Azərbaycanın ölkə xaricində uğurlu elmi fəaliyyətlə məşğul olan xeyli nümayəndəsi var. Hazırda bu alimlərin əksəriyyəti yaşadıqları ölkədə professor kimi tanınır. Onlar buradakı şəraitsizlik və az maaş səbəbləri ilə xaricə üz tutsalar da, bu gün də Azərbaycanla əlaqəni kəsməyibər. Onlar yaşadıqları ölkələrdə dünya miqyaslı elmi uğurlara imza atmaqla yanaşı, dövlətimizi xaricdə də tanıda biliblər.
Bugünlərdə ölkə mətbuatında xaricdə elmi kəşf və ixtiralara imza atan, elmi işləri patentləşdirilən bu qism alimlərin kiçik bir hissəsini ictimaiyyətə təqdim edilib. Bu sırada ABŞ, Kanada, Almaniya, Fransa, İsrail, Türkiyə, Rusiya və digər ölkələrdə yaşayan və elmlə səmərəli məşğul olan alimlərimizin adları şəkilir.
Bu patent alan alimlərin heç biri ölkəmizdə yaşamır. Əgər onlar da bu gün burada yaşasaydılar, onların bu uğurları olmazdı. Bu fakt bir daha göstərir ki, insanlarımız istedadlıdır, zəhmətsevərdir, əgər onlara orta səviyyədə şərait yaradılarsa (heç olmasa Sövet dönəmində olduğu qədər), qayğı göstərilsə, elmdən anlayışı olan rəhbərləri olsa, onda yerli alimlərimizin də arasından uğur qazananlar olar, özü də çox.
Təhsil Nazirliyinin adının dəyişdirlməsindən (Elm və Təhsil Nazirliyi) 8 aya yaxın vaxt keçir, amma hələ də heç bir dönüş hiss edilmir. Halbuki, mövcud 30 illik geriliyi aradan qaldırmaq üçün bu nazirlik dincəlmədən, istirahətsiz işləməli idi.
Nazir Emin Əmrullayev bizim universitetlərin niyə TOP-500-də olmaması səbəbindən danışır, gülməli səbəblər gətirir, amma demir ki, universitetlərimizdə elm yoxdur, heç bir innovasiya yaradılmır, texnoparklar çox azdır, olanların da işi diqqəti cəlb etmir.
Təəssüf ki, ETN universitetlərdə elmin və təhsilin inkişafı üçün heç nə etmir. Bilinmir, bacaqdıqları budur, yoxsa xislətləri. Hətta 5 qat artan təhsil büdcəsindən bu sahənin və alimlərin inkişafı naminə az da olsa, təşəbbüs yoxdur, bir çox ölkələrdə olduğu kimi alimlərə fərdi qrantlar verilmir. Əvəzində elm və təhsilə heç bir dəxli olmayan "layihələrə", dost-tanışların QHT-lərinə hər il 200 min manat və daha çox qrantlar "hədiyyə" edilir. Hələ utanmadan elmi əxlaqdan danışıb, alimləri oğurluq etməməyə çağırırlar. Görün, elm və təhsil, alim və müəllimlər kimlərin əlindədir? Belə menecerlərlə əlbəttə ki, heç vaxt bizdə nə elm, nə təhsil, nə alim, nə də patent ola bilər.
Bakıvaxtı.az