• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Ermənistan-Türkiyə yaxınlaşması: sülh sazişindən əvvəlki addım, yoxsa seçki strategiyası?

SİYASƏT

23 Oktyabr 2025 | 17:02

Ermənistan-Türkiyə yaxınlaşması: sülh sazişindən əvvəlki addım, yoxsa seçki strategiyası?

Ermənistan rəhbərliyinin son bəyanatları bölgədə yeni diplomatik dinamikanın formalaşdığını göstərir.

İrəvan tərəfindən səslənən açıqlamalarda Türkiyə ilə sərhədlərin yaxın gələcəkdə açılacağı, dəmir yolu və ticarət əlaqələrinin bərpasına dair müsbət dialoqun davam etdiyi bildirilir. Bu açıqlamalar Cənubi Qafqazda son illərin ən mürəkkəb mərhələsində - həm Ermənistanın seçki ərəfəsində olduğu, həm də Azərbaycanla sülh sazişi üzrə proseslərin gərgin şəkildə davam etdiyi bir vaxtda səslənir.

Hazırkı vəziyyətdə Ankara-İrəvan münasibətlərində tam normallaşmanın qısa müddətdə baş verəcəyi real görünmür. Ermənistan daxilində siyasi aktivliyin artması, müxtəlif sosial və dini qrupların fəallaşması qarşıdakı seçkilərin gərgin atmosferini göstərir. Cəmiyyətdə revanşist qüvvələrin yenidən baş qaldırması ehtimalı mövcuddur ki, bu da regionda stabilliyə zərbə vura bilər. Seçkilərin nəticəsi ölkənin gələcək siyasi kursunu və qonşularla münasibətlərin istiqamətini müəyyən edəcək əsas amildir.

Digər tərəfdən, Türkiyə ilə sərhədlərin açılması məsələsi birbaşa Ermənistanın Azərbaycanla münasibətlərinə bağlı qalır. Sülh sazişi imzalanmadan sərhədlərin tam açılması, regionda mövcud balansı pozaraq prosesləri mürəkkəbləşdirə bilər.

Həmçinin Ermənistanın konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar qalmaqdadır. Bu maddələr dəyişdirilmədən real və uzunmüddətli sülhdən danışmaq çətindir. Mümkündür ki, bu istiqamətdə ciddi addımlar yalnız seçkilərdən və yeni hökumət formalaşdıqdan sonra atılsın.

Beləliklə, Ermənistan-Türkiyə münasibətlərinin hazırkı mərhələsi daha çox siyasi mesaj xarakteri daşıyır. Həm İrəvanın, həm də Ankaranın diplomatik ritorikası gələcək sülh konfiqurasiyasına hazırlıq kimi qiymətləndirilə bilər. Lakin bu prosesin real nəticələr verməsi üçün regionda sabit siyasi mühitin formalaşması və Ermənistan daxilində konstruktiv qüvvələrin üstünlük qazanması vacibdir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR