• Bakı 10° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Hersoqun Azərbaycana tarixi səfəri: Əlaqələr daha möhkəmlənir - Səbuhi Elnur yazır
YAZARLAR
31 May 2023 | 10:42

Hersoqun Azərbaycana tarixi səfəri: Əlaqələr daha möhkəmlənir - Səbuhi Elnur yazır

Səbuhi Elnur

Əsası Ulu Öndər tərəfindən möhkəm özüllər üzərində qoyulan Azərbaycan-İsrail münasibətləri bu gün Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində gündən günə daha da inkişaf edir. Məhz bunun nəticəsində ötən gün Azərbaycan siyasi tarixində bir ilk – İsrail Respublikasının prezidenti İshaq Hersoqun ölkəmizin paytaxtına səfəri reallaşdı.

Səfər çərçivəsində tibb, kibertəhlükəsizlik, kənd təsərrüfatı və hər iki tərəfin maraqlarına xidmət edən digər məsələlər gündəm mövzusu oldu.

Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması

Bu il İsrail paytaxtında Azərbaycan səfirliyinin açılması təbii olaraq iki ölkənin yüksələn xəttlə inkişaf edən münasibətlərinin inikası idi. Elə buna görə, dostluğumuzu gözü götürməyən qüvvələr – molla rejimi və onların üzdən iraq bacıları ölkəmizin əleyhinə haqsız qarayaxma kampaniyalarına başladılar. İstənilən yersiz kampaniyalara baxmayaraq, Hersoqun bu gün region ölkələrindən yalnız Azərbaycana səfər etməyi artıq yəhudi qardaşlarımızın bu torpaqlarda dövlətimizin simasında özlərinə etibarlı tərəfdaş və müttəfiq tapdıqlarının sübutudur.

İqtisadi münasibətlərin inkişaf tempi

Azərbaycan-İsrail münasibətlərinin siyasi müstəvidə inkişafı, təbii olaraq ölkələrimiz arasında ticarət dövriyyəsinin artımını da şərtləndirir. Bu ölkələr bir-birlərindən mal idxal və ixrac edən respublikalar siyahısında ön yerlərdən birini tuturlar. Sevindirici məqamdır ki, Bakı və Təl-Əviv arasındakı ticarət dövriyyəsi bu gün 1.7 milyard ABŞ dollarından artıqdır. Lakin cənab prezidentin də vurğuladığı kimi, bu nəticə bizi tam razı sala bilməz. Çünki münasibətlərimizin səviyyəsi bu rəqəmlərdən də artıq nəticələrə çıxmağımıza şərait yaradır.

İllərdir ki, dost İsrail Azərbaycan xam neftinin alıcısıdır və ölkə “qara qızıl”a olan tələbatının böyük hissəsini Bakı neftinin hesabına təmin edir.

Kənd təsərrüfatı

Artıq Azərbaycan Qarabağın 30 illik işğalına son qoyub və azad edilmiş ərazilərdə yenidənqurma, tikinti işləri geniş vüsət alıb. Təbii ki, həmin ərazilərə böyük qayıdış planı təsdiqlənib və önümüzdəki illərdə yüz minlərlə həmyerlimizin Qarabağ və Şəqi Zəngəzura qayıdışı planlaşdırılır.

Həmin yerlərdə kənd təsərrüfatının inkişafı isə vacib məsələlərdən biridir. Artıq uzun müddətdir ki, hər iki ölkə digər sahələrdə olduğu kimi kənd təsərüfatının inkişafında da yaxından əməkdaşlıq edir.

Müsəlman Azərbaycan və yəhudi İsrail

Haqsız yerə formalaşan və əsasən də Yaxın Şərqdə kök salan bir fikir var: “İsrail müsəlmanın dostu ola bilməz”.

Azərbaycan İsraillə qurduğu 30 illik münasibətlər nəticəsində bu fikrin tamamilə absurd və xəstə təfəkkürün yanaşması olduğunu göstərdi. Daha da qədimə baxsaq, tarixən iki xalq arasında dərin hörmətin, mehriban əlaqələrin olduğunu görərik. Belə ki, dostluğumuzun ən bariz nümunələrindən biri kimi Quba rayonundakı əsasən dağ yəhudiləri tərəfindən kompakt məskunlaşmış Qırmızı qəsəbənin adını çəkmək kifayət edər.

Bu gün Azərbaycanda yəhudi əsilli və İsraildə azərbaycan əsilli insanlar heç bir maneəsiz və mehriban şəkildə həyatlarına davam edə və yaşayıb yarada bilirlər. Onlar nəinki Azərbaycanda tam hüquqlu vətəndaş kimi yaşayır, hətta yeri gəldikdə bu Vətən üçün gözlərini qırpmadan, düşünmədən öz canlarından da keçə bilirlər. Birinci Qarabağ müharibəsində ermənilərin qorxulu yuxusuna dönən Azərbaycan Milli Qəhrəmanı, yəhudi əsilli həmyerlimiz Albert Aqarunov kimi…


SON XƏBƏRLƏR

26 Dekabr 2024