• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Nəticələrlə yox, səbəblərlə mübarizə aparmalıyıq - Dos. İlham Əhmədov yazır
YAZARLAR
17 Mart 2023 | 13:10

Nəticələrlə yox, səbəblərlə mübarizə aparmalıyıq - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

AMEA-nın ümumi yığıncağında Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, "elmdə hələ də plagiatla bağlı sual ortaya çıxırsa, deməli, bizim elmin etik problemləri var”.

Əslində plagiatlıq etik yox, ilk növbədə hüquqi problemdir. Cəmiyyət bütün səviyyələrdə qanunsuzluğa adət etdiyi üçün, plagiatlıq hallarına da asanlıqla yol verilir. Amma elm və təhsil sahəsində mövcud qanun pozuntularının ən yüngülü elə plagiatlıqdır. Hər dəfə plagiatlıqdan danışmaqla, bu sahədə olan digər qanunsuzluqlardan diqqəti yayındırmaq, iş görüntüsü yaratmaq üçünmü edilir bunlar? Antiplagiat proqramı olmasaydı, görəsən nədən danışacaqdılar?

Nazir hamının bildiyi məsələlərdən yox, heç kəsin bilmədiyi məsələlərdən, onların unikal həll yollarından, üzdə olan yox, dərində olan məsələlərdən, onların  həllindən danışmalıdır.  Məsələn, universitetlərdə elmin vəziyyətindən, elmin inkişaf proqramlarından (əgər varsa),  niyə bu 5 ildə hələ də tədqiqat universitetlərinin yaranmamasından,  ETN-nin bu yolda atdığı addımlardan,  ATM-də  elmin inkişafı üçün nazirliyin verdiyi qrantlardan, ATM-də elmin maliyyələşməsindən, ildə neçə alimin xaricı elmi konfranslara ezam olunmasından, ATM-də elmi jurnallarda məqalələrin hələ də müəlliflər üçün ödənişli dərcindən, müəlliflərə qonorar verilmədiyindən, Azərbaycan Respublikası Təhsil İnsitutunu niyə elmi fəaliyyətdən yayınıb metodik mərkəzə çevirməsindən və sair problemlərdən danışılsın. Bilək ki,  elm və təhsil naziri problemlərdən agahdırmı, nə edəcək yaxın illərdə, düz yol seçibmi?

Təhsil olmayan ölkədə elm də olmaz. Desin görək 3 ildə təhsildə nə edə bildi? Bu və sadalamadığım digər problemlər həll olunmasa plagiatlıq davam edəcək. Təhsildəki problemlərin mövcudluğu etiraf edilirmi? Həll mexanizmi varmı? 30 ildə toplanan ciddi problemləri hansı “peşəkar” komanda ilə həll edəcək ? Daim nəticələrlə mübarizə aparmaq, səbəblərdən yan keçməklə məsələlər həll edilməz.  

Bəlkə alimləri də sertifikasıyadan keçirək? Müəllimləri gərginlikdə saxladıq, bəlkə alimləri də gərginliyə salaq. Yoxsa, 30 ildir, "yağ-bal" içində "firavan" yaşayıblar, daha bəsdir, bir az da stressdə yaşasınlar. ETN bu işləri yaxşı bacarır.

P.S.12 il əvvəl Rusiya Federasiyasında antiplagiat proqramı istifadəyə veriləndən az sonra, müstəqil ekspertlər Rusiyanın ovaxtki baş naziri və prezidentinin dissertasiyalarının antiplagiatla yoxladılar və məlum oldu ki, bu işlər plagiatdır. Amma Rusiyada elm və təhsil bizə nisbətən yüksək səviyyədə olduğu üçün, onlar plagiatdan yox, daha çox görülən işlərdən və problemlərdən, onların həlli yolundan danışırlar.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

01 Dekabr 2024