• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Yaxın Şərqdən Ukraynaya uzanan diplomatik siqnallar - ŞƏRH

SİYASƏT

09 Aprel 2026 | 10:18

Yaxın Şərqdən Ukraynaya uzanan diplomatik siqnallar - ŞƏRH

Son günlər beynəlxalq gündəmin əsas xətti diqqətçəkici bir paralellik üzərində qurulub. Yaxın Şərqdə İran və ABŞ arasında əldə olunan müvəqqəti atəşkəs, eyni vaxtda Ukrayna cəbhəsində səslənən diplomatik çağırışlarla üst-üstə düşür.

Bu təsadüfi uyğunluq deyil, əksinə qlobal güclərin hazırkı mərhələdə eskalasiyadan çox idarə olunan sabitlik modelinə üstünlük verdiyini göstərir. Volodimir Zelenskinin qarşılıqlı atəşkəsə hazır olduğunu bildirməsi, ABŞ rəsmilərinin isə danışıqlarda müəyyən irəliləyişdən danışması yeni mərhələnin başlanğıcına işarə edir.

Artıq müharibələrin yalnız hərbi deyil, siyasi nəticələrinin formalaşdırılması dövrü başlayır. Bu fonu və mümkün ssenariləri Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Ruslan Zəngəzur bildirib ki, Ukraynanın reaksiyası emosional yox, çox hesablanmış olacaq. Onun sözlərinə görə, Kiyev üçün əsas məsələ atəşkəsin balanslı və qarşılıqlı olmasıdır:

“Əgər Rusiya real şəkildə hücumları dayandırarsa, Ukrayna da eyni addımı atacaq, amma bu, tam etimad anlamına gəlməyəcək. Onlar bunu daha çox taktiki fasilə kimi qiymətləndirəcəklər”.

Siyasi şərhşi hesab edir ki, bu fasilə həm ordunun yenidən təşkilinə, həm də diplomatik mövqelərin gücləndirilməsinə xidmət edəcək. Ukrayna eyni zamanda beynəlxalq ictimaiyyətə göstərmək istəyəcək ki, sülhə açıq tərəfdir. Amma bu addım heç bir halda strateji məqsədlərdən imtina kimi təqdim olunmayacaq.

Vensin danışıqların ərazi məsələləri üzərində cəmlənməsi barədə fikrinə gəlincə, müsahibimiz bildirib ki, bu açıqlama danışıqların artıq daha konkret fazaya keçdiyini göstərir. Əvvəlki mərhələdə tərəflər daha çox ümumi siyasi bəyanatlarla kifayətlənirdi. İndi isə real müzakirə mövzusu formalaşıb və bu, ərazilərdir. Ərazi məsələsi həm ən həssas, həm də ən həlledici başlıqdır:

“Bu o deməkdir ki, tərəflər artıq maksimum tələblərdən geri çəkilməyə məcbur qalırlar. Eyni zamanda bu, müəyyən kompromis axtarışının başladığını göstərir. Amma bu mərhələ həm də ən riskli mərhələdir, çünki razılaşma əldə olunmasa, münaqişə daha sərt formada geri qayıda bilər”.

“İran və ABŞ arasında atəşkəs Ukrayna münaqişəsinə necə təsir edə bilər” sualın cavablandıran R.Zəngəzura görə, bu atəşkəs birbaşa yox, dolayı təsir yaradır. Əsas mesaj ondan ibarətdir ki, ən gərgin qarşıdurmalar belə müəyyən nöqtədə dayandırıla bilir. Bu, Ukrayna cəbhəsində də diplomatik həllin mümkünlüyü barədə siqnal verir.

Həmsöhbətimiz qeyd edib ki, ABŞ-nin eyni anda bir neçə böhranı idarə etməyə çalışması da diqqət çəkir. Vaşinqton üçün indi prioritet genişmiqyaslı eskalasiyanın qarşısını almaqdır. Bu isə Ukrayna məsələsində daha çox diplomatik aktivlik deməkdir:

“Digər tərəfdən, İranla əldə olunan razılaşma ABŞ-nin resurslarını qismən rahatladır. Bu da Ukrayna istiqamətində daha sistemli vasitəçilik imkanları yaradır”.

R.Zəngəzur hesab edir ki, hazırkı mərhələni tam sülh prosesi adlandırmaq tezdir. Daha çox nəzarət olunan fasilə və ya keçid mərhələsi kimi qiymətləndirmək olar:

“Tərəflər hələ də bir-birinə tam etibar etmir və hərbi hazırlıq davam edir. Sadəcə olaraq, siyasi və diplomatik kanallar aktivləşir. Bu isə münaqişənin yeni formatda davam etməsi deməkdir. Əgər bu mərhələ düzgün idarə olunarsa, sülhə keçid üçün zəmin yarana bilər. Amma əks halda bu fasilə növbəti daha sərt qarşıdurmanın başlanğıcı da ola bilər. Burada əsas rol yenə də böyük güclərin qərarlarından asılı olacaq”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

08 Aprel 2026