• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Xaricdə oxuyub, xaricdə qalanlar - Dr.Kəmalə Ələkbərova yazır
YAZARLAR
11 Fevral 2022 | 12:50

Xaricdə oxuyub, xaricdə qalanlar -Dr.Kəmalə Ələkbərova yazır

Dr.Kəmalə Ələkbərova

Müstəqilliyimizin ilk illərində mərhum prezidentlərimiz Əbülfəz Əlçibəy tərəfindən başladılan, Mərhum Ulu Öndər Heydər Əliyev tərəfindən davam etdirilən xaricdə təhsil proqramı daha sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilərək yenə də davam edilmişdi.  Və beləcə də 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına verilən fasilə, sonra yenidən 2019-2023-cü illər üçün təsdiqlənmişdir. 2007-ci il üçün proitet ixtisaslar biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb, turizm, iqtisadiyyat kimi sahələr idi.

Dövlət proqramında yazılanlara görə, ortamüddətli perspektivdə ölkənin əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrlarla təmin olunması probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə olunacaq, ölkənin elmi və elmi-pedaqoji potensialı güclənəcək, intellektual mülkiyyətinin ixrac potensialı artacaq, ölkədən kənarda təhsil alan mütəxəssislərin məlumat-informasiya bazası yaradılacaqdı.

Bütün yuxarıda yazılanlar çox gözəl səslənir. Bəs reallıq?! Hər zaman 90-cı illərdə xaricdə təhsil alanları “itirilmiş nəsil” hesab etmişəm. o illərdə xaricdə, əsasən də  Türkiyədə təhsil alanlar vətənə döndükdən sonra iş tapmaq üçün çox əziyyət çəkdilər. Burada magistr təhsili almaq üçün şəxsən BDU-nun müxtəlif məmurlarının bürokratiyası və riyakarlıqları ilə az qarşılaşmadım. Eyni illərdə məşhur bir texniki universitetdən məzun olmuş təyyarə mühəndisi dostumdan AZAL-da az maaşlı bir iş üçün böyük məbləğdə “şirinlik” istədikləri üçün tam fərqli bir sahədə iş tapdı, başqa bir magistr dərəcəsi belə oxumuş, olduqca savadlı sosioloq dostum hələ də alverlə ailəsini saxlamağa məcburdur. Xaricdə təhsil almış başqa bir tanışım isə bir çoxları kimi ümumiyyətlə, ölkədən küsüb getdi. Hərbi hava qüvvələri məktəbində oxuyan tanıdığım kursantlar polkovnikdən yuxarı rütbə ala bilmədən təqaüdə çıxdılar.

Bu siyahını daha çox uzatmaq olar. Türkiyə universitetlərindən məzun olanlara qarşı olan soyuq münasibətin son zamanlar - xüsusən də 44 günlük şərəf tariximizdən sonra dəyişməsi bu ölkədən məzun olmuş insanlar olaraq bizi sevindirir. Hesab edirəm ki, sayı on minlərlə olan, vətəninə və bayrağına sadiq Türkiyə məzunlarının nəhəng potensialı hər zaman dövlətinə və xalqına xidmət üçün hazırdır. 

Xaricdə təhsil alanlar arasında zənnimcə, elə indi də əsas yeri Türkiyədə təhsil alanlar tutur. Bəziləri imtahansız, attestatla təhsil almağa gedənlərə pis baxsalar da, mən buna müsbət yanaşıram. Çünki attestatla universitetə qəbul olunmaq, heç də həmin universitetin diplomunu almaq demək deyil. Sadəcə, bu, universitetlərin imtahandan keçməyən tələbələrin hesabına özünütəmin vasitəsidir.

Avropa və Amerikada təhsilə gəlincə, oraya gedib bəzən adını belə eşitmədiyimiz təhsil müəssisələrində 3-5 ay oxuyan insanların diplomlarını şəxsən görməyən insan kimi heç nə deyə bilmərik. Çünki Amerika və Avropada da universitet, kollec və ya məktəblərin heç də hamısında qəbul imtahanla deyil. Orada sadəcə dərslərdə dinləyici kimi iştirak etmək sertifikat almaq üçün kifayət edir.  

Amma necə olursa olsun, mən onları 40-50 yaşlarında ölkəmizdə artıq fəaliyyətinə son qoyulmuş  əndərabadi universitetlərin diplomlarını almış, sonra da ikinci ali təhsili hüquq olan müxtəlif kateqoriyalı məmurlardan çox-çox üstün tuturam. Amma yenə də son söz Təhsil Nazirliyinindir. Orada bütün diplomlar ədalətli şəkildə araşdırlımalıdır.     

