• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

İntihar edən gələcəyimiz - Dr.Kəmalə Ələkbərova yazır
YAZARLAR
05 Yanvar 2022 | 17:30

İntihar edən gələcəyimiz -Dr.Kəmalə Ələkbərova yazır

Dr.Kəmalə Ələkbərova

Ölkə olaraq tariximizin  ən şanlı günlərini yaşayırıq. Erməni  mənfurları son 200 ildə ilk dəfə bu qədər qınlarına “otuzdurulublar”. Hamımızın başında qələbənin yelləri əsdiyi bu günlərdə mən də qələbə sevincli, qələbə mövzusunda yazı yazacaqdım. Hadisələrin gedişi əlimi yazıdan, işdən elə soyutdu ki...

Amma necə deyərlər, sən yazdığını yaz, gör yerli media nə yazır. Məsələ hamımızın bildiyi, cəmiyyətimizin utancı, üzqarası olan balaca qızcığazın başına gələnlərdir. 

Təəssüf ki, bu hadisə heç də ilk deyil. Əvvəllər yalnız xaricdə olduğunu düşündüyümüz hadisələrlə artıq ölkəmizdə tez-tez rastlaşırıq. Hər gün gənclərin, xüsusən də yeniyetmə və uşaqların   intihar, qadın cinayətləri, uşaqlara qarşı zorakılıq və cinsi istismar xəbərləri cəmiyyətimizin gələcəyi üçün  böyük təhlükədir. Bütün bu hadisələr nəinki Türk adət-ənənələrinə, Türk törələrinə, insanlığa yaraşmayan çirkinliklərdir. Türklərdə gender bərabərliyi yazılmamış qanun idi. Qadınlar kişilərlə bərabər at belində düşmənə qarşı vuruşmuş, övladları arasında ayrı-seçkilik etməmiş, qızlarını da bərabər şərtlərdə böyütmüşlər.

Qorxunc bir statistika ilə üz-üzəyik. Təkcə 2019-cu ildə 585 nəfər intihar, 863 nəfər isə buna cəhd edib. 2020-ci ildə isə bu rəqəm bir az da atıb - 597 intihar, 967 isə intihara cəhd olub.

Bəs indi, müasir dövrümüzdə bu hadisələrin kökündə nə dayanır? Səbəb nədir?

Desəm ki, bütün bu hadisələrdə hamımızın günahı var, bəlkə də çox insan bunu qəbul etməyəcək. Amma bu, doğrudan da belədir.

Təbii ki, əsas günahkar ailədir. Mentalitetimiz elə qurulub ki, bizim üçün bəzi mövzular tabu olaraq qalmaqdadır. Valideynlə övladları arasında yaranan daş divar daha sonra müəllim və şagird, cəmiyyət və fərd arasında  uzanıb gedir. Valideyn uşağını dinləmir, bunun əvəzində onu cəzalandırır və uşaq səhvlərini, hərəkətlərini valideynin qorxusundan demir. Halbuki övladının ən yaxın dostu ata-anası olmalıdır. Bəlkə də uşaq üzləşdiyi xırda bir problemi vaxtında evdə danışsa, həmin məsələ yerində həll olunar. Çətinliklər qarşısında zəif olan, hələ xarakteri formalaşmayan azyaşlı bəzən də cinayətkara, ən yaxşı halda isə kompleksli insana çevrilir. Bu zaman ürkək xarakterli azyaşlıların psixoloji vəziyyəti pozulur və hətta intiharına səbəb olur. Dərdini ailəsi ilə bölüşə bilməyən uşaq məktəbdə də eyni vəziyyətlə qarşılaşır. Məktəb psixologiyasını - böyük və ya güclülərin kiçik və zəifləri əzdiyini  hamımız az-çox bilirik.   

Cəmiyyət və ailəsi tərəfindən lağa qoyulmaq, qınanmaq, danlanmaq, cəzalandırılmaq qorxusu uşaqları elə həmin cəmiyyət və ailəsindən uzaqlaşdırır. Burada da itirən cəmiyyət və ailə olur təbii ki. Kim bilir, bəlkə də itirilən bu körpələr elə bu cəmiyyət üçün böyük faydası toxunacaqdı.

Bu gün ölkəmizdə böyük bir psixoloq ordusu fəaliyyət göstərir. Amma təəssüf ki, onlar arasında ixtisaslı psixoloqlar azdır. Xüsusən də orta məktəb psixoloqları əsasən məktəbdə dərs saatı çatmayan müəllimlərdir. Halbuki xarici  ölkə təcrübələrində azyaşlıların istismar hadisələrinin üstü əsasən orta məktəb müəllimləri və psixoloqlarının səyi nəticəsində açılır.  

Dövlət - təhsil və daxili işlər nazirlikləri vəziyyətə diqqəti artırmalıdır. Bəziləri bunun çox çətin olduğunu iddia edə bilər. Təhsil Nazırliyi və ali məktəblər psixologiya və pedaqogika fənlərinin tədrisinə xüsusi diqqət etməl, daim nəzarətdə saxlamalıdır. Müəllimləri tez-tez təkmilləşdirməyə göndərən Təhsil Nazirliyi xüsusən bu sahəyə diqqət etməlidir. Çünki uşaqlarla valideynlərdən çox müəllimlər təmasda olur. Belə hadisələrdə müəllim olmaq kifayət etmir. Həm də pedaqoq, insan olmaq lazımdır.

Orta məktəbdə oxuduğum zaman sinif rəhbərim vardı. Dərsdən sonra qızları başına yığar, sinfin dedi-qodusunu edər, sinifdə kimin kimi sevdiyi ilə maraqlanardı. Ən çox sevdiyi məşğuliyyəti isə “xatirə dəftəri” oxumaq idi. O yaşımda bunun düzgün olmadığını hiss edir və sinif rəhbərimin bu münasibətinn sevməzdim. Heç onun da məni sevdiyini düşünmürəm. Yığdığı bütün məlumatları “cıqqılı” təfəkküründə “emal” edən “məllimə” bunu hamının qarşısında şagirdlərin üzünə vurur, o günün informasiya qıtlığında hələ özünüdərk edə bilməyən körpə beşinci sinif şagirdlərinə, əxlaq, ayağını qaldıraraq “qızın dizi görünməməlidir” deyərək etika dərsi keçir, uşaqlıq illərinin pak hissləri ilə yazılmış sevgi məktublarını oxuyardı. Həm də bütün bunları 30 nəfərin qarşısında edərdi. O vaxtın şagirdləri saf qəlbləri ilə müəllimin dediklərinə qulaq asar, “müqəssirləri” “daş-qalaq” edərdilər. Bu səbəbdən də şagirdlər, əsasən də qızlar travmalı böyüdülər. Müəlliməmizin doğma övladlarının da ailələrinin dağıldığını eşitdim illər sonra. Özünə psixoloq lazım olan belə “müəllim”lərin indi olmadığına kim təminat verə bilər?

Unutmamalıyıq ki, bu gün zorakılıq görən, istismar olunan, intihar edən azyaşlı gələcəyin əsgəri, anası, ən əsası da bu ölkənin vətəndaşıdır.


SON XƏBƏRLƏR