• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

9 may və ya “qızım, sənə deyirəm, gəlinim, sən eşit” fiaskosu - Dr. Kəmalə Ələkbərova yazır
YAZARLAR
08 May 2022 | 19:11

9 may və ya “qızım, sənə deyirəm, gəlinim, sən eşit” fiaskosu - Dr. Kəmalə Ələkbərova yazır

Dr.Kəmalə Ələkbərova

İki aydan çoxdur ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Bu müharibə başlayandan bəri hər gecə yuxularımda özümü bombardman olmuş Ukrayna şəhərlərində görürəm.

Elə bu mövzuda yazmağa çox sözüm olsa da, özümü heç zaman siyasətçi hesab etmədiyim və belə bir iddiam da olmadığı üçün, bir çox “siyasi icmalçılar” kimi danışmaqdansa danışmamağı üstün tutdum. Ukraynanın qələbəsindən sonra yazaram, deyə hər gün yazmağı təxirə saldım. Düzü, heç əlim yazı-pozuya da yatmır. Ürəyimdə bu müharibənin qısa müddət sonra bitəcəyi ümidi öləziməyə başlayanda, xüsusən də rus-erməni media və sosial şəbəkələini izlədikcə daxilimdə qopan fırtına daha da güclənməyə başladı. Yazacaq, deyiləcək o qədər söz, o qədər hiss və həyəcan var ki...

Əslində biz bir ölkə, millət olaraq Ukraynaya qarşı olan bu aqressiv, amansız, qanlı işğalı ən yaxşı başa düşənlərdənik. Çünki regionumuzda çar havası əsməyə başlayan tarixdən bəri biz də bütün bunları yaşadıq. İndi Ukraynada törədilən faciələr də bizə çox tanışdır. Bu faciələri sonuncu dəfə 20 yanvarda, Xocalıda, Başlıbeldə və s kimi hadisələrdə gördük. Adı, milləti fərqli olsa da, eyni dəsti-xətt bütün qanlı hadisələrdə, soyqırımlarda davam edir.

Ukraynada qocaların, qadınların və uşaqların qətlə yetirilməsi bizi dərindən sarsıdır. Xalq olaraq Ukraynanı dəstəkləyirik. Düşmənlərimiz isə eyni həyəcanla rus imperializmini dəstəkləməkdədir. Çünki arxasız köpək qurd basa bilməz. Arabanın kölgəsi olmasa, it də özünü bir şey zənn edə bilmir, axı. Gör, Rusiya mediası nə gündədir ki, bu gün onu üzdəniraqlar idarə edir. Rusiya mediasının kapitanı hesab edilən Simonyanın ərçəsi Keosayan həddini aşaraq qardaş qazax xalqını təhqir edəcək qədər cəsarətlənib. Onlar Rusiyanın məğlubiyyətinin tampon Ermənistan üçün də xoş nəticələnməyəcəyinin fərqindədirlər. Ukraynanı üç günə işğal etmə, Kiyevdə hərbi parad keçirmə xülyası ilə hərbi bayram formalarını belə göndərən Putinin özü də şokdadır. Onun Ukraynanı parçalamaq, orada hakimiyyət dəyişikliyi etmək niyyəti Ukrayna xalqını öz hakimiyyəti ətrafında daha da birləşdirdi.

Putinin artıq tamahı rusları bütün dünyanın gözündən saldı. Artıq bütün dünya rusların dilinə, mədəniyyətinə, hətta sərmayəsinə ikrah hissi ilə yanaşır. Onu da nəzərə almaq lazımdır ki, bu gün on minlərlə rus dünyanın müxtəlif ölkələrində, o cümlədən də keçmiş sovet respublikalarında yaşayır. Və bütün dünya ruslara partlamağa hazır mina kimi şübhə və ikrahla baxır. Amma sosial mediadan da gördüyümüz kimi, onlar hələ də özlərini ali irq kimi “aparmağa” davam edirlər. Baxmayaraq ki, rus ordusunun Ukraynada etdiyi insanlığın üzqarası, hərbi cinayətdir. Rus ordusu mülki əhaliyə qarşı cinayət işlədir, humanitar koridor yaratmır, günahsız insanları öldürür, oğurluq və talançılıq edir. Ananı gülləyərək qucağına körpəsi ilə bərabər mina bağlayan məxluqlar özlərini necə insan adlandıra bilərlər axı?!

Təəssüf ki, bu gün Putin hakimiyyətinin Ukraynadakı qeyri-insani əməllərinə rus xalqı da haqq qazandırır. Burada Rusiya informasiya vasitələri qədər rus şovinizminin də böyük rolu var. Rəyi soruşulan sıravi ruslar hakimiyyətlərinin qanlı siyasətinə haqq qazandırmaqla kifayətlənmir, hətta bəziləri Ukraynanı yer üzündən silməyin lazımlığını deyirlər. Bunu söyləyənlər arasında özlərini “ali irq” və “məğlubedilməz” adlandıran “alkoqoliklər” də az deyil.

