• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi prioritetdir - Türkiyəli nazir

CƏMİYYƏT

23 Dekabr 2025 | 11:34

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi prioritetdir - Türkiyəli nazir

“Hazırda internet, sosial media ilə yanaşı, süni intellekt sistemlərinin də uşaqların həyatına birbaşa təsir göstərdiyi bir dövrdə yaşayırıq. Bu reallıq qoruyucu siyasətlərin gücləndirilməsini və sərhədlərarası rəqəmsal risklərə qarşı birgə fəaliyyət göstərməyi zəruri edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Bakıda keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, kimliyin asanlıqla gizlədilməsi, saxta hesablar, alqoritmlərin nəzarətsiz təsiri və dezinformasiyanın sürətlə yayılması uşaqların həssaslığını daha da artırır. Bu təhlükələr yalnız platformalarla bağlı məsələ deyil, ailəni, məktəbi, sosial mühiti, ədalət sistemini və texnologiya ekosistemini birbaşa əhatə edən ümumi uşaq təhlükəsizliyi problemidir.:

“Beynəlxalq sənədlər dövlətlərə uşaqların müdafiəsi ilə bağlı öhdəliklər müəyyən edir. Rəqəmsal mühit bu öhdəliklərin tətbiq sahəsini daha da genişləndirib. Bu səbəbdən qanunvericilik bazası mütəmadi yenilənməli, qoruyucu və qabaqlayıcı xidmətlər gücləndirilməlidir. Eyni zamanda texnologiya şirkətlərinin məsuliyyəti aydın şəkildə müəyyənləşdirilməli və effektiv nəzarət mexanizmləri qurulmalıdır”.

Mahinur Özdemir Göktaş bildirib ki,  bu istiqamətdə üç əsas prioritetə diqqət yetirilməlidir:

“Birincisi, qabaqlayıcı siyasətlərdir. Uşaqların rəqəmsal savadlılığı yalnız texniki bacarıq kimi deyil, məxfilik anlayışı, təhlükəsiz ünsiyyət, tənqidi düşünmə və risklərin dərk edilməsi ilə birlikdə formalaşdırılmalıdır. Bu prosesdə valideynlərin də rəqəmsal bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət daşıyır.

İkinci prioritet effektiv müdafiə mexanizmləridir. Zərərli məzmun sürətlə yayılır və dərin psixoloji təsirlər yarada bilər. Buna görə müraciət kanalları əlçatan olmalı, zərərçəkmişlərə dəstək xidmətləri fasiləsiz fəaliyyət göstərməlidir.

Üçüncü prioritet texnologiyanın düzgün idarə olunmasıdır”.

Dediyinə görə, süni intellekt məzmunun yayılmasını sürətləndirməklə yanaşı, zərərli kontentin aşkar edilməsi və qarşısının alınması üçün də imkanlar yaradır. Bu sahədə ümumi standartlar, şəffaflıq və hesabatlılıq olmadan etimadın formalaşması mümkün deyil. Platformalar uşaq təhlükəsizliyini dizayn mərhələsindən etibarən əsas prinsip kimi qəbul etməlidir.

Türkiyəli nazir qeyd edir ki, bundan əlavə, ölkəsində uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılması məqsədilə xüsusi müraciət platformaları fəaliyyət göstərir, sosial media üzrə işçi qruplar vasitəsilə zərərli məzmun 24/7 rejimində izlənilir və operativ müdaxilə edilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

22 Dekabr 2025