Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatının liderlərindən biri olan Mehmet Göreni saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MİT məlumat yayıb.
Bildirilib ki, terrorçu Əfqanıstan-Pakistan sərhədində keçirilən xüsusi əməliyyat zamanı ələ keçirilib və Türkiyəyə gətirilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, “Yəhya” kod adı ilə tanınan Mehmet Gören İŞİD-in təlim düşərgələrində fəal iştirak edib və təşkilat daxilində “liderlik” pilləsinə qədər yüksəlib. O, daha əvvəl Türkiyədə saxlanılan “Əbu Yasir Əl Türki” kod adlı Özgür Altunla da sıx əlaqədə olub.
Məlumata görə, Gören terrorçu qruplaşma üzvlərinin Türkiyədən Əfqanıstan-Pakistan sərhədinə daşınmasında əsas logistik fiqurlardan biri hesab olunub.
Qeyd edək ki, MİT-in son əməliyyatı nəticəsində İŞİD-in region üzrə fəaliyyət planları ifşa edilib və bir sıra potensial terror aktlarının qarşısı əvvəlcədən alınıb.
Bakı 




