• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Gözdən uzaq olan könüldən iraq olmasın - Dr.Kəmalə Ələkbərova yazır
YAZARLAR
28 Sentyabr 2022 | 13:39

Gözdən uzaq olan könüldən iraq olmasın - Dr.Kəmalə Ələkbərova yazır

Dr.Kəmalə Ələkbərova

Alnımızın ləkəsini qanları ilə yuyan igid övladlarımızın şanlı tarix yazdığı Vətən müharibəsinin ildönümündə, dəmir yumruğun yenidən sıxılaraq düşmənə qıcandığı, sərhədlərimizdə düşmənin hər an pusquda olduğu bir vaxtda yolum atamın doğulub böyüdüyü torpağa - Azərbaycanın əsrarəngiz təbiəti olan Gədəbəyə düşdü.

Cənnəti xatırladan gözəlliyə sahib bu bölgə təəssüf ki, illərdir mənfur düşmənlə üz-üzə dayanıb. Düşmənə bir nəfəs qədər yaxın olan ata yurdum Şınığın Qaravəlilər kəndidir. Gədəbəy rayonun ən yüksək nöqtələrindən hesab olunan kəndimiz düşmənə də “yuxarı”dan baxır.

Ağlım kəsəndən kəndin ilk alimi, tanınmış siması və el ağsaqqalı olan atamın kəndi, qohumları - Qandal Nağı, Qaçaq Cəfərqulu haqqında söhbətlərini eşitmişəm. Gədəbəy torpağı vaxtı ilə Azərbaycana ən çox ziyalı bəxş edən bölgələrindən biri olub. Mənim atam hələ sovetin vaxtında da bu ucqar kənddən öz savadı və gücü ilə çıxan ilk alim idi və bu yolda çox əziyyət - məhrumiyyət çəkmişdi.

Ovaxtlar Bakıda qeydiyyata düşmək, ev sahibi olmaq çox çətin idi. Rayon insanlarının Bakıda tək-tük qohumları yaşayırdı. Evimiz bir növ vağzal – otel vəzifəsini daşıyırdı. Əsasən də əsgərliyə çağırış, institutlara qəbul və ən çox da kartof satışı “mövsümündə”. Ailəsinin ali təhsil alan, qabağa gedən tək oğlu, kəndinin-kəsəyinin irəli getmiş adamı olan atamın kənddən gələn qohum-əqrəbasını həkimə - xəstəxanaya aparmaq kimi qeyri-rəsmi “vəzifəsi” də var idi. Anamın xəstəxanaya yemək aparmaq üçün ayırdığı sarı çanta hələ də durur. Hətta atamın yaxın qohumlarının dəfələrlə qış mövsümünü bizdə keçirməyini xatırlayıram. Nənəmlə parkda səkidə oturmağımız yaddaşımın bir bucağında daşlaşaraq qalır. Təbii ki, 1970-ci illərin Bakısında şallı qoca kənd arvadı və onun yanında oturmuş 3-4 yaşlı uşaq yəqin ki, “eqzotika” sayılırmış. Qısacası, atamın el-obası, qohum-qardaşı üçün çırpınmaları ilə dolu zəngin uşaqlıq xatirələrim var. Ucqar kənddə xəstə olan qohumlarını Baklıya gətirmək, həkimə aparmaq, müalicə etdirib, cibinə pul qoymaq atam üçün müqəddəs borc - vəzifə olmuşdu. 80-ci illərdə başına qan sızan əmim arvadı üçün təcili yardım helikopterinin bu ucqar dağ kəndinə necə əziyyətlə eniş etdiyini kənd camaatı hələ də danışır.

