• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Zəngəzur dəhlizi regionda nəyi dəyişəcək? - AÇIQLAMA

SİYASƏT

23 Dekabr 2025 | 13:24

Zəngəzur dəhlizi regionda nəyi dəyişəcək? - AÇIQLAMA

“Etiraf etməliyik ki, ən təhlükəsiz və ən etibarlı nəqliyyat-yükdaşımaları Orta Dəhliz, o cümlədən Azərbaycan üzərindən həyata keçirilir”.

Bunu Bakıvaxtı.az-a Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi barədə danışan deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir nəqliyyat infrastrukturunun gücləndirilməsinə sərmayə yatırıb:

"Azərbaycan bu layihələri öz gücü və vəsaiti hesabına reallaşdırır. Orta Dəhlizin əsas komponenti olaraq, Azərbaycandan keçən və Türkiyəyə uzanan nəqliyyat yollarının şaxələndirilməsi maraq doğurur. Hazırda İran ərazisindən keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən avtomobil və dəmir yolu inşa olunur. Eyni zamanda Ermənistan sərhədi boyunca avtomobil və dəmir yollarının çəkilməsi demək olar ki, yekunlaşmaq üzrədir və 2026-cı ilin birinci yarısında tam başa çatacaq”.

Müsahibimiz qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasına maneçilik törədən amil Ermənistan ərazisində tikinti işlərinin başlanmamasıdır. Dediyinə görə, uzun mübahisələrdən sonra razılıq əldə olunaraq Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsinin tərkibindən çıxarıldı. İndi bu məsələ ayrıca komissiya tərəfindən icra olunur. Xüsusilə, Vaşinqton görüşlərindən sonra Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinə dair razılaşmanın əldə olunması bu istiqamətdə atılmış mühüm addımdır.

Naqif Həmzəyev: Ümid edirik ki, Ermənistan verdiyi vədlərə sadiq qalacaq

Parlament üzvü vurğulayıb ki, sülh prosesinə daha yaxın olduğumuz kimi, Zəngəzur dəhlizinin açılması da daha real görünür:

"Dəhlizin istifadəyə verilməsi ilə Azərbaycan üzərindən keçən yükdaşımaların həcmi ilkin mərhələdə 15 milyon ton olacaq. Daha sonra isə bu göstərici artacaq. Naxçıvandan Qarsa, oradan Qara dəniz, Aralıq dənizi və Avropaya qədər uzanan nəqliyyat marşrutları formalaşacaq. Ermənistan isə bu şəbəkə vasitəsi ilə Azərbaycan dəmir yolları vasitəsilə Rusiyaya, İrana, Orta Asiya ölkələrinə və Çinə çıxış əldə edəcək. Bu isə regional iqtisadi inkişafı stimullaşdıracaq və nəqliyyatda mümkün riskləri aradan qaldıracaq”.

“Bir sözlə, Azərbaycan Zəngəzur dəhlizinin həyata keçməsində israrlıdır və bu istiqamətdə üzərinə düşəni yerinə yetirir. Ümid edirik ki, Ermənistan da verdiyi vədlərə sadiq qalacaq və dəhlizin reallaşması mümkün olacaq", - deyə Naqif Həmzəyev vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR