• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Tarixi Nadir... - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
24 Fevral 2023 | 13:45

Tarixi Nadir... - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Dəmlər o dəmlər idi. Qəribə bir nostalji ilə xatırladığımız 90-cı illərin ortalarından danışıram. İlini, ayını konkret xatırlamıram, amma hara getdiyimiz yadıma gəlir. Adam öz getdiyi yeri bilməzmi?

Media nümayəndələrini avtobusla Zuğulbaya aparırdılar. Tədbirə dəvətli həmkarlarımızın sayı çox idi, yerlər dolduğundan hətta ayaq üstə qalanlarımız da var idi səhv etmirəmsə. Bu gün mətbuatda, siyasi-ictimai arenada hamının tanıdığı, daha doğrusu, yaxşı tanıdığı Nadir Azərini ilk dəfə bizi Zuğulbaya tədbirə aparan həmin avtobusda görmüşəm.

Sonralar Nadirlə yolumuz çox kəsişdi, əvvəlcə “Bu gün” qəzetində birgə çalışdıq, az sonra qəzetin baş redaktoru Nəsib İsmayılov hər ikimizə baş redaktor müavini vəzifəsi də verdi. Bu gün həmin “Bu gün” çox oxunaqlı, necə deyərlər, bərk gedən qəzet kimi yaddaşlarda qalıb. Yeri gəlmişkən, Nadir Azəri də mənim kimi rəsmi soyadını dincə qoyub, ikimiz də İsmayılov soyadından ancaq rəsmi yazışmalarda istifadə edirik.

Nadirlə başqa daha bir neçə qəzetdə də iş yoldaşı olduq, üstəlik indi qonşuyuq. İllərdir tanıdığım, dostluq etdiyim Nadir Azəri 50 yaşına çatıb, cəmi bir neçə gündən sonra şanlı yubileyidir.

Belə bir xoş hadisə ərəfəsində mən hansı bir insana bənzədim ki, Nadiri? Zəhmətsevərlik, məqsədə çatmaq üçün yorulmadan səy göstərmək Nadir Azərini fərqləndirən əsas keyfiyyətlərdən biridir. Mənə görə dostumuz Nadir şahmatla məşğul olsaydı çempionluq titulunu qazana bilərdi. O, bütün məsələlərdə öncədən 5-6 gediş barədə düşünə bilir və çox zaman sonda qalib gəlir.

Yubilyar bu gün gözəl ailə başçısıdır, balaları Şəmsiyyə və Nihad Türkiyənin nüfuzlu ali məktəblərində təhsil alırlar. Nadir Əməkdar jurnalist fəxri adına layiq görülüb. Bütün bunları 50 yaşlı dostumuz məhz zəhmətsevərliyi, istedadı və iti düşüncə qabiliyyəti sayəsində əldə edə bilib. Fəxri ad demişkən, bu gün adını belə çəkmək istəmədiyim bir qurum Əməkdar jurnalist Nadir Azərini rəsmi jurnalist kimi tanımaq istəmir, daha doğrusu, gah nala, gah mıxa vurur. Nadir Azərini e! Yazının bu yerində gic bir gülmək məni tutur...

Nadir, belə xırda işlərə boş ver, 50 illik yubiley ərəfəsində təbrikləri, hədiyyələri qəbul etməyə zaman ayır. Həyat davam edir. İrəlidə görəcəyimiz hələ çox günlər, aylar, illər var. Deməli, qarşıda bizi həm də mübarizə gözləyir.

Nadir Azəri ağ fiqurlarla başlayır və qalib gəlir!

Bakıvaxtı.az ​​​​​​​


SON XƏBƏRLƏR

01 Dekabr 2024