İndi uşaqlığım atamın kəndindən daha ucqar və əlçatmazdır. Bizim burdakı insanlar üçün “aydan gəlmiş” insan olduğumuz, lap körpə olanda gəldiyimiz bu ucqar dağ kəndinə qayıdışım otuz yaşımdan sonra oldu. Mənfur ermənilərin sovet ordusunun köməyi ilə torpaqlarımıza hücum etdikləri 90-cı illərdə evini, kəndini qoyub qaçmayan kənd adamları indi Bakıya üz tutub - xüsusən də Maştağa, Zabrat, Balaxanı kəndləri ətrafında torpaq sahəsi alıb ev “qaraldıb”. Vaxtı ilə hər evdə 8-10 nəfər yaşayan kənddə əsasən qocalar qalıb, mal-qaranın sayı, kənd təsərrüfatı, əkin-biçin kəskin azalıb.

Kənd adamlarının dediklərinə görə 1967-68-ci illərdə kəndin ərazisi Ermənistana verilmişdi. Kəndin irəli gələn adamlarının, bibim Cəfərova Hamaya Əfil qızı da başda olmaqla Moskvaya yazdıqları məktubun təbii ki, heç bir təsiri olmamışdı. Ata babamın “Dam yeri” adlandırılan torpaq sahəsi də təəssüf ki, indi erməni tapdağı altındadır.

Kəndin hələ də çox sayda problemi olmasına baxmayaraq, müsbət hallar da var. Sovet hökumətinin çiçəkləndiyi dövrlərdə belə qaz çəkilməyən bu sərhəd bölgəsində bu gün hər evdə qaz yanır. Bu, həm əhaliyə rahatlıqdır, həm də təbiətə vurulan ziyanın qarşısını alıb. Belə ki, əhalinin qış hazırlığı olaraq odun almaqdan, meşələrin də əlində balta olan əhalidən canı “qurtarıb”. Qazın çəkilməsi ucqar dağ kəndlərində həyatın canlanmasına səbəb olub. İndi əhali əsasən də yay aylarında kəndə qayıdır.

İllərdir düşmənlə göz-gözə dayanmış bu sərhəd mərd kəndinin aralarında qadın və uşaqlar olmaqla on bir şəhidi var. Düşmənlə sözün əsl mənasında “göz-gözə olmaq” bu yerlərin igid insanlarını qorxutmur. Bununla belə bu sərhəd bölgəsinin xüsusi qayğıya ehtiyacı var. Məlum olduğu kimi, dövlət başçımızın sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Ölkə başçımızın bu yeni qərarının bu ucqar rayon üçün faydalı olacağına inanıram.

Ən çox turizm üçün sonsuz imkanların olduğu bu torpaqların hər qarışı bütün mənalarda qızıldır. Bölgədə turizmin - xüsusən də kənd və qış turizminin inkişafı yerli əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olacaq. Amma torpağının üstü kimi altı da təbii sərvətlərlə zəngin olan o torpaqların problemi də çoxdur. Mənsə ancaq qıraqdan baxmaqla gördüklərimi, müşahidə etdiklərimi yazıram.

Məncə, əsas ekoloji problemlərin başında məişət tullantılarıdır. Burada yaşayan yerli əhali tullantılarını hər zaman hər zaman dərələrə, çay yataqlarına atıblar. Amma indiki məişət tullantıları 20-30-50 il əvvəlki kimi təbii deyil, əsasən plastik kimi 100 illərlə çürüməyən kimyəvi maddələrdən ibarətdir. Buna görə də çay yataqları və dərələr üfunət iyi verən zibilliklərə çevrilib.

Kənddə internetin olmaması da inkişaf etmiş Azərbaycana heç yaraşmır. Sərhəd bölgəsi kimi burada yaşayan əhali heç olmasa qış aylarında kommunal xərclərdən azad edilməlidir. Çünki istər ölkədə və istərsə də dünyadakı son hadisələr sərhədlərin və sərhəd bölgələrin nə qədər əhəmiyyətli olduğunu göstərdi.

Vətən sərhəddən başlayır, cənablar! Sərhədimizi möhkəm qorumalı, ayıq olmalıyıq ki, pusquda durub fürsət gözləyən olduqca bic və quduz düşmənin dişini vaxtında qıraq!


SON XƏBƏRLƏR

01 Dekabr 2024