Türkiyədən Qırğızıstana birbaşa investisiyaların həcmi son beş ildə 1,4 milyard ABŞ dollarını ötüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri, prezident administrasiyasının rəhbəri Adılbek Kasımaliyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə Bişkekdə keçirilən Qırğızıstan-Türkiyə biznes forumunda məlum olub.
A.Kasımaliyev qeyd edib ki, son beş ildə Türkiyədən Qırğızıstan iqtisadiyyatına birbaşa investisiyaların ümumi həcmi 1,4 milyard ABŞ dollarını ötüb. Ölkələr arasında qarşılıqlı ticarətin illik həcmi 2,3 milyard ABŞ dollarından çox olub (2024-cü ildə).
O, həmçinin vurğulayıb ki, Qırğızıstan Türkiyəni yüngül və qida sənayesi, kənd təsərrüfatı, energetika, nəqliyyat, turizm, mədən sənayesi, tikinti, informasiya texnologiyaları və rəqəmsal iqtisadiyyat sahələrində əsas strateji tərəfdaşı hesab edir.