• Bakı 18° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Rusif Hüseynov: Armen Qriqoryan iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə nikbin mövzulara köklənmişdi

SİYASƏT

23 Oktyabr 2025 | 12:10

Rusif Hüseynov: Armen Qriqoryan iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə nikbin mövzulara köklənmişdi

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə daha çox nikbin mövzulara kökləndi.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşünün iştirakçısı olan Topçubaşov Mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov deyib.

O qeyd edib ki, Ermənistana belə bir səfərin təşkili tarixi hadisədir:

"İndiyə qədər də hər iki ölkənin ictimai-siyasi xadimlərinin, jurnalistlərinin, idmançılarının, bəzi hallarda deputatlarının müxtəlif tədbirlər çərçivəsində Azərbaycan və Ermənistana səfərləri baş tutmuşdu. Lakin bu dəfə reallaşdırılmış səfər sırf ikitərəfli təşəbbüsün nəticəsidir. O baxımdan biz səfəri yüksək qiymətləndiririk".

R.Hüseynovun sözlərinə görə, səfərdə məqsəd avqustun 8-də Vaşinqtonda baş tutumuş tarixi görüş və orada imzalanmış Birgə Bəyannamənin ruhuna uyğun olaraq sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyənləşdirmək və bu prosesdə yer almaq olub:

"Bu görüşün iştirakçıları Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmək və onun fikirlərini eşitmək imkanı əldə etdilər. Bu, olduqca önəmli idi. Çünki İrəvana səfər etmiş azərbaycanlı ekspertlər üçün Ermənistan dövlətinin mövqeyini öyrənmək, xüsusilə sülh prosesinə rəsmi İrəvanın baxışını anlamaq və bu görüşdə müəyyən suallar qaldırmaq böyük əhəmiyyət daşıyırdı. Onu demək olar ki, Armen Qriqoryan da öz çıxışında daha çox nikbin mövzulara kökləndi, proseslə bağlı onun optimizmi hiss olundu".

Siyasi analitik hesab edir ki, bu görüş ilk növbədə sırf ikitərəfli xarakter daşıması və azərbaycanlı iştirakçıların birbaşa Ermənistana səfər edə bilməsi baxımından çox əhəmiyyətlidir:

"Qarşımızda müəyyən planlar, məqsədlər dayanır. Ümid edirik ki, nəzərdə tutduğumuz çərçivədə Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılan dövlətlərarası sülh gündəliyinə müəyyən töhfəmizi verə bilərik və məqsədimiz bu prosesin ardıcıllığını, davamlılığını qoruyub saxlamaqdır".

Xatırladaq ki, oktyabrın 22-də Ermənistan və Azərbaycanın ekspert icmalarının bir qrup nümayəndəsinin təşəbbüsü və rəsmi strukturların dəstəyi ilə İrəvanda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Dəyirmi masada Ermənistan tərəfindən Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər. Azərbaycan tərəfini isə Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib.


SON XƏBƏRLƏR