• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Xansız Xaniman – Dr.Kəmalə Ələkbərova yazır
YAZARLAR
30 Dekabr 2022 | 10:21

Xansız Xaniman – Dr.Kəmalə Ələkbərova yazır

Dr.Kəmalə Ələkbərova

Əslində növbəti yazı olaraq elmdən yazmağı fikirləşirdim. Amma maşallah, ölkəmizin gündəminə yetişmək olur ki… Son nöqtəli vergül isə hələlik “xan və xanlıq” məsələsidir.

Mətbuatdan və sosial mediadan  məlum olur ki, bu xəmir hələ çox su aparacaq. Əslində bu yazılanları, danışılanları “ucundan-qulağından” da olsa çoxumuz əvvəllər də bilirdik. Amma bir neçə şəxs xaricində heç kim açıq-aşkar heç nə demirdi. Deyənlər də əsasən sağına-soluna boylanıb pıçıltı ilə deyirdi, səbəbi də məlum idi. İndi Allaha çox şükür, hərə əlində bir balta “ədə qoymayın” deyib sağı-solu çapır. İndi hamının dilində “talobovlardır”. Guya ki, uşağın boynunun “razmerini” hamı indi görüb. Mədhiyyələr deyənlər indi həcviyyə deyir. Məşhur filimdə deyildiyi kimi, “Noldu indi tanımırsan, bir zamanlar “atam, atam” deyirdin?!” 

Mənim gedənin arxasınca söymək, “palan döyəcləmək” fikrim yoxdur. Hətta bir dəfə bizim hər zaman “bir əli böyük ətəklərdə olan” dostumuz yaltaqlanmağa doymadığı, yaltaqlıqlarına ortaq olanlara “dözümsüzlük” göstərdiyi məmurlardan biri vurulandan sonra mənə zəng edib “sən ziyalısan, gərək onun haqqında sən də fikrini deyəsən” dedi. Niyə axı o adam kresloda oturanda mənim “ziyamı” görmürdün ay, canım-gözüm?! Mən əqidə adamıyam, yaltaq olsaydım bəlkə mən də “bir gün görərdim bu yaşıma qədər”. Vəzifədə olanda yaltaqlanmadığımı, daha sonra pisləmək mənə yaraşmaz. Onsuz da ilk daşı elə ən çox “xeyrini” görənlər atır...

Sadəcə ölkəmin, dövlətimin mənafeyi, rifahı üçün atılan hər addım məni sevindirir. Məsələn, o gün ığdırlı dostum Ərhanın səsindəki sevinc telefondan “aşıb-daşırdı”. “Hocam, Naxçıvan Naxçıvan olalı belə azadlıq görməyib” deyə şadlanırdı. Ondan gömrüyü soruşdum, tələbələrin rahat keçib-keçməməyi ilə maraqlandım. Dedi “Hocam, buralar güllük-gülüstanlıqdır”. Vallah vətən bağının al-əlvan olmağını kim istəməz ki... Yetər ki, içində “xar” olmasın.

Son oxuduqlarım arasında xanzadələrin müğənni “Yuxu”ya 8 milyonluq  mülk bağışladığı, digər müğənni xanımlara bahali hədiyyələr və s. verdiyi xəbərləri idi. təbii ki, bu xəbərlərin “ardı var” hələ. Mənim kimi bir çox “8 milyon üçün görəsən neçə kisə, qutu lazımdır?!” pulu tapıb yer tapmayan kasıbın ilk ağlına gələn fikir yəqin ki, budur. Bir də retro avtomobil həvəskari olduqlarını oxudum. Təbii ki, retro avtomobili əyləcinin səsi qulağı cırmaqlayan, bir saatda bir gələn 52 nömrəli avtobus olan məni kimi ziyalı bu “həvəsdən” nə anlasın... Atam danışırdı ki, kənddə kasıb bir ailənin uşağı tez-tez “görəsən Xruşşovun uşağı peçenyedən doyur?” deyə soruşurmuş. O uşaq elə bizik, bu ölkənin ziyalıları... 

Kimin kim olduğunu hamı bilir. Sadəcə, zamana ehtiyac var ki, o məqamı da cənab Prezident özü bilir. Bəlkə də kənardan baxana bu metastaz vermişləri təmizləmək asan gəlir. Maskalanmış, cilddən-cildə girən bitib-tükənməyən bu daxili düşmənlər xarici düşmənlərdən daha qorxulu və təhlükəlidir. Onların hər biri saatlı bomba kimidir. Ən uyğun, ziyanın ən çox dəyəcəyi və  ağrılı məqamı gözləyirlər. Vallah, adi balaca bir idarədə rəhbərliyə o qədər söz aparıb-gətirənlər olur ki. Söz də var, söz var. Bəziləri atlandırır, bəziləri də atdan salır. Hələ bunun bir də torba tikənləri, məddahları da var. Qıraqda əsib-coşan, sinəsinə döyən “kişilər”in rəhbərlik qarşısında büzüşdüyünü, qımışdığını o qədər görmüşəm ki... Rəhbərliyə təqdimat da çox önəmlidir. Ortada dolaşan, kadr seçiminə böyük təsir edən “kardinalın” əlini vicdanına qoyduğundan kim əmin ola bilər ki...

