• Bakı 14° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Bəxti oyaq, yarıyuxulu politoloq - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
31 Yanvar 2023 | 15:27

Bəxti oyaq, yarıyuxulu politoloq - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Yaxşı politoloq olmaq, doğru-düzgün siyasi şərhlər vermək üçün nə lazımdır? Bütün kürreyi-ərzdə bu sualın bircə cavabı var - savad, analitik düşüncə bacarığı. Bizim məmləkətdə bir balaca fərqlidir. Təcrübəmdən bilirəm, bəxtin oyaqdırsa, ən tələb olunan, populyar politoloq kimi tanınacaqsan.

Yalan deməyin yeri yoxdur, bu məsələdə bəxtim yamanca gətirib. Hər gün telekanallara, sayt və qəzet redaksiyalarına o qədər dəvət alıram ki, doyunca yatmağa da düz-əməlli zamanım qalmır. Ötən həftə sübh tezdən telekanalların birinə lap yarıyuxulu çıxmışdım. NATO-nun genişlənməsi və yaz əkininə aqrotexniki qulluq məsələlərini müzakirə edirdim. Yaxşı ki, verilişə dəvət edilən müğənni “Qonşu kənddəki uzun ayaqlı, qısa hörüklü qız” mahnısını oxudu, yoxsa canlı efirdə yuxulayırdım.

Müğənnilər demişkən, bu məsələdə də bəxtim yaman gətirib, ən populyar şou-biznes nümayəndələri ilə birgə tez-tez efirə çıxıram. Hamısı ilə də boya-boy şəkilim var, evdə uşaqlar deyir ki, ata, səninlə fəxr edirik. Dayım arvadı da o gün rayondan zəng etmişdi, deyir, sən olan verilişdə rəqqasələr daha yaxşı oynayırlar. Deməli, dəvət olunduğum tok-şoulara, verilişlərə xalqımız maraqla baxır, analizlərimin özünü də ciddi analiz edir.

Ö gün gecənin bir aləmində efirə gedən verilişə dəvətli idim, aktrisa-müğənni ilə MDB ərazisində münaqişə ocaqları və ispanaq tərəsinin kor bağırsağa faydalarını müzakirə elədik, gözləntilərimizi dedik, təhlil və şərhlərimizi verdik. Öz aramızdı, zalımın qızının donu yaman qısa idi, gözüm qaldı ayaqlarında heç bilmədim nə danışdım.

İnanın ki, dünən bütün günü işlərimi çaparaq görmüşəm. Səhər açılan kimi özümü verdim “Tormoz” avtomobil jurnalının redaksiyasına. Bahalı avtomobillərin dünya siyasətinə təsiri barədə geniş müsahibə verdim, günorta qaçdım “Mayka” idman saytının redaksiyasına. Messinin Argentina-Braziliya münasibətlərinə politoloji yanaşma mövzusunda danışdım. Uşaqlar müsahibəyə əla başlıq çıxardılar-“Messinin aut atışını bəyənmirəm”.

Ordan qaçdım hansısa telekanala, vaxtım o qədər az idi ki, telekanalın adını da soruşa bilmədim, yalnız ünvanını öyrənməyə macal oldu. İnanın, ayaqqabılarımı və qalstukumu da maşında dəyişdim ki, fərqlilik olsun. İştirak etdiyim tok-şouda çox aktual problem müzakirə edilirdi - “Qızların adətidir sevdiyi oğlana naz eylər”. Təbii ki, çıxışıma BMT-nin müxtəlif  konvensiyalarından sitatla başladım, sonra keçdim şifahi xalq ədəbiyyatına:

Əziziyəm ləkdə var,

Gül becərdim, ləkdə var.

Ay cüt gəzən bəxtəvər,

Heç demirsən tək də var.

Bir də gördüm sponsorundan təzə ayrılan müğənni xanım gildir-gildir ağlayır. Deyilənə görə, telekanalın rəhbəri mənim çıxışımı bəyənib, tok-şounun aparıcısına deyib ki, Yüngülcə, aləmsən də sənin verilişlərin reklam gətirir. Politoloqu da tez-tez çağır, qoy gəlib yenə qəzəl desin, camaat maraqla baxır.

Amma bir şey də deyim, öz aramızdaqalsın, populyarlığım bəzi rəqiblərimin gününü qara edib. Atalar yaxşı deyib də, qonşu qonşu olsa qapıma kod niyə qoyurdum ki?! Gözləri götürmür, orda-burda arxamca danışırlar, qara piardır-nədir ondan aparırlar, guya mənim savadım yoxdur, düzgün analiz verə bilmirəm. Ay mən deyənlər, savad mənim nəyimə lazımdır, məktəbdə direktor müavini olmaq üçün imtahana gedəcəm? Analiz məsələsinə gəlincə, siz verən analizləri gördüm də, hamınızda COVİD-19 çıxdı.

Rəqiblərimə çox söz deyə bilərəm, sadəcə yarıyuxuluyam. Tərslikdən də bir azdan canlı bağlantıya çıxmalıyam. İsrail-İran münaqişəsini şərh edəcəm. Bu məsələdən danışmaq mənim əlimdə gürcü xəngəli yemək qədər asandır. Dəfələrlə demişəm, yenə deyirəm, İsrail ABŞ-la birləşib İrana hücum eləsə müharibə başlayacaq, hücum etməsələr savaşın başlaması gözlənilən deyil...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR