Həyatımızda texnologiya sahəsində yeni dövrün başlaması heç kəsə sirr deyil. Bu dövrdə insanların həyatı sözün əsl mənasında internetdən asılı bir vəziyyətdədir.
Artıq texnoloji avadanlıqlar və internetdən gündəlik istifadə həyatımızın ayrılmaz parçasına çevrilib. Bu isə o deməkdir ki, insanların gününün çox hissəsini sosial şəbəkələrdə keçirməsi də adiləşib. Lakin heç də bütün istifadəçilər sosial şəbəkələrdən yaxşı niyyət üçün etmirlər.
Xüsusən də son illər sosial şəbəkələrdə nifrət dili sürətlə yayılıb. İnsanlar heç çəkinmədən başqalarını təhqir edə və alçalda bilirlər.
Sosial şəbəkələrdə bu cür xoşagəlməz halların qarşısını almaq üçün hüquqi və etik çərçivə varmı? Sosial şəbəkədə başqasını təhqir edən insanı hansı cərimə və ya cəzalar gözləyə bilər?
Mövzu ilə bağlı hüquqşünas Ellada Bayramova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, internet və sosial şəbəkələr artıq sadəcə informasiya mübadiləsi vasitəsi deyil, eyni zamanda ictimai rəyin formalaşdığı, sosial münasibətlərin qurulduğu əsas platformalara çevrilib. Lakin bu geniş imkanlar fonunda yeni risklər də meydana çıxır. Onlardan ən təhlükəlilərindən biri sosial şəbəkələrdə nifrət dili, təhqir və alçaldıcı ifadələrin normallaşmasıdır:
"Bu gün sosial şəbəkələrdə anonimlik və məsuliyyətsizlik bir çox istifadəçiləri hüquqi və etik sərhədləri aşmağa sövq edir. İnsanlar real həyatda cəsarət etmədikləri davranışları virtual məkanda rahatlıqla nümayiş etdirir, başqalarının şərəf və ləyaqətini alçaldan ifadələrdən çəkinmirlər. Bu isə cəmiyyət daxilində gərginlik yaradır, sosial münasibətləri zədələyir və hüquqi müdaxiləni zəruri edir”.
Müsahibimiz bildirib ki, adətən sosial şəbəkələrdə nifrət dili və təhqir hallarına haqq qazandırmaq üçün "ifadə azadlığı" anlayışına istinad edilir. Halbuki həm beynəlxalq hüquqda, həm də Azərbaycan Respublikasının qanunvericiliyində ifadə azadlığı mütləq hüquq kimi tanınmır:
“Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi fikir və söz azadlığını təmin etsə də, eyni zamanda bu azadlığın başqa şəxslərin hüquq və azadlıqlarını, şərəf və ləyaqətini pozmamalı olduğunu açıq şəkildə qeyd edir. Deməli, sosial şəbəkədə yazılan hər fikir hüquqi toxunulmazlıq qazanmır. Şəxsin ləyaqətini alçaldan, təhqir və ya nifrət yayan ifadələr artıq ifadə azadlığı çərçivəsindən çıxaraq hüquqi məsuliyyət doğuran hərəkətə çevrilir".

Ellada Bayramova: Sosial şəbəkələrdə nifrət dili və təhqir hallarına haqq qazandırmaq üçün "ifadə azadlığı" anlayışına istinad edilir
Cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən birinin sosial şəbəkələrdə yazılanların "real həyat" hesab edilmədiyini vurğulayan E.Bayramova qeyd edib ki, virtual mühitdə törədilən hüquq pozuntuları real hüquqi məsuliyyət yaradır.
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılması hüquq pozuntusu hesab olunur. Sosial şəbəkədə yazılan təhqirəmiz status, şərh və ya paylaşım "məlumatın yayılması" anlayışına tam şəkildə daxildir. Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək təkzib, mənəvi zərərin ödənilməsi və paylaşımın silinməsi tələbi irəli sürə bilər. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsi təhqir və böhtan hallarına görə inzibati məsuliyyət nəzərdə tutur. Sosial şəbəkədə bir şəxsi açıq şəkildə alçaldan ifadələr işlədən istifadəçi cərimə və ya inzibati tənbehə məruz qala bilər. Sosial şəbəkələrdə başqasını təhqir etmək həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Belə ki, şəxsiyyətin ləyaqətini alçaldan söyüş və ya qeyri-etik ifadələr işlətməyin cəriməsi 1000 manatdan 1500 manatadəkdir. Bundan başqa, ictimai işlər 240 saatdan 480 saatadək, islah işləri 1 ilədək müddətə davam edə bilir. Həmçinin 6 ayadək müddətinə azadlıqdan məhrumetmə halı da mövcuddur", - deyə hüquqşünas əlavə edib.
Hüquqşünas onu da vurğulayıb ki, nifrət dili milli, irqi, dini və ya sosial mənsubiyyətə görə yönəldildikdə artıq cinayət məsuliyyəti gündəmə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi belə əməlləri cəmiyyət üçün təhlükəli hesab edir və azadlığın məhdudlaşdırılması da daxil olmaqla, ciddi sanksiyalar müəyyən edir.
Gülşən Şərif
Bakı 




