• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Həkimlər ödənişli əsaslarla hərbi xidmət edə bilər

SİYASƏT

23 Dekabr 2025 | 12:47

Həkimlər ödənişli əsaslarla hərbi xidmət edə bilər

Milli Məclisin plenar iclasında çıxış edən deputat Rəşad Mahmudov Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmət məsələsinə dair yeni təşəbbüs irəli sürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, deputat bildirib ki, hazırda tibb sahəsində yüksək ixtisaslı kadrların cəlb olunması və onların peşəkar inkişafı baxımından hərbi xidmətin mövcud forması müəyyən çətinliklər yaradır. O qeyd edib ki, tibb fakültəsi məzunlarının ənənəvi hərbi xidmətə çağırılması onların şəxsi karyera planlarına mane olur və ölkənin səhiyyə sisteminin davamlı fəaliyyətinə təsir göstərir.

Rəşad Mahmudovun sözlərinə görə, digər ölkələrin təcrübəsi bu sahədə daha səmərəli yanaşmalar təqdim edir. Xüsusilə Türkiyə, İsrail və Cənubi Koreya kimi ölkələrdə tibb sahəsində təhsil almış gənclərin hərbi xidmətləri ixtisaslarına uyğunlaşdırılmış, qısamüddətli və maaşlı formada təşkil olunur. Bu yanaşma həm dövlətin ehtiyaclarını daha effektiv şəkildə təmin edir, həm də gənclərin peşəkar bacarıqlarının inkişafına dəstək olur.

Deputat vurğulayıb ki, məqsəd tibb fakültəsi məzunlarına xüsusi güzəşt etmək deyil, əksinə, həm ordunun real tibbi xidmət qabiliyyətini artırmaq, həm də dövlətin ixtisaslı kadrlarını itirməməkdir. O əlavə edib ki, bu model tətbiq olunduqda, məzunlar həm hərbi xidmətlərini icra edəcək, həm də öz ixtisaslarına uyğun praktiki təcrübə qazanacaq, nəticədə ölkənin səhiyyə sisteminə və müdafiə imkanlarına mühüm töhfə verəcək.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanda belə bir yanaşmanın tətbiqi gənclərin motivasiyasını artıracaq, tibb sahəsində çalışan mütəxəssislərin ölkədə qalmasını təşviq edəcək və uzunmüddətli perspektivdə həm hərbi, həm də səhiyyə strukturlarının güclənməsinə xidmət edəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR