“Bu çıxışı ilə Məsud Pezeşkian İran rejiminin mahiyyətini ortaya qoyub”.
Bunu İran prezidenti Məsud Pezeşkianın ölkə rəhbəri olsa da, isədiklərini edə bilmədiyi barədə etirafını Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Azər Qasımov deyib.
Onun sözlərinə görə, İran prezidenti bütün problemlərin daxildən qaynaqlandığını bəyan edib:
"Bu, təbii ki, siyasi sistemə, ali dini rəhbərliyə üsyandır. Pezeşkian hətta İsrail və ABŞ-də belə günah görməyib. Bu isə daha böyük etirafdır. İran rejiminin din üzərindən yalançı təbliğatının alt-üst edilməsidir. Pezeşkian bununla həm də daxildəki xalqlara, o cümlədən azərbaycanlılara öz doğma dillərində məktəb açılması, onların təzyiqlərə məruz qalmasının qarşısını alacağı sözünü versə də, buna hansı səbəbdən nail ola bilmədiyini vurğulayır. Bu isə artıq üzyana çağırış kimi səslənir".

Azər Qasımov: Pezeşkian İsrail və ABŞ-də günah görməməsi daha böyük etirafdır
Analitikə görə, Pezeşkian bununla prezidentlik institutunun da formal xarakter daşıdığını bəyan edib:
"Göründüyü kimi, Pezeşkianın etirafları İran rejiminə çox böyük siyasi və mənəvi zərbə vurub, rejimin dayaqlarını sarsıdıb. Bundan sonrası İranda yaşayan xalqların redaksiyasına bağlı olacaq”.
Müsahibimiz hesab edir ki, İran xalqı böyük ehtimalla bu etirafdan sonra ciddi şəkildə siyasi islahatlar tələb edərək rejimin buna getməsini istəyəcək. Onun fikrincə, əks halda böyük iğtişaşların olacağı qaçılmaz olacaq.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian maraqlı açıqlama ilə çıxış edib. O, ölkə rəhbəri olsa da, isədiklərini edə bilmədiyini etiraf edib. Bildirib ki, prezident olsa da, nəyinsə dəyişəcəyinə əsla inanmır:
"İnsanların məndən gözləntisi başa düşürəm ki, çoxdur, amma ki, məndə təəsüf ki, sehirli çubuq yoxdur. Reallıq isə başqadır, daha ağırdır".
Pezeşkian qeyd edib ki, xalqa verdiyi bir çox vədi yerinə yetirmək istəyir, lakin maneələrlə üzləşir:
"Bir çox işləri görmək istəyirəm. Amma buna bizdəki siyasi sistemin mahiyyəti imkan vermir. Ölkə artıq tam dalana dirənib, böhrandan çıxışın ideyaları da tükənib. Əgər qonşuların bir çoxu bizdən ehtiyat edirsə, deməli, oturub düşünmək lazımdır ki, bu niyə belədir".
İran prezidenti etiraf edib ki, ölkəsi əslində ciddi xaosun içərisindədir.
“Ölkədə elə bir böhran var ki, yalandan hər şey yaxşıdır demək olmur. Ölkədə elə bir idarəetmə problemi var ki, günahkar ABŞ, ya sionist rejim də demək mümkün deyil. Çünki, hər şeydən də əvvəl problem bizim içimizdədi, biz özümüzük”.
Aydın Baxış
Bakı 




