“Hər şey əsasən ailədən başlayır. Dövlət orqanları nə qədər müdafiə tədbirləri görsə, müxtəlif layihələr və təlim dəstəyi versə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Çünki valideynlər həm böyük yaş qruplarına təsir göstərir, həm də uşaqların rəqəmsal dünyadakı davranışlarının formalaşmasında həlledici rol oynayırlar”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Elmira Qasımova “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” mövzusunda keçirilən konfransın panel müzakirəsində səsləndirib.
Sektor müdirinin sözlərinə görə, ən təhlükəli və ciddi hücumlar manipulyasiya xarakterli hücumlardır. Çünki bütün riskli proseslər məhz manipulyasiyadan başlayır:
“Bu sahədə təkcə texniki biliklər kifayət etmir. Emosional dayanıqlıq və tənqidi düşünmə bacarıqları da olduqca vacibdir. Qarşımıza çıxan hər hansı vizual və ya məlumatın həqiqiliyini qiymətləndirmək, ona nə dərəcədə ciddi yanaşmalı olduğumuzu bilmək böyük əhəmiyyət daşıyır”.
Elmira Qasımova bildirib ki, Google Kids və YouTube Kids kimi platformalar mövcuddur və bu platformalarda zərərli məzmunun uşaqların qarşısına çıxmasının qarşısı alınır. Həmin platformalar bu istiqamətdə davamlı olaraq maarifləndirici məlumat və paylaşımlar təqdim edir.
“Biz də öz növbəmizdə bu təhlükələr barədə məktəbləri, valideynləri, şagirdləri və digər vətəndaşları məlumatlandırır, onlara dəstək göstəririk. Bu çərçivədə 78 məktəblə əməkdaşlıq edilib və ümumilikdə 42 minə yaxın məktəbli informasiya təhlükəsizliyi mövzusunda maarifləndirilib. İstər bu platformalar vasitəsilə, istərsə də digər kanallarla uşaqların qarşılaşa biləcəyi risk qruplarının və təhlükəli məzmunun qarşısını almağa çalışırıq”, – deyə o əlavə edib.
Zeynəb Rzayeva
Bakı 




