• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

İt səsinin əlli çaları - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
17 Fevral 2023 | 16:26

İt səsinin əlli çaları - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Kamal Yaşar özünə macəra axtarır, deyəsən. Oturan yerdə başına iş açıb. Video müraciət hazırlayıb, dublyaj sahəsindəki problemlərdən danışıb. Danışmaq bir yana dursun, çəkdiyi videonu aləmə yayıb.

Cavanlıq, təcrübəsizlik belədir də, o dəqiqə hiss olunur. Yaşımın elə vaxtıdır ki, Kamal Yaşara bəzi məsləhətləri verə, yol göstərə bilərəm. Yol da ibarət olsun bir neçə mətləbdən.  Gənc, qızıl qaydalar var, onlara əməl etmək mütləqdir.

Birincisi, adam hər çəkdiyi videonu paylaşmaz, ikincisi, problem sözünü dilə gətirməzlər, çünki bizdə dublyaj da yoxdur, problemi də. Düzdü, bəzi sahələrdə müəyyən, xırım-xırda nöqsanlar ola bilir, amma onu da dilə gətirməyin qaydası var. Tutaq ki, sən yaşadığın məhəllədə dizə qalxan məişət tullantıları məsələsini qabartmaq istəyirsən. Onda hökmən epitetlərdən istifadə etməlisən. Təqribən cümləni belə qurmaq məsləhətdir- bizim məhəllədə elə gözəl, gül kimi zibillik var, ikicə göz istəyir tamaşasına baxsın...

Kamal Yaşar, yaşca böyüklərin təcrübəsindən yararlan, məsləhətini aradabir dinlə, bir filmin dublyajından aldığın 8 min avro qonorar azalmaz ki... Bütün el-aləm bilir ki, hər gün işə gedib-gələndə ictimai nəqliyyatdan istifadə edirəm, indi durum avtobusun, metronun, tramvayın gec-gec işləməsini hər yana car çəkim? Məndən soruşan olanda deyirəm ki, bu səhər avtobusumuz necə də incə şəkildə və dəqiq gecikdi. Belə deməklə saatımın əqrəbi düşdü?

İndi onsuz da hamı paytaxtın tıxacdan tıncıxdığını bilir və görür, elə mən də. İndi nə edim, qışqırım? Sadəcə deyirəm ki, bənzərsiz Bakımız tıxacdan gülə-gülə boğulur. Vəssalam.

Kamal Yaşar, gəncsən, təcrübən azdır, öyrənməli çox şeylər var. Heç vaxt tələsmə və yaxşıca düşün. O gün telekanalların birinə dəvət almışdım, mətbəx verilişində dovğa bulaya-bulaya mediamızın durumunu ürək dolusu müzakirə elədik. Aparıcı qız dodağını bir az da şişirdib soruşdu ki, müəllim, mətbuatda qeyri-peşəkarlığa münasibətiniz necədir? Mən də vəziyyəti doğru-düzgün analiz edərək dedim-Mətbuatdakı nəcib qeyri-peşəkarlıqla fəxr edirəm!

Bayaq qızıl qayda barədə xatırlatdım, hər hansı bir məsələ barədə danışanda, açıqlama verəndə beynəlxalq vəziyyəti həmən nəzərə al, bəli, məhz beynəlxalq vəziyyəti. Sənin dublyaj sahəsində problemlər barədə video müraciətin indiki həssas məqamda düşmən dəyirmanını pulsuz elektrik təchizatı ilə təmin etməyə oxşadı.

Kamal Yaşar, hələ gəncsən, karyeranı məhv etmək istəmirəm. Mən də bəzi faktlar açıqlaya bilərəm, əlimdə daşdan keçən sənədlər var.

Video müraciətdə dəfələrlə deyirsən ki, dublyajda it-pişik səsi ilə də danışırsan. Öz aramızda qalsın, araşdırmışam, sən heç it-pişik səsi ilə də yaxşı danışa bilmirmişsən. Əlimdə faktlar var e, itlər kollektiv şikayət ediblər səndən. Deyirlər ki, it səsinin əlli çalarını tamaşaçılara düz-əməlli çatdırmırsan.

Hələ mən pişiklərin kollektiv şikayətini dilə gətirmək istəmirəm.

Gəncsən, istedadın da var, üstündən tamam xətt çəkməyə ürəyim gəlmir. Ona görə bayaqdan məsləhət verir, doğru yol göstərməyə çalışıram. Nəticə çıxarmaq isə sənlikdi.

Lap sonda bir məsələni də yazım, qoy özümə problem-zad olmasın. Dublyaj aktyoru Kamal Yaşarın hərəkətini şiddətlə qınayıram!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

04 Dekabr 2024