Müharibədən sonrakı dövrün qəhrəmanlarının artıq təkcə hərbçilər yox, həmçinin fəhlələr, layihə rəhbərləri və iş icraçılarıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.
Deputat vurğulayıb ki, indi hərbi taborları tikinti və inşaat batalyonları əvəzləyir. O qeyd edib ki, Prezident İlham Əliyev Qarabağda yalnız infrastruktur layihələri həyata keçirmir, eyni zamanda dünyaya qayıdış mesajı verir:
“Biz qayıtmışıq, özü də əbədi dönmüşük. Yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik”.
Zahid Oruc çıxışında bildirib ki, Azərbaycan liderləri Qafqazda zəif olduqda torpaq və sərvət itiriblər, lakin hazırda İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur. Deputat əlavə edib ki, Prezident İlham Əliyevə ünvanlanan təbriklərin dili artıq protokol xarakterli deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən beynəlxalq siyasi qiyməti əks etdirir.
“İşğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə sabitlik, regional əməkdaşlıq, enerji tərəfdaşlığı kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu. İndi isə eyni dünya liderləri onu yeni geosiyasi reallıqların memarı, qalib prezident, regional nizamın qurucusu və strateq kimi qəbul edirlər. Təbriklərin dili dəyişib, çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib”, – deputat vurğulayıb.
Zahid Oruc çıxışını yekunlaşdıraraq bildirib:
“Sabahın övladlarına işğal və soyqırımlar deyil, qalibiyyət miras edirik. Artıq başqa xalqların qələbələrinə həsədlə baxmırıq”.
Əli Hüseynov
Bakı 