Rusiya hakimiyyəti Ukraynaya hücumu müharibə yox, “xüsusi əməliyyat” adlandırmaqla daha çox öz xalqının gözündən pərdə asmağa çalışır. Müharibənin əvvəllərində bəzi Rusiya siyasətçiləri Ukrayna ilə hətta bir masaya oturmağı belə Rusiyanın “çestinə” dəymək kimi qiymətləndirirdilər. Axı, normal, ağlı başında olan birinin qonşusunun ərazisini işğal etməyi bir yana qalasın, onun işinə qarışması belə məntiqli deyil. Həm də güc və hərbə-zorba yolu ilə.

İlk zamanlarda Rusiyanın Ukrayna müharibəsini dayandırmaq üçün irəli sürdüyü 6 tələb də absurd idi. Bu şərtlər hər hansı müstəqil ölkə üçün qəbuledilməzdir:

- NATO-ya daxil olmaqdan imtina. Ukraynanın neytral statusu.

- Rus dili ikinci dövlət dili elan olunacaq. Onu pozan bütün qanunların ləğvi.

- Krımın Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması.

- Qondarma DXR və LXR-in müstəqilliyinin Ukrayna tərəfindən tanınması.

- Denazifikasiya. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğvi.

- Ukraynanın demilitarizasiyası. İstənilən növ hücum silahlarından tamamilə imtina.

Qarşıdan dünyanın faşizmə qalib gəldiyi 9 may bayramı gəlir. O qələbə ki, müxtəlif millər və irqə mənsub olan milyonlarla insanın qanı bahasına əldə edilib. Və bu gün o qələbə ki, Rusiya Federasiyası onu öz adına – rusların adına çıxır. Bu, rusların köhnə şakəridir. Eynən illərlə davam edən rus-fars müharibəsində olduğu kimi. 1827-ci ilin avqust ayında baş verən məşhur Uşagan döyüşündə 3 000 rus piyada, 1 000 kazak, 100 gürcü piyada, 100 erməni piyada və 5 000 (!) Azərbaycan türkündən ibarət silahlı süvarisi iştirak etsə də, rus tarixçiliyi bu döyüşdə yalnız rusların və kazakların sayını göstərir “yerlilər”dən yaradılan hərbi birləşmənin adını heç çəkmirlər. Tanınmış rus tarixçiləri əvəzində əsərlərində "kiçik rus birlikləri" "çox sayda fars ordusunu" məğlub etdiyini yazırlar. Halbuki, hətta 1828-ci ildə rus ordusunun Qafqazda Azərbaycan türkü atlılarının sayı 12 mindən artıq idi.

Ukraynada minlərlə əsgər, hərbi texnika itirən amma yenə də tüpürdüyünü yalamaq istəməyən və gecə-gündüz 9 may paradına hazırlaşan Rusiya bu dəfə “qızım, sənə deyirəm, gəlinim, sən eşit” siyasətinə sözün əsl mənasında üz-gözünə bulaşdırdı. Zombiləşdirdiyi əhalisinin, xüsusən də informasiyanı yalnız yerli telekanallardan alan orta yaş və üstü insanların “xüsusi hərbi əməliyyat” adı ilə gözündən pərdə asdığı işğalçı müharibədə geriyə yolu olmayan Rusiya dünyadakı nüfuzu ilə bərabər iqtisadiyyatını da israrla "Moskva" kreyserinin arxasından “göndərməkdədir”.

İqtidarına Rusiyanın dəstək verdiyi Qazaxıstan kimi bir çox keçmiş sovet respublikaları belə Rusiyaya qarşı sanksiyalara qoşulmaqla bərabər, 9 may günü əsgəri parad keçirməkdən imtina etdilər. Avropa da 8 mayda faşizm üzərində qələbəyə həsr olunmuş tədbirə bu il Rusiyanı dəvət etməyəcək.

Yeni il gecəsini təkbaşına qeyd edən tərk edilmişə bənzəyir Rusiya bu gün.

Tarix qəribə paradokslarla doludur. Qaliblər ittiham olunmur, amma gələcəkdə kimin neofaşist elan ediləcəyi də heç bəlli olmaz. Gec-tez hamı ədalət, insanlıq qarşısında törətdiyi əməllərinə görə cavab verməlidir. Hər halda bu dəfə bunu 40 il gözləməyəcəyik, deyəsən...


SON XƏBƏRLƏR