Bu gün bütün dünya qardaş Türkiyədə baş vermis dağıdıcı zəlzələnin fəsadlarını çox böyük narahatçılıqla izləyir, hər bir ölkə bu dağıntılar altında qalmış insanların xilası, normal həyata qayıdışı üçün bacardığı köməyi etməyə çalışır. Qardaş ölkədə baş verən bu faciəvi hadisə, ölkəmizin vətəndaşlarını də çox üzüb, məyus edib.
Hamı elliklə bacardığı maddi və mənəvi yardımı göstərməyə can atır. Bu, başqa cür də ola bilməz. Bir millət, iki dövlət konsepsiyası, tarixi bağlar, son illərin möhtəşəm birgə layihələri bir daha göstərdi ki, biz birlikdə daha güclüyük.
Hər birimiz əminik ki, türk xalqı bu təbii fəlakətin vurduğu zərbələri səbr və əzmlə aradan qaldıracaq.
Söz vaxtını çəkər. İki il öncə - fevral ayında Türkiyə gənclərinin böyük bir tədbirinə qatılan Prezident Rəcəb Tayyib Ərdoğan türk gəncliyinə müraciət etdi. Bu gün Türkiyə amansız təbii fəlakətin nəticələrinin əzm və mərdliklə aradan qaldırdığı bir zamanda, bu sözləri bir daha yada salmaq zəruridir. Bu, türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmaq, türk gəncliyinin nikbinliyini artımaq üçün, başının dik tutması üçün zəruridir. Çanakkale kimi möhtəşəm tarixi döyüşdən qalib çıxan, bu döyüşlərdə yüz minlərlə qurban versə də, sınmayan, sonda qalib olan xalq üçün nə zəlzələ, nə də digər gözlənilməz təbii fəlakətlər qorxulu deyil.
Bu müraciətin əsas ideyasını Ərdoğan belə formalaşdırmışdı: “Ən güclü olduğumuz dövrdəyik”.
Türkiyə prezidentinin gənclərə müraciətində qeyd edilir:
"Cümhuriyyət tarixində ən böyük infrastruktura, yaxın tariximizin ən savadlı insan resurslarına sahibik. Artıq öz strategiyasını müəyyənləşdirən, taktikalar tətbiq edən, hədəflərinə doğru yürüyən müstəqil bir Türkiyə var. Bütün təxribat səylərinə baxmayaraq, birlik və həmrəyliyin ən güclü olduğu dövrdəyik. Tariximizin hər sahəsində qətiyyətlə irəlilədiyimiz bir dövrdəyik. Ölkəmizi kosmosda təmsil edəcəksiniz. Dizayndan proqrama, istehsaldan inkişafa qədər yeni iqtisadiyyatın hər mərhələsində olacaqsınız. Rəqəmsal dünyanı quracaqsınız. Universitetlərimizi marjinal qruplar üçün fəaliyyət sahəsi olmadan bir elm evi halına gətirəcəksiniz" (2021-ci il).
Bəli. Ən güclü olduğumuz dövrdəyik.
Allah türkü qorusun.
Bakıvaxtı.az