• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Günün mübarək, bayrağın yüksək, Zəfərin axarıncı olsun, VƏTƏN!
YAZARLAR
09 Noyabr 2022 | 13:22

Günün mübarək, bayrağın yüksək, Zəfərin axarıncı olsun, VƏTƏN!

Dr.Kəmalə Ələkbərova

Ölkəmiz, xalqımız üçün böyük əhəmiyyət daşıyan günləri yaşayırıq. İki il əvvəl - 2020-ci ilin bu günləri hamımız bir yumruq, bir ürək olub o son xəbəri, o son “tvit”i gözləyirdik.

Yaşadığımız son 44 günün hər günü, hər saatı, hər dəqiqə və saniyəsi həyəcan dolu idi. Hələ mənfurlarla internerdə apardığımız informasiya müharibəsini demirəm. Lələləri hər zaman ermənilərin nazı ilə oynamış, türklərə qarşı xəyanətlərinə, amansız cinayətlərinə, soyqırım etməklərinə baxmayaraq onları haqlı çıxarmış, 200 il ərzində ata-baba torpaqlarımızı parça-parça qopararaq onlara “vətən” düzəltmişdi. Atəşkəsdən sonra işğalın 30 ili ərzində tez-tez şəhid xəbəri alırdıq. Düşmənimiz xain, qana susamış çaqqal xislətlidir. Tarix boyu türklərə hər zaman arxadan hücum edib, indiyə qədər də bizdən torpaq qopara-qopara gəlib. Və ilk dəfə idi ki, sahibini “qapan” düşmənlərimiz biabırçı məğlubiyyətə uğrayırdı.   

Bu 30 ildə isə onlar qələbə eyforiyasından ayıla bilməmiş, kölgəsində uzandıqları arabanı öz kölgələri bilirdilər. Bəzisi Bakıda çay içməyə gələcəyini, bəzisi birinci Qarabağ müharibəsində göstərdikləri igidlikdən yazırdı. Təbii ki, mənim bizim ölüləri Bakıya gətirmədiyimiz, müharibə zamanı cinayət törətmiş adamları gec-tez tribunala verəcəyimiz  və s. kimi cavablarım onların xoşuna gəlmirdi. Hakimiyyətləri onları o qədər arxayın salmışdı ki... Onları inandırmağa çalışanda isə hikkədən bloka atırdılar. 44 gün ərzində dəfələrlə “blokda olsam” da, informasiya müharibəsinin əsgəri olduğum üçün xoşbəxtəm. Hətta qələbə uğrunda  cəbhəyə də getməyə hazır idim. O günlərdə bütün xalqımız, millətindən, etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq yumruq kimi birləşmişdi. Xalq əsgərinin, dövlətinin ətrafında birləşmişdi. O günlər qanımız da damarımızda durmaq istəmir, sanki “şüheda” olmaq üçün coşub qaynayırdı.   

O bənzərsiz günlərdə şəhid xəbərləri, qələbə xəbərləri ilə bir gözümüz gülür, bir gözümüz ağlayırdı. Hələ o gün - 8 noyabr günü... Mən həyatımda bəlkə də o qədər sevinməmişdim. Xalqda birlik, təəssübkeşlik pik nöqtəsində idi. 44 günün hər günü beynimiz, fikrimiz diqqətimiz cəbhədə - orada döyüşən igidlərimizin yanında, gözümüz televiziyada - prezidentimizdən gələn qələbə xəbərlərində idi. Şəxsi problemlərini, ehtiyaclarını unudan insanlarımız cəbhəyə yardım edir, əsgərlərin ehtiyaclarını qarşılamağa çalırdı. Hər şey Vətən naminə idi, ən vacib Vətən idi.

Erməni işğalı zamanı murdarların Şuşa küçələrində gəzmələri, Cıdır düzündə qəhqəhə çəkmələri, Kəlbəcərdə İsti suyu çirkləndirmələri ürəyimdə yara kimi sızıldayırdı. Nifrətim aşıb-daşır, qəzəbim boğazımda düyünlənirdi. Mən əslən o bölgələrdən olmasam da, özümü vətənimin hər bölgəsinin “daş”ı hesab edirəm! Vətənimi sevirəm! Buna görə də gərilən əsəblərim vətənimin düşmən tapdağında qalmasına dözə bilmirdi. Doğrusu, o torpaqların qayıdacağına olan inamım da son nəfəsini vermək üzrə idi.

