• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Kür getdi fikirləşməyə - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
09 Mart 2023 | 17:06

Kür getdi fikirləşməyə - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Agentliklər, saytlar, binəva qəzetlər bəd xəbərlər yaymaq üçün sanki yarışa çıxıblar. Dünyada zəlzələ qurtarmamış yanğın başlayır, yanğın sönən kimi vulkan püskürür. Təyyarə, qatar, avtobus qəzaları da öz yerində. İntiharlar barədə nə deyim, özünüz bilirsiniz də...

İndi də düşüblər Kürün üstünə. Bir ucdan yazırlar ki, çayın suyu quruyub, xəbər daha inandırıcı olsun deyə şəkillər də paylaşırlar. Uqanda tərəflərdə timsahın nahara əcnəbi turisti yeməsi məni o qədər də ilgiləndirməz, amma Kürdə suyun azalması ciddi məsələdir hər halda.

Ona görə də çox düşünüb daşınmadan hərəkətə keçdim, Kürü yaxşı tanıyan dostlarım Azər Qaramanlı ilə Pərvin Kazımoğluna səhər tezdən telefon açdım. Sağ olsunlar, sözümü yerə salmadılar, tez-tələsik özlərini yetirdilər. Bir-birimizi kəlmədən anladığımızdan vəziyyəti izah etmək uzun çəkmədi, Azər maşının üzünü çevirdi Salyan-Neftçala tərəfə. Bilənlər bilir, bilməyənlərə analdım ki, Azər bəyin qanacağı da var, yanacağı da, onunla yola çıxmaq asandır. Pərvin yolboyu gözünü telefondan çəkmədi, bilmirəm feysbukda nə görüb də...

Nə isə gəlib çatdıq mənzil başına. Kür bizi könülsüz qarşıladı, qanı qara idi. Onu da qınamalı deyil, nə qədər jurnalist gəlib-gedər, nə qədər mikrofon, diktofon, kamera tuşlamaq olar. Gəlirlər, çəkirlər, gedirlər, biz üç jurnalist də bir yandan. Kür yazıq dəli olar da...

Azər Qaramanlı məni göstərib dedi ki, Etibar da özgəsi deyil, körpünün üstündən çox o yana-bu yana keçib gedib, aç bizə dərdini de. Kür bir mənə baxdı, bir Pərvinə. Məndən nəsə bir şey anlamadı, Pərvini də acıqlı-acıqlı süzdü. Kür xeyli susdu, sonra könülsüz-könülsüz dedi ki, mən müsahibə-filan, açıqlama-zad verən deyiləm, boş yerə özünüzü yormayın, onsuz da neçə gündür yazıb məni biabır eləmisiniz.

Azər Qaramanlı Kürün dilini yaxşı bilən adam kimi yenə verdi özünü irəli:

- Araz yaxşı, Qarqar yaxşı, qanımızı qaraltma, biz də o boyda yol gəlmişik, buralara qədər araba sürmüşük. Bir-iki kəlmə danış, görək suyun niyə azalıb?

Kürün dəliliyi tutdu:

- Araba sürmürsünüz istəyirsiniz lap bərə sürün, mənim heç lilimə də deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazəniz olmasa məndən bir kəlmə də qopara bilməyəcəksiz.

Pərvin Kazımoğlu telefonda nəsə yaza-yaza bir az kənara çəkildi. Azər Qaramanlı mənə baxıb bilmədi pərtliyini necə gizlətsin. Aradakı sükutu pozmalı oldum:

- Əcəb oyuna düşmüşük. Biri deyir reyestrə gir, o biri deyir gərək hökmən rəsmi icazə alasan.

Təbii ki, bu sözləri astadan pıçıldadım, Azər eşitdi, Kürün heç xəbəri də olmadı. Kürlə zarafat etmək olmaz, adına dəli Kür boşuna demirlər. Qaramanlı köhnə tanış kimi özünü verdi qabağa, çaya nə dedi, nə pıçıldadı sözün düzü, eşidə bilmədim.

Hər halda, deyəsən, Kür bir az yumşaldı:

- Dərdim, problemim birdi-ikidi? Heç bilmirəm hansını deyim ki, əlac tapılsın. Həm də mən sayt-filan bilmərəm, mənimki televiziyadır, kinodur. Ona görə qoy fikirləşim, sizə nə var e, dərdinizi, yuxunuzu suya danışırsınız. Bəs mən hara danışım? Qoy bir-iki gün fikirləşim, sayta müsahibə verim, yoxsa telekanallara?

Fikirləşmək üçün Kürə vaxt verdik. Pərvini də özümüzlə götürüb qayıtdıq Bakıya. Gözləyək görək Kürün cavabı necə olacaq...

Bakıvaxtı.az 


SON XƏBƏRLƏR

04 Dekabr 2024