ABŞ-nin Suriyadakı uzunmüddətli hərbi mövcudluqda marağı yoxdur. Birləşmiş Ştatların əsas məqsədi İŞİD qalıqlarını məğlub etmək və Suriya milli birliyini dəstəkləməkdir.
SDQ ilə ABŞ tərəfdaşlığı taktiki xarakter daşıyıb və artıq əsasən tamamlanıb. Suriyanın mərkəzi hökuməti təhlükəsizlik məsuliyyətlərini öz üzərinə götürməyə hazırdır.
ABŞ-nin Suriyadakı rolunun azalması SDQ və region üçün hansı nəticələr doğura bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov deyib ki, dünyanın diqqəti İrana yönəldiyi zamanda son günlər Suriyada proseslər çox sürətlə inkişaf etməkdədir.
Ekspertin sözlərinə görə, Suriya hakimiyyəti PKK-nın Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatına qarşı həyata keçirdiyi uğurlu əməliyyatlarla onun nəzarətində olan ərazilərin böyük qismini geri almaqla ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində ciddi addımlar atır:
“SDQ-yə ikinci zərbə onun hamisi olan ABŞ-dən gəldi. Suriya prezidenti Əhməd Şaraa ilə Donald Tramp arasında keçirilən telefon danışığından sonra ABŞ bəyan etdi ki, SDQ ilə ortaqlığa son verir".
Həmsöhbətimiz deyib ki, Vaşinqton Suriyada tək güc olaraq Şaraanı qəbul edir və İŞİD-lə mübarizəni artıq Suriya özü aparacaq.

Oqtay Qasımov, politoloq
Onun sözlərinə görə, Hamisindən gələn bu açıqlama SDQ-nin mövcudluğunu risk altına salır:
"ABŞ olmadan İsrailin dəstəyi onlar üçün yetərli olmayacaq. İldırım sürətli proseslərdə Türkiyənin rolunun önəmini ayrıca qeyd etmək lazımdır".
Sonda müsahibimiz vurğulayıb ki, proseslər məntiqi sonluğa çatarsa, bu, Suriya dövlətinin bölünməsinin qarşısının alınması ilə bərabər Türkiyənin regional rolunun güclənməsinə də imkan verəcək.
Aydın Baxış
Bakı 