Sonunda xəyallar gerçək oldu. Düşməndən döyüşə-döyüşə alınmış o torpaqların hər addımında övladlarımızın qan izi var. Biz onlara, tökülən qanlarının hər damlasına, hər zərrəsinə borcluyuq, 2908  şəhid 6 itkin Vətən övladı! Hamınız o qədər göyçək, o qədər yaraşıqlısınız ki... O qədər gözəl gülürsünüz ki, şəkillərdə... Siz Allahın sizə bəxş etdiyi ən qiymətlini - canınızı, gənc ömürlərinizi Vətənə, bizlərə - xalqınıza görə fəda etdiniz. Siz atalarınızın, babalarınızın həll etməli olduğu problemi həll etməli deyildiniz, körpə balalar. Bizi bağışlayın. Siz cənnətdə, bizsə vicdanımızın cəhənnəmində yaşayırıq! Nurunuz bol olsun! Haqqınızı bizlərə - alnımızdakı ləkəni qanları ilə yuduqlarınıza halal edin!

Gözəl Türkiyəm, qırmızı bayrağın nazlı hilalı, sənin - prezidentin Rəcəb Tayyib Ərdoğanın xidmətlərini də unutmarıq. Qapı kimi, dağ kimi xarici dövlətlərin qarşısında durdu, düşmənimizin havadarlarını “susdurdu”, əsgərlərimizə təlim verdi, Polad kimi generallar yetişdirdi. Xalqın hər zaman bizi dəstəklədi, çaqqal sürüsü içində tək olmadığımızı gördük, bizi qələbəyə ruhlandırdı. Dostumuzla, qardaşımızla düşmənimizin kim olduğunu anladıq. 

Əziz şəhid anaları, şəhid ataları, övladımıza azca soyuq dəyəndə, xəstə olanda, ayağı daşa dəyəndə ölüb, dirilirik. Siz isə övladları Vətənə qurban vermisiniz! Valideyn olan hər kəs sizin yaşadığınızı gözəl başa düşür. İnanın ki, bizim də ciyərimiz yanır! Dərdiniz dərdimizdir! Sizin övladlarınız evdən yox, eldən gedən igidlərdir! Sizlərə çox borcluyuq!        

Əziz qazilərimiz, sağlamlıqlarını, bədənlərini Vətənimizin, bizim yolunda qurban verən igid balalarımız, sizin də borcunuz ödənməz. Bəzilərinizin əsəbi, qüruru dözmədi, oddan-alovdan çıxdınız, problemlərin çəngəsindən çıxa bilmədiniz. Düşmənlə mübarizə apardınız, düşmənə qalıb gəldınız, amma... Sizləri də unutmadıq! Əgər bacara bilirsinizsə bizi bağışlayın...

Bu qələbə gözəldir, şirindir. Amma gəlin biz də eyforiya yaşamayaq. Elə bir düşmənimiz var ki, su yatsa da o yatmaz, dincəlməz. Sonuncu hay qalana qədər susmaz, saman altından su yeridər. Dünyanın çalxandığı belə bir zamanda isə arxayın olmamalı, daha ciddi hazırlaşmalıyıq. Havadarları düşmənimizə xımır-xımır silah daşıyır. Yuxarıdan-aşağıdan “mehriban düşmən”lərlə qonşuyuq. Bizim isə daha çox işimiz var! İşğalda olan topraqlarımızın, yurd yerlərimizin gözü yoldadır!

Biz xalq olaraq “nəyin nə vaxt ediləcəyini bilən” insana - Prezidentimizə inanır, etibar edirik! Düşmənin başını əzən dəmir yumruqla hərdən harınlamış məmurlara da qapaz çəkmək lazımdır! Xalqı isə hər zaman onun arxasındadır!   

Müharibə başlayandan bir arzum var. Böyük qələbədən iki il keçməsinə baxmayaraq mənə hələ də Şuşaya getmək qismət olmasa da,dostlar da bilir ki, ən böyük xəyalım Xankəndi Universitetinin rektoru olmaqdır!  Ataların dediyi kimi, xəyal qurmaq pulla deyil ki... Həyatdır da, gələcəyi bilmək olmaz. Böyük Mehmet Akif demiş “belki yarın, belki yarından da yakın”.


SON XƏBƏRLƏR

01 Dekabr 2024