil Abbası 7-dən 77-yə hamı çox istəyir.

Dəlil, sübut, fakt? Öz başıma gələni yazım bilməyənlər bilsin, bilənlər üçün təkrar olsa da nə eybi var? Həm də bəzi təftişçilər üçün daşdan keçən dəlil, sübut, fakt olsun. Jurnalistlər şəhərciyindəki ilk binada mənzillər paylananda Aqil Abbas ona veriləcək evdən imtina edərək mənim namizədliyimi müdafiə elədi. Özü də təklifi verib kənara çəkilmədi, sona qədər sözünün üstündə durdu, sinəsini qabağa verib döyüşdü, bir-iki məqamda hətta söyüşdü. Görünür, bəzi məqamlarda söyüşsüz ötüşmək olmur. Aqil Abbasın əlində də söyüş söymək xəbər yazmaq kimi asan bir işdir axı. Nə isə, əsas odur ki, məsələ müsbət sonluqla bitdi, mən ev-eşik sahibi oldum, Aqil Abbas isə savab yiyəsi.

Aqil Abbasın 70 yaşı tamam olur. Geridə qalan bu illər ərzində Aqil bəy nələr görməyib, başı nələr çəkməyib? Sevinci də bol olub, kədərsiz, itkisiz də ötüşməyib, bunsuz olmaz ki... Dünyanın ən varlı şəhəri saydığı Ağdama 30 il gedə bilməyib, Şuşaya əli çatmayıb. Amma ümidsiz bircə gün də yaşamayıb, oxucusunu, seçicisini, dost-tanışlarını da bu ümidə kökləyib, Ağdamda atası Məhəmməd kişinin ocağına bir də dönəcəyinə, Şuşada üçrəngli bayrağımızın yenidən dalğalanacağı günü görəcəyinə inandığını deyib, yazıb. Tanrı onu arzularına çatdırıb.

70 yaşınız mübarək, doğma insan. Parlamentdən səsinizi daim eşidək, ədəbiyyatdan, jurnalistikadan yeni əsərlərinizi, yazılarınızı oxuyaq. Daha bir vacib missiyanız-xeyirxahlığınız, maddi-mənəvi dəstəyiniz davamlı olsun. İstər yubileydə, istərsə də adi günlərdə bu arzu-istəyi dilə gətirmək təsadüfü deyil. Axı bizim başqa Aqil Abbasımız yoxdur...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

09 Noyabr 2024