İllər əvvəl İngiltərədə yaşayan bir dost mənə “Bilirsən sizin oliqarxların uşaqları burda nələr edirlər?” demişdi. Və mən cavab əvəzinə susmuşdum. Təbii ki, atalarının yuduqları pulları xərcləyən “ingilisdilli” harınlamışlar kasıbın gündüzlər oxuyub, gecələr işləyən balaları olmayacaqdı ki?! Təəssüf ki, ölkəmizdə “xaricdə təhsil almış şəxslər” deyəndə hamının ağlına ancaq ingilis dili bilgisi gəlir. Bir həftə Rusiyaya və ya Türkiyəyə gedənlərin bu dildə “bülbül” kimi danışdıqları kimi, xaricdə təhsil deyəndə ancaq xarici dil biliyi nəzərdə tutulmamalıdır. Mənim üçün mütəxəssislərlə Türkiyədə 1-2 aylıq kursa gedib özünü “uzman” elan edənlərlə eynidir.

Yeri gəlmişkən, Türkiyədə oxuyub buraya gəlmək istəməyən onlarla həkim də tanıyıram. Halbuki Türkiyədə məzun olanlar arasında iş sıxıntısı yaşamayanlar da əsasən həkimlərdir. 

2 fevral ölkəmizdə “Gənclər günü” olaraq irili-xırdalı silsilə tədbirlərlə qeyd edildi. Təbii ki, bu tədbirlərin ən böyüyü Prezident İlham Əliyevin gənclərlə görüşü oldu. O tədbirdə də ölkə rəhbərimiz gəncləri narahat edən, gənclər üçün əhəmiyyətli bir çox məsələlərə toxundu. Onlardan biri də xaricdə təhsil məsələsi oldu.

“İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar ucaldırlar. Amma, eyni zamanda, Azərbaycanda və xüsusilə Bakıda açılan yeni böyük müəssisələrdə və xidmət sektorundakı müəssisələrdə menecerlər, top menecerlər xaricilərdir. Bu, belədir. Mən demirəm ki, bu yaxşıdır, ya pisdir. Yenə deyirəm, Azərbaycan çox qonaqpərvər ölkədir, hər kəs üçün burada yer var və bunu alqışlayıram, onlar gəlirlər təcrübəni bölüşürlər. Amma, eyni zamanda, nə üçün xaricilərdir, çünki yerli kadrlar hələ ki, tam uyğun deyillər. Ona görə xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada həmin bu vakansiyalarda işləsinlər və Vətənə burada xeyir gətirsinlər”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Görüldüyü kimi bu məsələ cənab Prezidentimizin də şəxsən diqqət mərkəzindədir. Bunu bəzi məmurlar da bilsələr yaxşı olardı. Çünki ölkəmizdə “44 Günün Komandanı”nın sözündən üstün söz olmamalıdır! Onun tərəfindən təyin edilən məmurlar gənc mütəxəssisi cəlb etmək əvəzinə bezdirməməli, onlara savad və qabiliyyətlərini göstərmək üçün hər cür şərait yaratmalıdırlar. Ona görə də rəsmi və ya qeyri-rəsmi;

Xaricə təhsil almış (sabiq SSRİ ölkələri istisna olmaqla) məzunun bakalavr, magistr, doktorantura diplomu müvafiq qurumlar (Təhsil Nazirliyi, Ali Attestasiya Komissiyası) tərəfindən tanınmalı və təsdiq edilməlidir.

Xaricə təhsil almış (sabiq SSRİ ölkələri istisna olmaqla)  mütəxəssis mütləq şəkildə ixtisasına uyğun işlə təmin edilməlidir;

Xaricdə təhsil almış mütəxəssislər yerli  universitetlərə dərs deməyə dəvət edilməlidir. Təəssüf ki, yerli universitetlərin əksəriyyəti bu insanların elmi potensialından istifadə etmir. Xarici universitetlərdə saat hesabı dərs deməməli, dərhal ştata alınmalıdır;

Xaricdə təhsil yalnız ingilis dilində danışmaq deyil. Buna görə də onun dil bilməsindən çox, ixtisasını bilməsinə üstünlük verilməlidir.  

P.S. Xaricdə təhsil alması ilə öyünən Çexiyada magistr təhsili almış və ali məktəbə dəfələrlə ayaq gedib-gəlsə də saat hesabı belə dərs verilməyən tanışıma hər dəfə “Çox da sinənə döymə mənim orta məktəbi zorla bitirmiş saç ustam leksus sürür” deyəndə gözündə sönən işığın günahkarı kimdir?! 


SON XƏBƏRLƏR

04 Dekabr 2024