• Bakı C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Mediada informasiya azadlığı: Hüquqi məsuliyyətin sərhədləri

MEDİA

22 Dekabr 2025 | 15:32

Mediada informasiya azadlığı: Hüquqi məsuliyyətin sərhədləri

Rəqəmsal medianın sürətli inkişafı informasiya azadlığı ilə hüquqi məsuliyyət arasındakı tarazlığı daha da həssas edib.

Xəbərin saniyələr içində yayılması, sosial şəbəkələrin klassik mediadan geri qalmayan təsir gücü jurnalistikanın hüquqi çərçivələrini yenidən gündəmə gətirir. Bu gün media yalnız məlumat ötürən vasitə deyil, həm də cəmiyyətin hüquqi şüuruna təsir göstərən mühüm institutdur. Məhz bu baxımdan informasiyanın yayılmasında məsuliyyətin harada başladığı, məhkəmə mövzularının hansı çərçivədə işıqlandırılmalı olduğu, media sahəsində hüquqi maarifləndirmənin səviyyəsi və rəqəmsal dövrdə mövcud qanunvericiliyin adekvatlığı aktual müzakirə mövzularına çevrilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən jurnalist Qoşqar Bəylərov bildirib ki, hüquqi məsuliyyət informasiyanın ictimai maraq adı altında yayıldığı anda başlayır:

"Jurnalist üçün əsas meyar məlumatın doğruluğu, mənbənin etibarlılığı və yayımın mümkün hüquqi nəticələrinin qiymətləndirilməsidir. Şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin qorunması, günahsızlıq prezumpsiyası kimi prinsiplər informasiya azadlığının təbii sərhədləridir. “Hamı paylaşır” yanaşması hüquqi məsuliyyəti aradan qaldırmır - xüsusən rəqəmsal mediada hər paylaşım hüquqi nəticə doğura bilər. Jurnalistlərin məhkəmə mövzularını işıqlandırması hansı çərçivədə olmalıdır? Məhkəmə prosesləri ilə bağlı xəbərlərdə jurnalist neytrallıq və hüquqi terminologiyaya xüsusi diqqət göstərməlidir. Təqsirləndirilən şəxsi məhkəmə hökmü olmadan “cinayətkar” kimi təqdim etmək, istintaq sirrini açıqlamaq və ya prosesə emosional qiymət vermək həm etik, həm də hüquqi pozuntudur. Media məhkəmənin özünə çevrilməməli, prosesi izləyən və cəmiyyətə düzgün izah edən vasitəçi rolunda qalmalıdır. Media sahəsində hüquqi maarifləndirmə kifayət edirmi? Mövcud vəziyyət göstərir ki, kifayət deyil".

Qoşqar Bəylərov: Media qurumları daxilində hüquq məsləhətçilərinin rolu da gücləndirilməlidir

Onun sözlərinə görə, xüsusilə onlayn platformalarda çalışan jurnalistlər və kontent istehsalçıları media hüququ üzrə sistemli biliklərə malik olmadan fəaliyyət göstərirlər: 

"Hüquqi maarifləndirmə yalnız qanun mətnlərinin öyrədilməsi deyil, real praktik halların təhlili, presedentlərin izahı və risklərin düzgün dəyərləndirilməsi üzərində qurulmalıdır. Media qurumları daxilində hüquq məsləhətçilərinin rolu da gücləndirilməlidir. Rəqəmsal dövrdə mövcud media qanunvericiliyi yenilənməlidirmi? Bu məsələdə düşünürəm ki, mövcud vəziyyəti “tamamilə köhnəlmiş qanunvericilik” kimi qiymətləndirmək doğru olmaz. Çünki Media haqqında qanun yaxın dövrdə qəbul olunub və artıq rəqəmsal media mühitini, onlayn media subyektlərini, informasiya yayımının əsas prinsiplərini müəyyən mənada əhatə edir".

Qoşqar Bəylərov əlavə edib ki, bu gün rəqəmsal media yalnız ənənəvi, köhnə hüquqi mexanizmlərlə tənzimlənmir: 

"Lakin burada əsas boşluq sosial media platformaları və fərdi kontent istehsalçıları ilə bağlıdır. Sosial şəbəkələr klassik media subyekti deyil, eyni zamanda onların ictimai təsir gücü bəzən ənənəvi mediadan da yüksəkdir. Bu səbəbdən ayrıca sosial media ilə bağlı hüquqi çərçivənin hazırlanması müzakirə oluna bilər. Amma bu yanaşma senzura məqsədi daşımamalı, ifadə azadlığını məhdudlaşdırmamalıdır. Belə bir hüquqi mexanizmin əsas hədəfi dezinformasiya ilə mübarizə, ictimai təhlükəsizlik, şəxsi həyatın qorunması və platformaların məsuliyyətinin dəqiq müəyyənləşdirilməsi olmalıdır. Yəni söhbət məlumatın qarşısını almaqdan yox, onun məsuliyyətli şəkildə dövriyyəyə buraxılmasından gedir. Dövlət, media və platformalar arasında sağlam əməkdaşlıq modeli qurulmadan bu problem həll edilə bilməz".

Əli Hüseynov


SON XƏBƏRLƏR