Yaxın günlərin adı ən çox hallanan Fuad Nəcəflinin layiqli namizəd olduğuna inanıram. Onun  avtobioqrafiyasına baxmaq kifayət edir. Məzun olduğu Orta Doğu Texniki Universiteti Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Orada oxumaq və məzun olmaq da hər oğulun işi deyil. F.Nəcəflinin rəhbər vəzifədə çalışma təcrübəsi olsa da, Naxçıvanı “düzəltməyin” nə qədər çətin olduğunu hamı bilir. 30 ilə yaxın “işğal” altında olan muxtariyyətdə həlli çox çətin olan qalaq-qalaq problemlər onu gözləyir. Bir də bunun milçək kimi toplanan vəzifə hərisi, dişləri qana batmış yaltaqları var. Kadr siyasəti də ən çətinidir. Bəzən qurunun oduna o qədər yaş yanır ki... Məsələn, hələ təyinatının mürəkkəbi qurumamış yeni kadr haqqında rəylərdə rüşvətxorun lap yekəsi olduğunu oxumaq məni çox məyus etdi. Hamının düzlükdən, şərəfdən, vicdandan danışdığı vaxta adam lap çaş-baş qalır. Gəl indi kələfin ucunu tap da.

Bir də saxta diplom məsələsi var. Hələ bir də 50 yaşından sonra ali təhsil alan icra başçıları, generallar haqqında çıxan xəbərlər var. Guya indinin özünə “San Marino”, “Təfəkkür” məzunu məmur-deputat-oliqarxlar yoxdur?! Mənim diplomum onların diplomlarını “döysə” də, onların ciblərini mənim büdcəmi lap “nokaut” edər. Axı, kimə lazımdır mənim Türkiyədən alın təri ilə aldığım o diplom? Lap elə burdan aldığım o magistr və ya alimlik diplomlarım kimə lazımdır? Onlardan guya bunlar yoxdur? Axı o diplomlar hamıda eynidir. Heç kimin diplomuna alın təri, yollarda, kitabxanalarda, arxivlərdə çəkilən əziyyət yazılmayıb və pulu olan hamıdan daha çox “alimdir”. Bu gün əldəqayırma Dağıstan Universitetinin məzununun yenidən hakim təyinatı aldığını eşidəndə qızara-qızara qalmış, toz basmış 1 kvadratmetrlik diplomumla istehza ilə baxışdıq. Toppuş oğlan bir hoppanmada prorektor olursa, xaricdə təhsil almış, elmi dərəcəli müəllimin illərlə BDU-da saat hesabı olmağı kimin ayıbıdır?           

Guya indi 65 yaşını keçmiş məmurcuqlar arasında Sovet vaxtı “bir tapşa” universitet məzunu olan, ata-babalarının xahişi ilə kursdan-kursa keçib indi isə özünü hamıdan ağıllı hesab edənlər azdır?! Təbii ki, belələri savadlı, perspektivli və onlardan daha gənc olan kadrlarını sıxışdırır, onlara rəqib gözü ilə baxırlar. Axı təşkilatda bir “ağıllı” ola bilər, qalanları ona “ləbbeyk” deyən olmalıdır ki, eqosunu “tumarlasın”.

Böyük Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərindən biri olan latın əlifbasına keçməmizdən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də kiril əlifbası ilə yazan, dövlətdən vəzifə, ev, ad, orden qoparıb, bivec övladlarına gün ağlayan, xalqın – elə yeri gəlsə özlərinin də anlamadığı ilan-qurbağa yazılarına “fəlsəfi” deyən yazı-pozu adamları yoxdur?!

Xalqı dövlətdən, hakimiyyətdən narazı salan bütün məmurlar ağır cəzalandırılmalıdırlar. Cəzasızlıqdan istifadə edən məmurlar daha da harınlaşıb azğınlaşır, özlərini xan yox e, lap padşah hesab edirlər. Unudurlar ki, əməkdaşlara onların atalarından qalan miras hesabına deyil, dövlət hesabına maaş ödənir. Rəhbərlik etdikləri qurumlar da şəxsi fermaları deyil, dövlətin idarəsidir. Müftəxor qohum-əqrəbasını ətrafına yığıb, şəninə sağlıq dedirdib, ailə üzvlərinin adına maaş yazıb kartları cibinə doldurmaqla deyil. Bir gün bütün saxtakarları “talıbovlardan” betər tale gözlədiyinə inanıram.

P.S.Yazımın azca da olsa Mark Tven ölkəsinin 10 məmuruna “Qaç! Sirrimizin üstü açıldı!” məzmunlu məktubu effektli olması diləyi ilə...

Bakıvaxtı.az


SON XƏBƏRLƏR