Son günlər Rusiya Müdafiə Nazirliyi Azərbaycan toponimlərini təhrif edərək, yaşayış məntəqələrimizi sovetdən qalma adlarla yazır. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi Rysiya MN-ə bir neçə dəfə etirazını bildirib.
Məsələyə münasibət bildiriən Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bütün toponimləri dəstəklədiklərini deyərək, Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazdıqlarını vurğulayıb:
"Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq. Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim generalştabın xəritələrində isə adlar sovet dövründən qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə elə də yazırıq".
Volkov qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin onlara göndərildiyi kimi yazılır: "Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm".
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a bildirib ki, toponimlərin Azərbaycan dilində yazılması heç də əsas problem deyil. Onun fikrincə, ümumiyyətlə, artıq rus sülhməramlılarının fəaliyyətində ciddi dəyişiklik etməyin zamanıdır:
"Azərbaycan məhz bu məsələdə israrlı olmalıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq, sülhməramlılar bu və ya digər ölkəyə dəvət olunandan sonra dəvət edən dövlətin suveren hüquqlarını mənimsəyə bilməzlər. Onların tək funksiyası təhlükəsizliyi təmin eləməkdir".
Eks-nazir qeyd edib ki, sərhəd, gömrük və s. funskiyalar sülhməramlıların işi deyil.
"Sülhməramlıların rəhbərliyi Bakıya dəvət olunmalı və onlarla işçi danışıqlar aparılmalıdır. Bu məsələdə köklü dəyişiklik olunmalıdır”, - deyə Tofiq Zülfüqarov vurğulayıb.
Nuranə Daxilqızı



jpg-1672827666.webp)











