Məlumdur ki, Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarında Qərb institutları kənarda saxlanılır. Uzun illər Qərb bu sahədə təşəbbüsü öz əlində saxlayıb, öz iradəsini diqtə edib.
Amma indi Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirirlər. Üstəlik, vətəndaş cəmiyyəti nümayəndələri ilə başlayan ilk görüş və nəzərdə tutulan uzunmüddətli tədbirlər prosesi iki ölkənin birgə sülh şəraitində yaşaması zərurətinə dəlalət edir.
Maraqlıdır ki, Qərb institutlarının kənarda qalması regionun gələcək taleyi üçün hansısa təhlükə yarada bilərmi?
Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində kənar missiyanın və xüsusilə də Qərb siyasi platformalarının kənarda saxlanılması və tərəflərin birbaşa özlərinin etimad quruculuğuna başlaması, ən mədəni və ən məqbul tendeniyalardan hesab olunur.
Onun sözlərinə görə, bu cür görüşlərin keçirilməsi iki ölkə arasında münasibətlərin qurulması və inkişafı baxımından əhəmiyyətini və effektivliyini təmin etmək məqsədilə mühüm rol oynayır:
"Vaşinqton görüşü zamanı ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında sülh prosesi ilə bağlı işlətdiyi cümlələrdə olan bəzi diqqət çəkən məqamlardan biri də Azərbaycan və Ermənistanın ünvanına xoş sözlər söyləməsi ilə yanaşı, həmçinin dünyada baş verən münaqişələrin həlli istiqamətində Azərbaycan və Ermənistan təcrübəsini nümunə olaraq göstərməsidir. Hansı ki, söhbət proseslərin məhz üçüncü tərəf olmadan aparılmasından sonra əldə olunan ciddi razılaşmalardan gedir. Hesab edirəm ki, bu məqamı xüsusi olaraq qeyd etmək lazımdır. İlk dönəmlərdə Ermənistan və Azərbaycan arasında münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan görüşlər zamanı qəbul edilən qərarların ikilistandartlardan dolayı heç bir effekt verməməsi və bu səbəbdən bütün platformalarda keçirilən bu formatlarda görüşlər nəticəsiz qalırdı. Çünki vasitəçilik edən ölkələrin hər birinin öz maraqları var idi və geosiyasi rəqabət prosesləri dalana dirəmişdi. Belə bir vəziyyət münaqişənin həllinə kömək edə bilməzdi və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan ordusu işğalçı və separatçı rejimin bütün mövqelərini məhv etdi".
Çingiz Şahbazi: Sülh müqaviləsinin konturlarını artıq iki ölkə özü formalaşdırır
Politoloq qeyd edib ki, ölkə başçısının siyasi iradəsi nəticəsində iki ölkə arasında mövcud vəziyyəti dəyişdi və məhz bundan sonra vəziyyət həmçinin beynəlxalq platformalarda da dəyişməyə məcbur edildi.
"Bu gün nəinki iki ölkə arasında, hətta regiondakı reallıqlar dəyişib və Azərbaycan regionun lider dövlətinə çevrilib. Azərbaycan regionun sabitliyinə öz töhfəsini verməkdədir. Sülh müqaviləsinin konturlarını artıq iki ölkə özü formalaşdırır və bu istiqamətdə yürüdülən siyasət artıq öz nəticəsini verir. Burada vasitəçi diqtəsi yoxdur, birbaşa dövlətlərarası dialoq var və iki ölkə arasında diplomatik münasibətlər fonunda işçi qrupları fəaliyyət göstərir. Artıq vətəndaş cəmiyyətlərinin təşəbbüsləri ilə görüşlərə başlanılıb. Belə tədbirlərin keçirilməsi siyasi prosesin ictimai təməlini formalaşdırır", - deyə müsahibimiz vurğulayıb.
Ç.Şahbazi hesab edir ki, belə görüşlər sülh prosesinin hökumətlər səviyyəsindən xalq diplomatiyası səviyyəsinə inteqrasiya etməsini təmin etmək üçün daha əlverişli platformadır. İctimai etimadın formalaşması və gələcəkdə əməkdaşlıq üçün zəmin yaradan bu görüşlər düşmənçiliyi aradan qaldırmaq məqsədi daşıyır:
"Əlaqələrin qurulması, regional inteqrasiyanın təməlinə nail olmaq və digər məsələlərin həllinə yönəlik ictimai etimadın bərpasını təmin etmək üçün bu kimi vətəndaş cəmiyyətlərinin görüşləri vacibdir. Müstəqil və qarşılıqlı məsuliyyətə söykənən belə görüşlərin keçirilməsi sülh mədəniyyətinin yaranmasına dəlalət etdiyini göstərir və bu tendensiyanın davam etməsi nəinki region üçün, həmçinin dünya üçün faydalıdır".
Gülşən Şərif