• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Sən gələndə çiçəklər gül açardı - Etibar Cəbrayıloğlu yazır 
YAZARLAR
19 Mart 2023 | 10:06

Sən gələndə çiçəklər gül açardı - Etibar Cəbrayıloğlu yazır 

Etibar Cəbrayıloğlu

Həmişə belə olub da, bəxtimiz nə vaxt gətirib ki? Şaxta Baba çağırırdıq, ATƏT-in Minsk Qrupunun həmsədrləri gəlirdi, Qar Qızı haraylayanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bığlı-saqqalı kimsə gəlib dururdu qarşımızda. 

 Dünən gecə gözüm təqvimə sataşdı, fikirləşdim ki, vaxtdır artıq. Ona görə ürəyimdə Kosa ilə Keçəli çağırdım. Səhər tezdən şəhərə çıxanda gördüm nə? Əşi heç nə, baxdım ki, küçələri şampunla yuyurlar, dərmanlayırlar. Dedim görən hər şey əvvəlkindən fərqli oldu, Kosa ilə Keçəli çağıran kimi o dəqiqə də gələcəklər? Bu hazırlıq da yaz fəslinin gəlişinə görədir yəqin. Sonra gördüm yox e, nə yaz, nə bahar... Sözlü-söhbətli Hacıbala müəllim demişkən, Bakımızın yollarında “Formula-1” yarışlarına ciddi hazırlıq gedir. 

 Yaz sürətdə “Formula-1” yarışlarındakı avtomobillərlə ayaqlaşa bilməsə də hər halda gəlir. Gərək ona xırda-para məsləhət verək, xoşuna gəlsə də, gəlməsə də. Onsuz da indi heç kim məsləhət dinləmək istəmir, Yaz da gəlib onlara oxşayacaq da.

Əvvəla gərək sosial sığorta kartını özü ilə götürsün, diplomunun əsli də yanında olsun, pensiya, reyestr məsələsində hökmən lazım olacaq, fikri köhnə dövrə getməsin, zəmanə dəyişib. Test imtahanlarına da yaxşı hazırlaşsın, tənbəllik eləməyin vaxtı deyil, daha xahişə-minnətə baxmırlar. İmtahansız qabağa getmək qurtardı deyəsən.  

Elə ki, buralara gəlib çatdı, tıxaclara düşəndə səbirli olsun, eynən bizim kimi. Həftənin bütün günlərində, istənilən saatda tıxacda qalanda deyinməsin. Deyinməyə indi heç rəngli yumurta, bəzəkli şəkərbura da vermirlər. Biz deyinib guya nə edə bilmişik ki?

Əsas məsələ deyəsən tamam yadımdan çıxmışdı. Yaz buralara gələndə cibinə xeyli pul qoysun, plastik kartla da gətirsə olar. Rəhmətlik Mirzə Ələkbər Sabirin o vaxtı dediyi qiymətli söz hələ də qüvvədə qalır, yenə buralarda parasız insanın üzü qarədir...

Yox, şəxsən mən bayramqabağı gileylənmirəm, bahalıq-falan yoxdur, dükan-bazara girib heç nə almasan qiymətlər o qədər də pis deyil. 

Beynəlxalq və regional məsələlərə özüm toxunmuram, çünki çox qəliz sahədədir, onun buralarda xeyli uzmanı var, sutkanın 25 saatını bu problemlərlə məşğul olur, analiz verirlər. Qalan digər xırda-para məsələləri Yaz gəlib burda yerində görəcək. Bizim deməyimizlə deyil ki. Gəlib hər şeyi öz gözü ilə görmək onun özü üçün də yaxşı olardı.

Təki gəlsin. Gəlsin ki, çiçəklər gül açsın... 

Bakıvaxtı.az

 


SON XƏBƏRLƏR