Qış aylarında hava şəraitinin kəskin dəyişməsi və soyuqların artması ilə yanaşı, mövsümi xəstəliklərin yayılma riski də yüksəlir. Bu dövrdə xüsusilə immun sisteminin zəifləməsi bir çox insanı soyuqdəymə və virus infeksiyaları ilə üz-üzə qoyur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən mütəxəssis-ekspert, terapevt Zakir Quliyev bildirib ki, qış aylarında xəstələnməmək üçün gündəlik həyat tərzinə diqqət yetirmək çox önəmlidir. Soyuq havalarda bədənin müdafiə qabiliyyəti zəifləyə bildiyi üçün düzgün və balanslı qidalanmaq əsas şərtlərdən biridir:
“Təzə meyvə-tərəvəz, vitamin və minerallarla zəngin qidalar immuniteti gücləndirir və orqanizmi infeksiyalara qarşı daha dözümlü edir. Bununla yanaşı, kifayət qədər su və ilıq mayelər qəbul etmək bədənin normal fəaliyyətini qorumağa kömək edir, boğazın qurumasının və mikrobların çoxalmasının qarşısını alır”.
Mütəxəssisin sözlərinə görə, geyim seçimi də qışda sağlam qalmaq üçün vacibdir. Havanın temperaturuna uyğun, bədəni isti saxlayan, amma tərlətməyən paltarlar geyinmək lazımdır:
“Xüsusilə baş, boyun və ayaqların soyuqdan qorunması böyük əhəmiyyət daşıyır. Şəxsi gigiyenaya diqqət etmək, əlləri tez-tez yumaq və qapalı məkanları mütəmadi havalandırmaq virusların yayılma riskini azaldır”.

Zakir Quliyev: Qışda suyu çox içmək xəstəlik riskini azaldır
Müsahibimiz kifayət qədər yuxu almağın, stressdən uzaq durmağın və mümkün olduqca təmiz havada hərəkət etməyin immun sistemini gücləndirdiyini vurğulayıb:
“Qışda bu sadə vərdişlərə əməl etməklə xəstəliklərdən qorunmaq və sağlam qalmaq mümkündür”.
Zeynəb Rzayeva
Bakı 




