Rusiya-Ukrayna müharibəsi təkcə cəbhə xəttində deyil, eyni zamanda Avropa təhlükəsizlik arxitekturası üzərindən yenidən dizayn mərhələsinə daxil olur. Bunu son günlər ard-arda yayılan açıqlamalar və diplomatik təmaslar da göstərir.
Moskvanın “hörmət və aldatmama” şərti ilə yeni hərbi əməliyyatlardan imtina edə biləcəyinə dair mesajları, paralel olaraq Avropa paytaxtlarında və Vaşinqtonda səslənən daha realist və ehtiyatlı mövqelərlə üst-üstə düşür. Bu mənzərə müharibənin klassik “qalib-məğlub” çərçivəsindən çıxarılaraq daha geniş geosiyasi razılaşma müstəvisinə daşındığını göstərir.
Rusiya Prezidenti Vladimir Putinin Qərblə “bərabər şərtlər və qarşılıqlı hörmət” əsasında əməkdaşlığa hazır olduqlarını vurğulaması, əslində, Moskvanın uzunmüddətli təhlükəsizlik təminatları olmadan eskalasiyanı dayandırmaq niyyətində olmadığını açıq şəkildə ortaya qoyur. Burada əsas xətt ondan ibarətdir ki, Kreml Ukrayna məsələsini Avropa-Rusiya münasibətlərindən ayrı düşünmür. Yəni müharibənin dayanması üçün təkcə Kiyevlə deyil, bütövlükdə Avropa təhlükəsizlik sisteminin yenidən qurulması tələb olunur.
Bu yanaşma Avropa daxilində də getdikcə daha açıq dillə səsləndirilir. Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın hərbi yolla qalib gəlmək imkanlarının tükəndiyini və əsas məqsədin Ukrayna dövlətçiliyinin qorunması olduğunu açıq şəkildə etiraf edir. Bu mövqe bir tərəfdən Avropa cəmiyyətlərində müharibə yorğunluğunu əks etdirir, digər tərəfdən isə Şərqi Avropada birbaşa Rusiya ilə sərhəd riskinin dərk edilməsindən qaynaqlanır. Orbanın arqumenti sadədir: Ukraynanın tam süqutu Avropa üçün təhlükəsizlik fəlakətidir.
Fransa xəttində isə daha incə və balanslı manevrlər müşahidə olunur. Parisin Moskva ilə birbaşa danışıqlara qapını açmağa hazır olması, eyni zamanda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə ehtiyatla yanaşması Avropa daxilində parçalanmanı dərinləşdirir. Almaniyada bu mövzu siyasi gərginlik yaratsa da, Fransa Prezidenti Emmanuel Macron faktiki olaraq Avropa İttifaqını Rusiya ilə geri dönüşü mümkün olmayan hüquqi addımlardan çəkindirməyə çalışır. Bu isə Avropanın müharibədən sonrakı mərhələni artıq indidən hesabladığını göstərir.
Digər diqqətçəkən məqam kəşfiyyat və təhlükəsizlik kanallarında aktivləşmədir. Rusiya, Almaniya, Fransa və Böyük Britaniya xüsusi xidmət rəhbərləri arasında baş tutan telefon danışıqları göstərir ki, tərəflər eskalasiyanın nəzarətdən çıxmasının qarşısını almağa çalışırlar. Belə təmaslar adətən siyasi bəyanatlardan əvvəl gəlir və razılaşma konturlarının “səssiz diplomatiya” mərhələsində cızıldığını göstərir.
Vaşinqtondan gələn mesajlar isə daha sərt realizmlə yüklənib. ABŞ-də müzakirə olunan yanaşmalara görə, Ukrayna Donbasın bir hissəsi üzərində nəzarətin itirilməsini faktiki reallıq kimi qəbul etməyə məcbur qala bilər. ABŞ siyasətində söz sahibi fiqurlardan biri olan Vensin açıqlamaları göstərir ki, əsas hədəf artıq ərazi bütövlüyündən çox, müharibənin idarəolunan şəkildə dondurulması və Avropa-Rusiya münasibətlərinin tənzimlənməsidir. Zaporojye AES-in birgə idarə olunması kimi təkliflər də məhz bu texniki-siyasi kompromislərin tərkib hissəsidir.
Bütün bunların fonunda Ukrayna daxilində baş verən kadr dəyişiklikləri də təsadüfi görünmür. Prezident ofisində əsas fiqurlardan birinin prosesdən kənarlaşdırılması Kiyevin yeni mərhələyə hazırlaşdığını göstərir. Ukrayna rəhbərliyi üçün əsas sual artıq “necə qalib gələk” yox, “dövlətçiliyi hansı şərtlərlə qoruyaq” dilemmasıdır.
Nəticə etibarilə, formalaşan mənzərə onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi regional münaqişədən çıxaraq Avropa təhlükəsizlik arxitekturasının yenidən qurulması layihəsinə çevrilib. Moskva təhlükəsizlik zəmanətləri istəyir, Avropa eskalasiyadan yayınmaq niyyətindədir, ABŞ isə məsuliyyətin bir hissəsini Avropanın üzərinə ötürməyə çalışır. Bu prosesin mərkəzində Ukrayna qalır, lakin qərarların coğrafiyası artıq Kiyevdən xeyli uzaqlarda cızılır.
Ruslan Zəngəzur
Bakı 




