• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

İndiyə Valentinin anası qalar? - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
14 Fevral 2023 | 16:30

İndiyə Valentinin anası qalar? - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Sizin əlinizdən mobil telefon işlətməyək? Borc-xərclə, kreditlə aldığımız telefonları ataq evin bir küncünə? Doğmalarımızdan, yaxınlarımızdan, dost-tanışdan xəbər tutmayaq? Dünyada baş verənlərə reaksiya bildirməyək?

Neçə gündür mobil telefonlarımıza mesaj mesaj dalınca gəlir, şirkətlər, firmalar amansızcasına baş-beynimizi aparır. Guya çox böyük bir hadisə olub, Sevgililər günüdür, nə bilim Valentin günüdür. Gözümüzün ikisi də birdən aydın...

Corab şirkəti mesaj göndərir ki, yubanmayın, gəlin Sevgililər günündə istədiyiniz xanıma corab alın, özü də endirimli qiymətlə. Bir az keçir, adı əndirəbadidən də qəliz ayaqqabı mağazası mesaj atır- “Valentin gününə şok endirim. Sevgilinizə ayaqqabını bizim mağazadan hədiyyə edin”. Ayaqqabı girməsin gözünüzə, əl çəkin də.

İş-güc başdan aşan vaxt mebel mağazası telefonumuza mesaj yazır. Nə yazacaq ki? Durmayın, gəlib bizdən divan aparın, Sevgililər günü bitən kimi qiymətlər də bahalaşacaq. Divar boyası şirkəti mesaj göndərir, dodaq boyası firması yazır. Hələ utanmır, unitaz satan mağaza da özünü mesaj göndərmək növbəsinə çatdırır. Deyəsən, həmin mağaza da Valentinə görə nəsə bir kampaniya keçirir.

“Qızdırma” adlı bir aptek var, yalançının sözü olmasın, mesajı cüt-cüt göndərir, Sevgililər bayramına özəl kampaniya olduğunu yazır. Valentin gününə baş ağrısına, diş ağrısına, qarın ağrısına qarşı dərmanlar təklif edir, and-aman edir ki, dərmanların qiymətləri bayrama görə xeyli aşağı salınıb.   

Dərdimizi kimə deyək, ay başınıza dönüm, gecə saat 2-yə 18 dəqiqə işləmiş mesaj göndərərlər? Özü də zoomağazdan... Yazıblar ki, bəs nə yatmısınız, durub gəlin bizim mağazaya, Sevgililər günündə əla endirimlərimiz var. 12 dəqiqə sonra bağ-bağça ləvazimatları satan dükan da mobil telefonlara mesaj atır. Onlar bu basabasda Sevgililər gününə nə təklif edir? Nə edəcək? Təbii ki, çəkic, oraq, balta, bel, mişar, direl, beton mıxı... Sonda da yazır, deyir bu dəqiqə gəlib alın.

Gecənin bu aləmində yuxumuza haram qatan bu mesajlara görə Valentinin anasını söyməyəsən nə edəsən? Amma, deyəsən, həqiqətən də gecikmişik, indiyə Valentinin anası qalar...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

01 Dekabr 2024