• Bakı 14° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Suda boğulanın xilası öz əlindədir - İlham Əhmədov yazır
YAZARLAR
06 Aprel 2023 | 16:48

Suda boğulanın xilası öz əlindədir - İlham Əhmədov yazır

İlham Əhmədov

Əksər universitetlərimizin real vəziyyəti, dünya universitetləri ilə müqayisədə çox sönük görünür. Onlar heç cür müqayisəyə gəlmirlər desək, daha doğru olardı, universitetlərimiz artıq heç bir qlobal meyarlara uyğun gəlmir.

Orta statistik universitetimiz nəinki Avropa, Türkiyə, Rusiya, hətta İran universitetlərindən 10-20 il geri qalır. Bu, ali təhsildəki 25 illik durğunluğun acı nəticəsidir. Amma yaranmış bu vəziyyətdən nə Elm və Təhsil Nazirliyi, nə də rektor korpusu elə də narahatlıq keçirir. Az sayda universitetlərimiz var ki, heç bir dəstək gözləmədən, məhdud daxili imkanlarla inkişaf yollarını axtarırlar, nələrsə etməyə çalışırlar. Çünki ali təhsil müəssisələri artıq başa düşürlər ki, “suda boğulanın xilası öz əlindədir”.

Təəssüf ki, ali təhsilimizin inkişafının monitorinqi, strateji planlanması, strateji idarəedilməsi, kompleks rəqəmsallaşması, innovasiyaların yaradılması və kommersiyalaşdırılması və s. kimi inkişafyönlü aktual məsələlər bu günə qədər diqqət mərkəzində olmayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bu yaxınlarda öz müsahibəsində bildirib:Strateji inkişaf mövcud resursla və mövcud potensialın uyğunluğunun təmin edilməsini ehtiva edir. Strateji məqsəd isə mövcud resurs və mövcud potensialla təmin edilə bilmir və strateji məqsədlərə nail olmaq çox vacibdir. Başqa sözlə, mövcud resurs və potensialla strateji məqsəd arasında uyğunsuzluq yaranır və universitet yeni potensial formalaşdırmaq məcburiyyətində qalır. Bu sahədə ciddi işlərə ehtiyac var! Həqiqət ondan ibarətdir ki, yeni potensial mövcud resurs və potensiala uyğun olmayan strateji vəzifələr müəyyən etməklə formalaşa bilmir. Yeni potensialı "ali məqsədlərə yönəlmiş kiçik uğurlar strategiyası" formalaşdıra bilər. Universitet idarəetmə prosesinin böyük məqsədlər və sadə strateji addımlardan daha mürəkkəb taktikalara doğru təkamül etməsi vacibdir. Bu halda eksperimentlər qaçılmaz görünür və yeni yolla irəliləmək üçün universitetlər tərəfindən qəti və ciddi qərarların verilməsi tələb olunur".

Ədalət Muradov rektor kimi ali təhsil müəssisələrimizin problemlərini də düzgün qeyd edir. Universitetlərimiz problemlərin bolluğu və resursların yoxluğu şəraitində necə inkişaf edə bilər? Bəs ali təhsil müəssisilərimizə kim dəstək verməlidir? Elm və Təhsil Nazirliyinin universitetlərin inkişafına elmi-metodik dəstək verməyə heç bir potensialı yoxdur, çünki komanda qeyri peşəkardır (görünən dağa nə bələdçi?). Universitetlərin daha çox maliyyəyə ehtiyacı var bu gün, amma Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrimizin inkişafı üçün zəruri maliyyə dəstəyi vermək əvəzinə, əksinə olaraq onlardan pul istəyir (yaratdığı fondu saxlamaq üçün). 4,5 milyard büdcə kifayət etmirmi nazirliyin fəaliyyətinə? Əgər həqiqətən Elm və Təhsil Nazirliyi belə kasıbdırsa, onda bu fondu niyə yaradırdı? 20 ildə ali təhsil müəssisələrimizinə vermədiyi maliyyə dəstəyini nazirlik indi bir ildə onlardan tələb edir.

Müasir dövrdə universitetlərin inkişafı üçün zəruri olan bir çox resurslar hələ də bizdə yoxdur. Belə şəraitdə Elm və Təhsil Naziliyinin ali təhsil sahəsindəki fəaliyyəti isə məhşur "Minsk qrupu"nun Qarabağdakı fəaliyyətini yada salır: adı var, səmərəsi yoxdur.

Nazirliyin istər orta məktəblə, istər ali məktəblə əlaqəli səmərəsiz fəaliyyəti daha çox "qızınmadıq istisinə, kor olduq tüstüsünə" məsəlini yada salır.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR