• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

MDB-nin gələcəyi sual altındadır: Postsovet məkanında təhlükəsizlik arxitekturası dəyişir

SİYASƏT

22 Dekabr 2025 | 16:00

MDB-nin gələcəyi sual altındadır: Postsovet məkanında təhlükəsizlik arxitekturası dəyişir

21–22 dekabr tarixlərində MDB çərçivəsində keçirilən qeyri-formal sammit postsovet məkanında siyasi koordinasiyanın gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son illərdə geosiyasi qarşıdurmaların dərinləşməsi, regional münaqişələrin davam etməsi və iqtisadi əlaqələrin yeni formatlar üzrə qurulması fonunda MDB-nin funksional çəkisi və real təsir imkanları ciddi suallar doğurur. Bununla belə, sammitin gündəliyində regional təhlükəsizlik, nəqliyyat-logistika əlaqələri və iqtisadi əməkdaşlıq kimi mövzuların yer alması təşkilatın hələ də dialoq platforması kimi saxlanıldığını göstərir.

Eyni zamanda, Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və ikitərəfli mexanizmlərin güclənməsi MDB-nin rolunun zəifləyib-zəifləmədiyi, təhlükəsizlik gündəliyinin nə dərəcədə prioritet olduğu və təşkilatın postsovet məkanında koordinasiya mərkəzi kimi gələcəyinin olub-olmadığı suallarını ön plana çıxarır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, MDB keçmiş SSRİ-nin dağılmasından sonra formalaşdırılmış süni bir strukturdur. Onun sözlərinə görə, uzun illər bu qurum Rusiyanın maraqlarının həyata keçirilməsində əsas mexanizmlərdən biri kimi çıxış edib. Lakin zaman keçdikcə MDB-nin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə zəifləməyə başlayıb.

“Çünki MDB-yə üzv dövlətlərin bir çoxu artıq xarici siyasət kurslarını dəyişməyə başlayıblar. Hətta bəzi ölkələr Rusiyadan uzaqlaşaraq Qərblə daha sıx əməkdaşlıq modelləri axtarır və əksər hallarda buna nail olurlar. Hazırda Rusiyanın patronajlığı altında fəaliyyət göstərən qurumlar, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB ciddi böhran dövrünü yaşayır. Bu isə onu göstərir ki, Rusiyaya bağlı təhlükəsizlik sistemi artıq çökmək mərhələsinə daxil olub”.

Elçin Xalidbəyli: MDB ciddi böhran keçirir

Politoloqun fikrincə, Rusiyadan asılı vəziyyətdə olan dövlətlər Kremldən uzaqlaşaraq yeni təhlükəsizlik mexanizmlərinə qoşulmağa, özləri üçün alternativ təhlükəsizlik çətirləri formalaşdırmağa çalışırlar ki, bu da tamamilə təbii prosesdir. Onun sözlərinə görə, dövlətlər Rusiyaya olan etimadını itirib və artıq postsovet məkanı üçün Rusiya əsas təhlükə mənbələrindən biri kimi qəbul olunur.

“Bu səbəbdən əksər ölkələr, xüsusilə Orta Asiya və Cənubi Qafqaz dövlətləri, Rusiyaya bağlı təhlükəsizlik sistemindən kənarlaşaraq daha etibarlı və effektiv təhlükəsizlik mexanizmlərinə inteqrasiya etməyə üstünlük verirlər”.

Müsahibimiz vurğulayıb ki, bu kontekstdə MDB çərçivəsində keçirilən sözügedən sammitin də ciddi əhəmiyyət daşıdığı demək çətindir. Onun qənaətincə, böyük ehtimalla yaxın perspektivdə MDB tədricən funksionallığını itirərək tarixin arxivinə çevrilə bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR