Almaniya rəhbərliyinin Berlini Avropanın əsas geosiyasi mərkəzinə çevirmək niyyəti Aİ daxilində güc balansının dəyişdiyini göstərir. Bu yanaşma Fransa-Almaniya tandemi daxilində yeni rəqabət elementləri yaradır.
Bəs, Almaniya Aİ-də liderlik rolunu tam ələ ala bilərmi? Kiçik Aİ ölkələri bu prosesə necə baxır?
Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a danışarkən bildirib ki, Rusiyanın qərb banklarında, o cümlədən Belçikada aktivlərinin saxlanması məsələsi artıq demək olar ki, Avropa İttifaqı daxilində yeni parçalanmanı qaçılmaz edib. Son günlər keçirilən sammitdə yeddi ölkə açıq şəkildə Rusiya aktivlərinin xərclənməsinə və onların hesabına Ukrayna müharibəsinin aparılmasına qəti şəkildə “yox” deyib:
“Buraya Bolqarıstan, Malta və digər ölkələr daxildir. Bu ölkələr deyir ki, qaydaları pozmaq olmaz, ikincisi, məsələlər konsensusla həll olunursa, buna razı deyilik.
Almaniya kansleri Mertz isə sammitə qədər öz qrafikini dəyişərək fəallıq göstərsə də, onun planı uğur qazanmır. Hətta Belçikanın baş naziri ilə görüşlərdə də Mertz istədiyini əldə edə bilməyib. Brüssel bu məsələyə dəstək vermir”.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsində də Nasist Almaniyasının aktivləri banklarda saxlanılıb, amma onlara toxunulmayıb. Çünki prezidentlər, kanslerlər dəyişir, amma dövlət qalır. Aktivlər artıq bir nəfərin yox, bütün xalqın puludur:
“Mertz daha çox fəallıq göstərir, amma onun planı baş tutmur, çünki bu, Avropanın sağlaşma ənənəsini gündəmə gətirir ki, bu da təhlükəli bir nüansdır. O Rusiyanı sıxışdırmaq istəyir, amma Fransa prezidenti Makron artıq Rusiyayla sövdələşməyə tərəfdar görünür. Bu da göstərir ki, Avropa İttifaqı vahid qüvvə kimi çıxış etmir”.
Tofiq Abbasov: Avropa İttifaqı vahid qüvvə kimi çıxış etmir
Politoloq bildirir ki, Milli hökumətlər artıq rəsmi Brüsseldə oturan strukturların, o cümlədən Avropa Komissiyası və Parlamentinin qərarlarından daha çox milli maraqlarını üstün tuturlar. Bu, blok daxilində parçalanma meyillərinin açıq görünməsinə səbəb olur. Avropa İttifaqının xarici siyasətində, qonşuluq siyasətində və tərəfdaş ölkələrlə münasibətlərində ciddi əyintilər müşahidə olunur.
Ekspert qeyd edir ki, Türk Dövlətləri Təşkilatının formalaşması, müşahidəçi kimi Macarıstanın iştirakı Brüsseli qorxudur:
“Mertz Avropa sağçılatının səsini kollektiv şəkildə ifadə etsə də, bu mövqeni bölüşənlərin sayı azdır. Mərkəzçi, sosial demokratlar və yaşlılar özlərini hakim qüvvə kimi göstərsələr də, real vəziyyətdə onların Avropa daxilində təsir gücləri azalır”.
Müsahibimizin fikrincə, Ukrayna müharibəsi də göstərdi ki, Avropaya tam etibar etmək olmaz. 2008-ci ildə Gürcüstanın başına gələnləri vurğulayan ekspert ölkənin tək qalması nəticəsində iki ərazisini itirdiyini xatırladıb:
“Kiçik Avropa ölkələri artıq başa düşürlər ki, Brüssel zəiflərin dərdinə səs vermək niyyətində deyil, öz maraqlarını üstün tutur.
Bütün bunlar göstərir ki, Avropa İttifaqı çox kövrək bir dövrdən keçir və gələcəyi heç də nikbin görünmür”.
Zeynəb Rzayeva
Bakı 




