Bütün dünyada psixi sağlamlıq pisləşib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Əmək Təşkilatının son hesablamalarında bildirilir.
Araşdırmada qeyd olunub ki, psixi sağlamlıq problemi biznesdə, maliyyə və sığorta sektorunda çalışan insanlar arasında xüsusilə kəskindir. Mütəxəssislərə görə, şirkətlər işçilərinin psixi sağlamlığına daha çox sərmayə qoymalıdırlar.
Bu mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova bildirib ki, sağlamlıq dedikdə, əksəriyyət fiziki sağlamlığı göz önündə canlandırır:
“Bəs nə üçün fiziki baxımdan tam sağlam olan insanlar bəzən hər hansı ruh düşkünlüyü səbəbindən heç bir işi görmək istəmir: saatlarla yataqdan qalxmır, ünsiyyətdən qaçır, öz səliqələrinə fikir vermir və s. Müşahidələrə əsasən, insanda sağlam ruh və həyat eşqi varsa, fiziki problemlərin öhdəsindən də müvəffəqiyyətlə gəlmək mümkündür. Deməli, insanın həyati aktivliyi tək fiziki sağlamlıqla bağlı deyil, hansısa başqa bir qüvvə mövcuddur. Bu qüvvə - psixi enerjini artıran, təmin edən psixi sağlamlıqdır. Psixi sağlamlığı qorumaq üçün bir sıra tövsiyələrə əməl etmək lazımdır”.
Müsahibimizin sözlərinə görə, nəzərə almaq lazımdır ki, sağlamlıq hər şey deyil, amma sağlam olmayan insan üçün də həyat bir heçdir. L.Qurbanova bildirib ki, həqiqi dostlar əhatəsində olan insan özgüvənini itirməz:
“Ağıllı insan hər konfliktə girişməz, qələbə çalacağına inandığına girişər. Düşüncəsini səhv addım atmamağa yönəldən insanlara qarşı da səhv hərəkət etməkdən çəkinərlər. Problemdən çıxmağı ağıl təmin edirsə, problemə düşməmək kamillik əlamətidir. Problemləri yaradan hadisələr həyati dərsə səbəb olub, özünə qarşı qabaqlayıcı tədbir tələb edənə qədər təkrarlanacaq. Addım atmağı sevməyən insan heç zaman həyatda irəliləyə bilməz. Həyatda atılan hər bir addım yeni həyati səriştənin əldə edilməsinə doğru atılan addımdır”.

Lamiyə Qurbanova: Sağlamlıq hər şey deyil, amma sağlam olmayan insan üçün də həyat bir heçdir
Dediyinə görə, bundan başqa, mənəvi zənginlik rahat həyatın, rahat həyat isə xoşbəxtliyin təminatıdır. Ən böyük xoşbəxtlik isə psixoloji rahatlığın əldə edilməsidir:
“Psixi sağlamlığı qorumaq üçün sağlam həyat tərzi, fiziki aktivlik, stressin idarəsi, əqli fəaliyyətin aktivliyi, zərərli vərdişlərdən uzaq durmaq və mənalı fəaliyyət çox vacibdir”.
“Psixi sağlamlığa dair ictimai dəstək və müalicə imkanlarını genişləndirmək üçün hansı addımlar atılmalıdır” sualına isə Lamiyə Qurbanovanın cavabı belə olub:
“Psixi sağlamlığa dair ictimai dəstək və müalicə imkanlarının genişləndirilməsində maarifləndirmə, təhsil, media və sosial şəbəkələrdə qeyri-sağlam həyat tərzinin təbliğinə xidmət edən yanlış təsəvvürlərlə mübarizə, psixi sağlamlıq komandalarının formalaşdırılması, kadr potensialının təkmilləşdirilməsi, xidmət əlçatanlığı, qanunvericilik, icma dəstəyi və elmi araşdırmalardan əldə edilənlərin praktikaya tətbiqi çox vacibdir.
Gülşən Şərif
Bakı 












