Avropa Komissiyasının sədri Ursula fon der Leyenin “Avropa İttifaqı ABŞ-dən asılılığı azaltmalıdır” mesajı Brüsselin transatlantik münasibətlərdə daha müstəqil siyasi xətt formalaşdırmaq niyyətində olduğunu göstərir. Bu çağırış Aİ-nin “strateji muxtariyyət” hədəfinin nə dərəcədə real olduğu və hansı sahələrdə ABŞ-dən ayrışmanın mümkünlüyü suallarını gündəmə gətirir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, son aylarda Avropa İttifaqı ilə ABŞ arasında gərginlik artmaqdadır və bu prosesin kökləri Donald Trampın hakimiyyəti dövrünə gedib çıxır. Onun sözlərinə görə, ABŞ-nin militarizasiya konsepsiyası və imzalanmış sənədlərdə əks olunan yeni prioritetlər tərəflər arasında fikir ayrılıqlarını daha da dərinləşdirib.
Politoloq qeyd edib ki, xüsusilə son bir ayda Qrenlandiya ilə bağlı məsələlərdə Vaşinqton və Brüssel arasında ciddi qarşıdurma müşahidə olunur. ABŞ Prezidenti bu mövzuda kifayət qədər sərt mövqe nümayiş etdirir və Danimarkanın mövqeyini dəstəkləyən 8 ölkəyə qarşı 10 faiz gömrük tarifi tətbiq edib. Tariflərin 1 fevraldan qüvvəyə minəcəyi, vəziyyət gərginləşdiyi təqdirdə bəzi ölkələr üçün bu rüsumların 25 faizə qədər artırıla biləcəyi bildirilir. Aİ isə cavab addımı olaraq ABŞ-dən idxal olunan mallara eyni səviyyədə gömrük rüsumlarının tətbiqini nəzərdən keçirir.

Oqtay Qasımov: Təhlükəsizlik arxitekturasını formalaşdırması üçün ən azı 4–5 ilə ehtiyac var
Oqtay Qasımovun sözlərinə görə, ABŞ-dən asılılığın azaldılması Aİ üçün mürəkkəb prosesdir. Təxminən 80 il ərzində ABŞ Avropanın təhlükəsizliyini təmin edən əsas güc kimi çıxış edib. Hazırda Vaşinqtonun bu roldan qismən geri çəkilmək niyyəti Avropanı yeni təhlükəsizlik çağırışları ilə üz-üzə qoyur. Bundan əlavə, ittifaq daxilində də bəzi ölkə liderləri Aİ rəhbərliyinin siyasi kursu ilə razılaşmadıqlarını açıq şəkildə ifadə edirlər.
Ekspert hesab edir ki, Aİ-nin siyasi və strateji muxtariyyət əldə etməsi nəzəri olaraq mümkün olsa da, bu proses uzunmüddətlidir:
“Avropa maliyyə və iqtisadi gücə malik olsa da, siyasi və hərbi güc baxımından ABŞ-dən ayrışmaq hələlik real deyil. İttifaq enerji resursları üzrə də yüksək səviyyədə xarici asılılıqla üzləşir və öz təhlükəsizlik arxitekturasını formalaşdırması üçün ən azı 4–5 ilə ehtiyac var”.
Politoloq əlavə edib ki, Aİ ölkələrinin əksəriyyəti NATO üzvüdür və Alyansın əsas hərbi dayağı ABŞ-dir. Avropa müdafiə sənayesi də ABŞ-da istehsal olunan hərbi texnologiyalardan ciddi şəkildə asılıdır. Bu asılılığın aradan qaldırılması üçün Avropa ölkələri müdafiə sənayesini modernləşdirməli, yüksək texnologiyaları tətbiq etməli və uzunmüddətli strateji investisiyalar ayırmalıdır. Bu prosesin də ən azı 4–5 il tələb etdiyi vurğulanır.
Zeynəb Rzayeva
Bakı 



