Ötən gün Prezident İlham Əliyevin Kişinyov səfəri, səfər çərçivəsində 5 tərəfli görüşdə (Əliyev, Paşinyan, Mişel, Makron, Şolts) iştirak etməsi Azərbaycanın Ermənistana uzatdığı barış əlinin hələ də keçərli olması demək idi.
Düzdür, Paşinyan da Kişinyovda idi. Lakin bu, riyakarlıq mücəssəməsinə çevrilmiş Ermənistan Baş nazirinin orada sülh üçün olduğuna dəlalət etməməlidir. Çünki əgər bu, belə olsa idi, Baş nazirin səfəri zamanı Ermənistan ordusunun və Dağlıq Qarabağdakı separatçıların tör-töküntüləri atəşkəs rejimini pozmaz, təxribata əl atmazdılar.
“Sülh istəyirsənsə, müharibəyə hazır ol”
Artıq hər danışıqdan sonra Ermənistanın cəbhədə təxribata əl atdığını görmüşük. Bu, onların sülh bağlamamaq üçün zaman uzatması yolunda alətə çevrilib.
Azərbaycan sülh istəyir, lakin silahlı qarşıdurmaya da hazırdır. Ötən gün müdafiə naziri Zakir Həsənovun nazirliyin rəhbər şəxslərilə birgə toplantısında səsləndirdiyi fikirlər buna sübut ola bilər. Əgər Ermənistan yenidən öz riyakar əməlinə sadiq qalıb təxribata əl atarsa, bu dəfə də layiqli cavabını alacaq. Belə ki, nazir düşmənin istənilən silahlı addımının, pozuculuq fəaliyyətinin, təxribatının qarşısını vaxtında və ən tez zamanda layiqincə almaq üçün orduya tapşırıqlar verdi. Cənab Prezidentin sülh danışığında inkişaf məqsədilə etdiyi səfərin və Zakir Həsənovun çıxışında orduya verdiyi tapşırığın eyni günə təsadüf etməsi arasında belə bir qanuna uyğun məna qura bilərik: Əgər Ermənistan sülh müqaviləsinə imza atmaqdan boyun qaçırarsa, vaxtı yenidən uzatmağa cəhd edərsə, Azərbaycanın Ermənistanın nazına dözəcək səbri qalmayıb və ən yaxın zamanda separatçıların və təxribatçıların başına cəhhənnəm alovu səpələnəcək.
Bədən dili
Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Fransa Respublikası Prezidenti Emmanuel Makron, Almaniya Federativ Respublikası kansleri Olaf Şolts arasında 5 tərəfli görüş baş tutdu. Diqqətinizi həmin görüş zamanı çəkilən iki şəkilə yönəltmək istəyirəm.
Bu şəkillərə baxdıqda Cənab Prezidentin bədən dilindən danışıqların Azərbaycan üçün kifayət qədər xoş keçdiyi açıq-aşkar görünür. Belə ki, Prezidentin özünə əmin oturuş tərzi, ətrafa, olduğu məkandakı insanlara üzünü çevirərək təbəssüm etməsi onun bədən dilindən bunları anlamağa imkan verir.
Nikol Paşinyanın isə hər iki şəkildə başını aşağı salaraq gözlərini qarşısındakı sənədlərə zilləməsi, üzündə hakim olan məyus cizgilər və əlini hazır vəziyyətdə masanın üzərinə qoyaraq sanki ayağa qalxıb oradan qaçıb uzaqlaşmaq istəməsi, onun görüşdə bu dəfə də İlham Əliyev tərəfindən nakauda salındığına sübutdur.