“Ermənistan Qarabağ yükünü üzərindən atmaq istəyir, amma bunu Azərbaycanın ərazi bütüvlüyünü tanımaqla deyil də, bölgəni Rusiyaya yükləməklə etməyə çalışır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Ekspert qeyd edib ki, dünən qondarma “Arsax”ın “təhlükəsizlik şurası”nın 6 bənddən ibarət bəyanatında bəyanatında qələmin Kreml tərəfindən tutulduğu aydın görünür: "Son 2 ildə dəfələrlə ictimai çıxışlarımda xəbərdarlıq etmişdim ki, sonda Xankəndi məsələsi Rusiya ilə münasibətləri dalana dirəyəcək, əgər Moskva Ukraynada uğur qazana bilsə (Allah eləməmiş), o zaman eyni ssenarini (referendumla öz ərazisinə qatmaq, Kalininqrad kimi eksklav şəklində) Qarabağda da təkrarlaya bilər. Son zamanlar yayılan videotəxribatların, Ermənistanla sərhəddə qonşu dövlətin müxtəlif maraq qruplarının törətdiyi təxribatlarının yeganə məqsədi Brüsselin moderatorluğunda davam edən sülh prosesini baltalamaq, yenidən bütün iplərin Kremlin əlinə keçməsinə şərait yaratmaqdır”.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin atmalı olduğu addımların ardıcıllığı belə olmalıdır:
“1) Sülh danışıqlarını bacardıqca intensivləşdirmək, il sonuna qədər çərçivə anlaşmasının imzalanmasına nail olmaq, 2) Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (vətəndaşların) Azərbaycana inteqrasiyasının yol xəritəsini elan etmək – bura Xankəndi və ətrafındakı yaşayış məntəqələrində seçkili terli orqanların da olacağına zəmanət vermək, 3) Moskvaya son xəbərdarlıq edərək oktyabr ayının sonuna qədər “rusməramlıların” nəzarətində olan bölgələrdə onlardan başqa əlində silah olan kimsənin qalmamasını tələb etmək, əgər tələb yerinə yetirilməsə öz qanuni ərazilərimizdə “rusməramlılardan” başqa əlində silah olan hər kəsi terrorost, zərərsizləşdirmək üçün qanuni hədəf elan edərək anti-terror əməliyyatlarına başlamaq, 4) Əgər “rusməramlılar” bu əməliyyatlara mane olsalar, Milli Məclisin geniş tərkibli iclasını elan etmək, deputatlardan başqa bütün əsas siyasi qüvvələrin iştirakı ilə müzakirələr apararaq “rusməramlıların” ərazimizdəki fəaliyyətini qeyri-qanuni elan etməklə onların məmləkətdən çıxması ümün 48 saat vaxt vermək, 5) Anti-terror əməliyyatlarından sonra Xənkəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların icma nümayəndələri (məhz icamalar formatında) ölkənin Daxili İşlər Nazirliyi və digər daxili məsələlərlə məşğul qurumları görüşə, inteqrasiya məsələlərini müzakirə edə bilərlər”.
N.Cəfərliyə görə, “Arsax”ın son sarsaq bəyanatı daha çox Ermənistana ünvanlansa da, bizim üçün də təhlükəli məqamları çoxdur: "Dünyanın indiki qarışıq zamanında hələ də 1 noyabr 2020-ci ildə (44 günlük müharibənin bitməsinə 9 gün qalmışdı) yazdığım fikirdə qalıram - indiki durmanda bizim də öz “Çanaqqalamız” olacaq, buna ciddi hazırlaşmalıyıq...”.
Nuranə Daxilqızı















