“2020-ci ildə Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra əldə etdiyi üstün mövqeyə baxmayaraq, sülhün təmin olunması üçün fəal şəkildə təşəbbüslər göstərməyə başladı”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Azərbaycanın həyata keçirdiyi “sülhə məcburetmə” siyasəti nəticə verməyə başladı və 2024-cü ildən etibarən sülh prosesində mühüm irəliləyişlər əldə olundu:
“Ermənistan, xüsusilə 2023-cü ilin sentyabr hadisələrindən sonra bu reallıqları qəbul etməyə məcbur qaldı və anladı ki, sülhdən başqa alternativ yoxdur. 2025-ci il avqustun 8-də imzalanan Vaşinqton razılaşmaları bu istiqamətdə daha önəmli addım oldu. Sənəddə Azərbaycanın əsas tələblərindən biri olan ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ortaq müraciət yer aldı və qrup tamamilə ləğv edildi. Digər tərəfdən, Zəngəzur dəhlizinin, yəni “TRİİP layihəsi”nin həyata keçirilməsi ilə bağlı da Ermənistan və ABŞ arasında razılıq əldə olundu. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin inşası ilə bağlı işlərin 2026-cı ilin ikinci yarısında başlanacağı, prosesin 2028-ci ilə qədər tamamlanacağı bildirildi. Azərbaycanın digər əsas şərti isə Ermənistanən Konstitusiyada ərazi iddialarına son qoymasıdır. Mövcud erməni rəhbərliyi bu dəyişiklikləri parlament seçkilərindən sonra referendum yolu ilə həyata keçirməyi planlaşdırır”.
N.Həmzəyev vurğulayıb ki, bu kontekstdə Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələrin seçkilərdə qalib gəlməsi xüsusi əhəmiyyət daşıyır:
“Paşinyan hökuməti sülh öhdəliklərini qəbul edib və icrasına başlayıb. Əgər seçkilərdə Paşinyan qalib gəlməzsə, yeni rəhbərlik öhdəlikləri davam etdirmədiyi təqdirdə sülh prosesi uzana və risk altına düşə bilər".

Naqif Həmzəyev: Paşinyanın seçkilərdə qalib gəlməsi bölgə və beynəlxalq layihələrin davamlılığı üçün də zəruridir
Müsahibimiz deyir ki, Azərbaycan isə prosesə dəstək göstərir. Onun sözlərinə görə, artıq Ermənistan ərazisindən tranzit daşımalar başlayıb, neft məhsulları ticarət məqsədilə Ermənistana göndərilib:
"Bu addımlar Paşinyan hökumətinin siyasi mövqeyini gücləndirir. Lakin Paşinyanın əsas rəqibi sayılan və hazırda ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yenidən siyasi səhnəyə qayıtmağa çalışır. Onun arxasında revanşist dairələr və Rusiya ilə bağlı qüvvələr dayanır. Paşinyanın kilsə üzərində nəzarəti tam bərpa edə bilməməsi də bu qüvvələrin fəaliyyətinə şərait yaradır. Bu qüvvələr sülh prosesini və Zəngəzur dəhlizinin icrasını ləngitmək potensialına malikdir".
Deputat hesab edir ki, məhz buna görə də Paşinyanın seçkilərdə qalib gəlməsi yalnız Ermənistan üçün deyil, bölgə və beynəlxalq layihələrin davamlılığı üçün də zəruridir:
"Əgər bu baş verərsə, 2026-cı il bölgə üçün sülh ili kimi tarixə düşə bilər”.
Aydın Baxış
Bakı 



